İqtisadi biliklər və maliyyə savadlılığı nədən ibarətdir?
Doğrudanmı, hər kəs iqtisadi biliklərə və maliyyə savadlılığına malik olmalıdır?
Onların hansı daha vacibdir?
Eləcə də bax: İqtisadçı Zəngəzurun Azərbaycana təzminat əvəzində verilməsini - Mümkün Sayır
FED.az biznes portalı iqtisadçı Elman Sadıqovun müsahibəsini təqdim edir:
- Elman müəllim, ölkə əhalisinin iqtisadi biliklərini necə qiymətləndirərdiniz?
-Düşünürəm ki, əhalinin çox hissəsinin qarışıq saldığı iki fərqli məsələ var. İqtisadi biliklər və maliyyə savadlılığı. Hər kəsin iqtisadi biliyinin olması vacib deyil, mümkün də deyil. Amma hər birimizin mövqe, sosial status və vəzifəmizə uyğun olaraq maliyyə savadlılığına malik olmamız vacibdir. Maliyyə savadlılığı ilə bağlı çox danışılıb, amma yanaşmalar primitiv olub. Maliyyə savadlılığı bir müqavilə oxumaqla şərtlənmir. Geniş məfhumdur. Əslində maliyyə savadlılığı nədir? Maliyyə savadlılığı büdcə, qənaət, borcalma və investisiya ilə bağlı mövcud iqtisadi şəraiti nəzərə alaraq qərarvermə qabiliyyətidir. Yəni, sahibkar üçün maliyyə savadlılığı ilə bağlı tələb başqadır, evdar qadın üçün başqa, məvacib qarşılığında çalışanlar üçün başqa. Maliyyə savadlılığı üçün tələb olunan iqtisadi biliklər isə şəxsin mövqe və statusundan, yəni tələb olunan maliyyə savadlılığı dərəcəsindən asılıdır. Deməli, iqtisadi biliklər, maliyyə savadlılığı və sosial mövqe, vəzifə arasında düz mütənasiblik var. Biri-birlərindən asılıdır. Amma, mahiyyət eynidir. Maliyyə savadlılığı hər kəsə lazımdır.
-Önəmli məsələyə toxundunuz. İqtisadi biliklər və maliyyə savadlılığı. Necə fərqləndirək?
-Geniş oxucu kütləsini və məsələnin hər bir fərdə aidiyyatını nəzərə alaraq maksimum sadə dillə fikrimi izah etməyə çalışacağam. Qeyd etdik ki, maliyyə savadlılığı hamıya, evdar qadına, tələbəyə, təqaüdçüyə, sahibkara lazımdır. Amma, hər bir kəsə öz mövqeyinə görə. İqtisadi biliklər isə daha geniş məfhumdur. Maliyyə savadlılığı üçün lazımi biliklərin səviyyəsi şəxsin mövqeyindən asılıdır. Yəni, sahibkar olduğu sektorun vəziyyətini, dünyada əmtəələrin qiymətini, birjaları, kross valyuta kurslarını, ÜDM-ni nəzərə almalıdır. Amma evdar qadına bunlar lazım deyil. Evdar qadın ailənin gəlirlərini bölüşdürmək, nələri almaq, nə qədər qənaət etmək, nə qədər borclana bilmək kimi məsələləri nəzərə almalıdır. Maliyyə savadlılığı təbliğ və tədris olunarkən bunlar mütləq nəzərə alınmalıdır. İnsanlara təlim, təbliğat onların bilik səviyyələri nəzərə alınaraq verilməlidir. Sahibkara primitiv yanaşmaların, evdar qadına isə hesabat formalarının mürəkkəb terminlərlə izahların heç bir faydası olmayacaq.
-Sizcə, maliyyə savadlılığı insanların həyatında nələri dəyişə bilir?
