2021-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 20 şirkət qeydiyyata alınıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10 şirkət çoxdur.
Eləcə də bax: Azərbaycan və Türkiyənin əməkdaşlığına dair daha bir - Saziş Qüvvəyə Minib
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət və Sənaye Palatası (TOBB) məlumat yayıb.
Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan şirkətlərinin məcmu kapitalı 2,86 milyon türk lirəsi olduğu halda, 2020-ci ilin eyni dövründə bu rəqəm 1,459 milyon türk lirəsi təşkil edib.
2021-ci ilin yanvar ayında Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (17) qeydiyyata alınıb. Bu şirkətlərin ümumi kapitalı 2,51 milyon türk lirəsi təşkil edib.
Ötən ay Türkiyədə Azərbaycan kapitalı ilə 1 sənaye, 1 tikinti, 1 maliyyə-sığorta, 5 topdan və pərakəndə ticarət, 5 daşınmaz əmlak satışı şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər iqtisadiyyatın digər sahələrində iştirak edir.
Qeyd edək ki, 2020-ci ildə Türkiyədə Azərbaycan kapitalı ilə 184 şirkət qeydiyyata alınmışdı. (Trend)