Banklar sahibkarların etibarlı tərəfdaşı olmalıdır.
FED.az xəbər verir ki, Kapital Bankın Kiçik və Orta Sahibkarlarla İş Departamentinin meneceri Vüsal Axundzadə Milli Brendlərin Pərakəndə Zirvəsində çıxışı zamanı bildirib ki, bu gün istehlakçılar daha çevik və operativ həllər tələb edir və banklar bu çağırışlara innovativ texnoloji yeniliklərlə cavab verməlidirlər.
O qeyd edib ki, sahibkarlar üçün adaptasiya olmaq çox vacibdir və banklar artıq yalnız kredit verən qurum kimi deyil, etibarlı tərəfdaş, riski bölüşən və sahibkarları uğura aparan müttəfiq kimi fəaliyyət göstərir. “Biz sahibkara müştəri kimi yox, ona necə dəstək ola biləcəyimiz və qazancını necə artıra biləcəyimiz baxımından yanaşırıq,” – deyə Vüsal Axundzadə vurğulayıb.
Menecer əlavə edib ki, bankların əsas məqsədi sahibkarların biznes strukturunu düzgün analiz edərək, onlara uğur gətirəcək məhsulları təqdim etməkdir. Kapital Bank sahibkarlara kredit məsələsində KOB İnkişaf Fondu, İpoteka və Kreditə Zəmanət Fondu ilə əməkdaşlıq çərçivəsində əlverişli kredit məhsulları təklif edir. Uyğun olmadığı halda isə digər bank məhsulları da təqdim olunur.
“Bizim üçün sahibkarla qurulan münasibətdə ən önəmli amil etimaddır. Bank sektorunda innovasiyalar və təhlükəsizlik tədbirləri bu etimadı daha da möhkəmləndirir,” – deyə o əlavə edib.
Vüsal Axundzadə qeyd edib ki, banklar artıq məsələlərə sahibkarların gözü ilə baxmağa başlayıblar və bu yanaşma biznesin inkişafında vacib rol oynayır.