Çinin Azərbaycana texniki yardım layihəsi çərçivəsində bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yol-istismar texnikaları ilə təmin olunması üzrə icra müqaviləsinin imzalanma mərasimi keçirilib.
Agentlikdən FED.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov və nəqliyyat İdarəsinin rəisi Elşən Cəfərov, qarşı tərəfdən isə Çinin Ticarət Nazirliyinin səlahiyyətli nümayəndələri Liang Vei və xanım Lili Zhang, Çinin Azərbaycandakı səfirliyinin məsul işçiləri, səfirin ticarət və iqtisadi məsələlər üzrə müşaviri Van Çunqan, köməkçisi Ven Qoxuey iştirak ediblər.
Saleh Məmmədov 112 adda müxtəlif nəqliyyat vasitələri, yol inşaat və yol təmir texnikalarının yardım şəklində rəhbəri olduğu quruma verilməsini yüksək qiymətləndirərək, bu addımın vaxtında atılmış dost köməyi kimi dəyərləndirib. Öz növbəsində V.Çunqan bildirib ki, 2017-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin dəyəri son 26 ildə rekord həddə, 1,2 mlrd. ABŞ dolları olub.
Görüşün sonunda qeyd olunan nəqliyyat vasitələrinin və texnikaların Azərbaycana gətirilməsi üçün icra müqaviləsinin imzalanma mərasimi keçirilib.