Azərbaycanda nağdsız hesablaşmalar sahəsində fəaliyə göstərən «QoldenPey» şirkəti (hesab.az ödəniş sisteminin sahibidir ) zərərlə işləməyə başlayıb.
FED.az xəbər verir ki, 2017-ci ildə 152 min 553 manat mənfəət əldə edən «QoldenPey» 2018-ci ili 33 min 911 manat zərərlə başa vurub.
Eləcə də bax: “Amrah Sığorta” zərərdən - MƏNFƏƏTƏ KEÇİB - HESABAT
2018-ci ildə şirkətin gəlirləri 3 milyon 57 min manat olub. Bu 2017-ci illə müqayisədə 600 min manat artıqdır.
Eyni zamanda şirkətin xərcləri də artıb. Belə ki, xidmətlərin maya dəyəri 1 milyon 580,5 min manat (2017-dən 304 min manat artıq), inzibati xərclər isə 1 milyon 279,6 min manat (2017-dən 314 mirn manat artıq) təşkil edib.
Nəticədə şirkətin əməliyyat gəlirləri 2017-ci illə müqayisədə 13,6 min manat və ya 6,4% azalaraq 2018-ci ildə 197 min manat olub.
2018-ci ilin nəticələrinə görə, ASC-nin aktivləri 2017-ci illə müqayisədə 25,3% artaraq 1 milyon 682 min manat olub. Cəmi kapitalı isə 2,9 dəfə azalaraq 18 min 229 manat olub.
Əvəzində «QoldenPey»in cəmi öhdəlikləri 2017-ci illə müqayisədə ötən il 28,9% artaraq 1 mln 663 min 826 manat təşkil edib.
Qeyd edək ki, «QoldenPey» şirkəti 571 min manat kapitalla yaradılıb. Amma ötən dövr ərzində şirkət ümumilikdə 558 min manatlıq zərər etdiyinə görə, kapitalı 18,2 min manata düşüb.