-Həyatımıza birbaşa təsir edən əsas amillərdən bəlkə də birincisi maliyyə savadlılığıdır. Cəmiyyətdə evdar qadın da, məvaciblə çalışan şəxs də, sahibkar da büdcə, qənaət, borcalma, investisiya ilə bağlı qərarlar qəbul edirlər. Bunlar hər birimizin həyatda qarşılaşdığı məsələdir. Düzgün verilən qərar bizim maliyyə vəziyyətimizə müsbət, yanlış verilən qərar isə iflasa qədər gətirəcək bir nəticəyə çevrilir. Müdriklər nahaq yerə demirlər ki, qazanmaq çətindir, amma xərcləmək ondan da çətindir. Görürsünüz, maliyyə savadlılığının tərifini, mahiyyətini bilməyən atalarımız əslində bir cümlə ilə maliyyə savadlılığını necə gözəl izah ediblər. İnsanların həyatına təsirinə gəlincə. Nə qədər insanlar öz gəlirlərinə uyğun əmlak, əşya almadıqlarına, mövcud iqtisadi şəraitlərini, perspektivlərini düzgün qiymətləndirmədiklərinə, hesablamalardan daha çox hisslərinə (mən bunu istəyirəm) üstünlük verdiklərinə görə əmlaklarını, işlərini, ailələrini, hətta intihara qədər gedərək həyatlarını itiriblər. Marketinq hiylələri, lüzumsuz istehlak üçün insanlara şüuraltı təsirlər, insanların bir çox məsələlərdən xəbərsiz olması xoşagəlməz mənzərələrin yaranması ilə nəticələnir.
-Nəticə etibarilə maliyyə savadlılığı ölkələrdə əhalinin güzəranına birbaşa təsir edən amildir. Doğrumu?
- Əlbəttə. Cəmiyyətin rifahı nə qədər yüksək olarsa, dövlət də o qədər güclü olar. Bütün dövlətlərin məqsədi cəmiyyətin rifahını artırmaqdır. Cəmiyyətin rifahı nədir? Cəmiyyətdəki ayrı-ayrı fərdlərin rifahının cəmi. Rifah isə qazanc və xərc arasındakı nisbətdən asılıdır. Burada bir haşiyəyə çıxım ki, qazancın özü də başqa bir geniş mövzudur. Hazırki mövzumuz isə maliyyə savadlılığı, qərarvermə məsələləri olduğundan bu mövzuya fokuslanırıq. Deməli, ayrı-ayrı fərdlər lüzumsuz istehlaka meyl etdikdə cəmiyyətdə mənfi tendensiya, dəb yaranır. Hamı lüzumsuz istehlak tələsinə düşür. Lüzumsuz istehlak isə konkret olaraq bizim cəmiyyət üçün nə deməkdir? Xaricə kapital axını, lüzumsuz borclanma, xərclərin düzgün istiqamətə getməməsi. Bu sual və cavabı açıqlayaq. Nə üçün konkret olaraq bizim cəmiyyət üçün? Çünki, istehlaka yanaşmalar ölkələrdən, qazancdan və sair amillərdən asılı olaraq fərqlidir. Zəruri istehlak malları ilə lüks malların istehlakına münasibət fərqlidir. Məsələn, qazanca uyğun orta sinif bir avtomobil almaqla dəbdən geri qalmamaq və cəmiyyətə özünü göstərmək üçün yüksək kreditlə bahalı maşın almaq fərqlidir. Ölkədə istehsal olunan məhsulun istehlakı ilə idxal olunan məhsulun istehlakına münasibət fərqlidir. Məsələn, Cənubi Koreya əhalisinin Samsung istifadəsi, 3 aydan bir telefonunu dəyişməsi ölkəsi üçün daha faydalıdır. Koreyada Samsung istehlakı ilə istehsal, investisiya, iş yerləri artır, ölkədən də xaricə valyuta axmır. Amma bizdə bu istehlak qeyd etdiklərimin heç birinin artımına səbəb olmur. Bunları qarışdırmaq doğru olmaz. Borc, kredit həmişə yaxşı, həmişə pis deyil. Bir var kreditə maşın alıb taksi kimi istifadə edib qazanasınız və krediti həmin qazancdan ödəyəsiniz. Bir də var, kreditə bahalı avtomobil alıb sadəcə sürəsiniz. Ödəyəcəyiniz o kredit məbləği isə xüsusilə gəlirlərinizin əhəmiyyətli bir hissəsi olarsa xərclərinizi azaltmalı olursunuz. Hansı xərcləri? Məsələn, övladınızın təhsil xərclərini. Halbuki, bahalı maşın sürmək xətrinə təhsil xərcinə hər hansı bir şəkildə qənaət etmək övladınız qarşısında dərk etmədiyiniz ən böyük günahınız olur. Təhsilli nəsil isə ən çox ehtiyacımız olan amilə çevrilib.
-Necə düşünürsünüz, insanların bu sahə ilə az maraqlanmasının kökündə nələr dayanır?
