Rusiyanın "Ozon" onlayn pərakəndə satış mağazası Azərbaycanda satışa başladığını açıqlayıb.
FED.az xəər verir ki, şirkətin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan "Ozon"un biznesini inkişaf etdirdiyi altıncı MDB ölkəsi olub.
"Ozon" Azərbaycanda satışa başlayıb. Respublika sakinləri elektronikadan tutmuş gözəllik və sağlamlıq məhsullarına qədər bazardan 30 milyondan çox məhsul ala bilərlər", - deyə şirkətdən bildiriblər. İstifadəçilər "Ozon"da verdikləri sifarişlərini tərəfdaşların çatdırılma məntəqələrindən ala bilərlər.
Mətbuat xidməti qeyd edib ki, yaxın gələcəkdə Azərbaycanda sifariş üçün mövcud olan malların çeşidi 10 dəfədən çox genişləndiriləcək. Bundan əlavə, "Ozon" ölkədə logistika infrastrukturunu - anbar komplekslərini, özünün çatdırılma xidmətini və françayzinq çərçivəsində sifarişlərin qəbulu və verilməsi üçün brend məntəqələr şəbəkəsini inkişaf etdirməyi planlaşdırır.
Gələcəkdə şirkət həmçinin yerli sahibkarları platformada satışa cəlb etməyi və Azərbaycandan Rusiya və digər MDB ölkələrinə mal axınını həyata keçirməyi planlaşdırır.
"Ozon" şirkətinin MDB-də Əməliyyatlar və İnkişaf üzrə direktoru Aleksey Sapon qeyd edib ki, Azərbaycan elektron ticarətin artım templərinə görə ən dinamik inkişaf edən ölkələr sırasındadır. "Biz əminik ki, bazarımız gələcəkdə yerli sahibkarların inkişafı üçün platformaya çevriləcək" deyə A.Sapon bildirib.
Rusiya şirkəti "Ozon" MDB məkanında biznesini 2021-ci ildən inkişaf etdirir. Hal-hazırda şirkət Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda biznes və logistika infrastrukturuna malikdir.
Bazarın Belarusda öz logistik şirkəti, Qırğızıstanda çeşidləmə kompleksi və Qazaxıstanda saxlama və yığma mərkəzləri var.
2022-ci ildə Ozon Türkiyədə nümayəndəliklərini və Çində ofisini açıb.