“Səba” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri dəyişdirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, səhmdarların qərarı ilə Faiq Hüseynov Hümbət oğlu İdarə Heyətinin sədri təyin edilib.
O, bu vəzifədə 2021-ci ilin aprelindən 2023-cü ilin mayına qədər Naib Abayev Qəhrəman oğlu idi. N.Abayev bildiyimiz kimi digər qida şirkəti “SAB”a (Zəhmət-Ruzi” MMC-yə) baş icraçı direktorun müavini kimi gedib.
Faiq Hüseynov vəzifəsinin icrasına 2023-cü ilin mayından başlayır. O, 2022-ci ilin noyabrından “Səba”nın İdarə Heyətinin üzvü və baş maliyyə inzibatçısı idi. 2021-ci ildə “Səba”nın komandasına qoşulub.
Buna qədər “Deloitte Azerbaijan” audit şirkətində və idman yarışları üzrə əməliyyat şirkətlərində çalışıb.
Xatırladaq ki, “Səba” ASC 1997-ci ilin dekabrında təsis edilib. Şirkətin nizamnamə kapitalı son hesablamalara görə, 4 790 592 manat təşkil edir. Cəmiyyətin səhmlərinin 37.3%-i Hidayət Quliyevə, yenə də 37.3%-i “Baku Investment Company” MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus “Azərbaycan İnvestisiya Şirkəti” ASC-yə, 0.4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.
Aqrar şirkətin kurasiyasına “Biləsuvar Aqro” MMC, “Qarabağ Taxıl” MMC və “Qarabağ Toxum” MMC də daxildir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.