"Forbes" jurnalı işləri ölümlərindən sonra daha çox gəlir gətirən artistlərin illik reytinqini dərc edib.
FED.az xəbər verir ki, reytinqin lideri illik "gəlir"i 400 milyon dollar olan Maykl Ceksondur. "Ölüm kommersiya uğuru üçün əngəl olmadı", - deyə Forbes qeyd edir.
Siyahıda ikinci yerdə Elvis Preslidir. Onun albomlarının populyarlığına baxmayaraq, ölümündən sonra ən çox gəlir gətirən turistik məkana çevrilmiş Qreysland mülküdür. Belə ki, bir il ərzində Presli 40 milyon dollar "qazanıb".
Reytinqin üçüncüsü amerikalı qolfçu Arnold Palmerdir. İdmançının brendə çevrilən adı ildə 35 milyon dollar gəlir gətirir. İlk beşliyə həmçinin Çarlz Şults (34 milyon dollar) və Bob Marli (23 milyon dollar) daxil olublar.
"Top-10"a həmçinin amerikalı uşaq yazıçısı Doktor Syuz (Teodoor Zoys Qayzel), "Playboy" jurnalının təsisçisi Huy Hefner, Merlin Monro, Prins və Con Lenon daxil olublar.