ABŞ-ın "WeWork Inc." şirkəti təqribən 19 milyard dollar borcu ilə müflis elan edilib.
FED.az xəbər verir ki, birgə iş yerləri (ofislər) təklif edən şirkət pandemiya dövründən sonra itkilərini bərpa etməyə çalışırdı. Mövcud vəziyyət göstərib ki, şirkət bu müddət ərzində vurduğu ziyanı bərpa edə bilməyib.
Nyu-Yorkda yerləşən şirkət yaydğı açıqlamada təminatlı istiqrazlarının təxminən 92%-ni təşkil edən kreditorlarla restrukturizasiya razılaşması əldə etdiyini və ofis sahəsinin icarə portfelini yenidən nəzərdən keçirəcəyini bildirib.
İflas ərizəsində şirkətin aktivlərinin 15 milyard dollar məbləğində olduğu bildirilib.
Pandemiya iş vərdişlərini dəyişdiyindən ortaq ofis sahəsi təklif edən şirkətlər ciddi zərər ilə üzləşiblər. "Knotel Inc." və "IWG Plc"nin törəmə şirkətləri müvafiq olaraq 2021 və 2020-ci illərdə müflis olmaq müçün müraciət ediblər.
"WeWork" 2023-cü ilin əvvəlində borcun restrukturizasiyası ilə bağlı hərtərəfli razılaşma əldə etsə də, tezliklə yenidən problemə düşüb.
Avqust ayında şirkət, fəaliyyətini davam etdirmək qabiliyyətinə dair "əhəmiyyətli şübhələrin" olduğunu açıqlamışdı.
30 iyun 2023-cü il tarixinə olan məlumata görə WeWork-in 39 ölkədə 777 ofis yeri var. Şirkətin doluluq nisbəti 2019-cu il səviyyəsinə yaxınlaşsa da, gəlirsiz olaraq qalıb. (Marja)