-Burada hamının bu və ya digər dərəcədə təqsiri, səhvləri vardır. Nədir bu səhvlər? Maliyyə savadlılığı cəmiyyətə çox primitiv şəkildə, əsasən kredit müqavilələrinin oxunması kimi təbliğ olunub. Bu barədə maliyyə savadlılığından xəbəri olmayanlar daha çox danışıb. Maliyyə savadlılığını yerli-yersiz o qədər istifadə etmişik ki, insanlarda ikrah yaratmağa başlayıb. Yanaşmalar doğru olmayıb. Onu da qeyd edim ki, bu məsələ bu və ya digər dərəcədə bütün dünyanın problemidir. Rasional (ağıllı) seçim məsələsi arxa plana keçib. Biz bir məhsulu ya keyfimizdən (pul və ya kredit varsa kimdən əskiyəm prinsipi), ya da məcburiyyətdən (nağd pul və ya kredit yoxdur) seçirik. Bu vəziyyəti də brend məhsullar daxil olmaqla hər cür məhsul istehsalçıları bilərəkdən, reklamlara, marketinqə milyonlar, milyardlarla vəsait xərcləməklə nail olublar. İstehlak əlbəttə vacibdir. Amma məsələ istehlakın insan üçün nə dərəcədə faydalı və ya lüzumsuz olmasındadır. Sevdiyim bir fikri təkrarlayacam. Məşhur investor Uorren Baffet deyir ki, özünə lazım olmayanları alanlar, özünə lazım olanları satmağa məcbur olarlar. Əsas məsələ budur ki, bu sahədə maariflənməyə hamının ehtiyacı var. Amma düzgün bir şəkildə. Məsələn, nağd pulların dövriyyəsi hesabatı olmayan və ya işini qurarkən bunu nəzərə almayan sahibkar əvvəl-axır çətinliyə düşməyə məhkumdur. Ünsiyyət zamanı sahibkarların özləri də bunu təsdiq edir. Amma biz nağd pulların dövriyyəsi hesabatının mahiyyətini sahibkarlara bir dillə, ailənin gəlirinin düzgün xərclənməsini, düzgün borclanmanı, alışların həcmini evdar qadınlara başqa dillə, daha sadə, bəsit bir şəkildə izah etməliyik. Eyni yanaşma effekt verməz.
-Çox zaman insanlar “pulum olsaydı filan sahədə iş qurardım” deyirlər. Necə fikirləşirsiniz, sahibkarlıq fəaliyyəti üçün ancaq maliyyə vəsaitinin yetərli olması kimi fikirlər nədən qaynaqlanır?
- Əlbəttə iş qurmaq üçün kapital vacibdir. Amma yeganə amil deyildir. Əgər digər məsələlərə diqqət yetirilməsə kapital da əldən çıxar. Müvəffəqiyyətli iş üçün əsas puldur deyənlərə bir daha yenidən düşünmələri üçün dəfələrlə səsləndirdiyim fikri səsləndirim. Xaricdən 10-15 min dollarla gəlib icarəyə yer götürən bir investor 2-3 ildən sonra geniş müştəri kütləsi toplayır və restoranı brendə çevirir. Əlində 500 min dollar olan yerli iş adamı isə dəbdəbəli restoran tikir, hər cür şərait qurur, amma müştəri yığa bilmir, müvəffəq olmur. Belə misallar çoxdur. Deməli, pul vacibdir, amma həlledici, yeganə faktor deyildir. Hətta müştəri də vacib faktordur, amma yeganə faktor deyildir. Kapitalın batmaması, xidmətin, məhsulun brendə çevrilməsi üçün maliyyə savadlılığı, yanaşma, sahibkarlıq kültürü (bu başqa bir geniş mövzudur), mühit həlledici şərtlər siyahısındadır. Məsələn, turizm sahəsində 2016-2019-cu illərdəki vəziyyəti təhlil edənlər dediklərimi təsdiqləyərlər.
- Ölkədə iqtisadi sahədə maarifləndirmə istiqamətində nələri tövsiyə edərdiniz?
-Ayrı-ayrı tədbirləri sadalamaq, haqqında danışmaq əvəzinə konkret deyim. Şəxsi fikrim budur ki, bu məsələlərə yanaşmaların kökündən dəyişməsi vacibdir. Maliyyə savadlılığını müqaviləni başdan-ayağa oxumaqda görməklə, bu sahədə təcrübəsi olmayanların bu məsələ haqqında danışması ilə düzgün deyil, əks effektlərə nail olarıq.
-Elman müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirik. (İki sahil)