Azərbaycan qanunvericiliyində biznesin fəaliyyəti ilə bağlı inqilabi dəyişiklik gözlənilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Azərbaycan Cinayət Məcəlləsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmamaya görə nəzərdə tutulan sanksiyalar ləğv ediləcək.
Bu, Milli Məclisin bu gün, iyulun 10-da keçirilən iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
FED.az xatırladır ki, hazırda qüvvədə olan qanunvericiliyə görə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi (yəni xarici öklərlə biznes aparılması) nəticəsində əldə edilmiş valyuta vəsaiti ölkəyə qaytarılmalıdır.
Qanuna görə, həmin valyuta Azərbaycan bankının hesabına məcburi qaydada köçürülməlidir, bunu etməyənləri sərt cəzalar gözləyir.
Belə ki, əgər söhbət az miqdarda valyutadan gedirsə, bu inzibati pozuntu sayılır. İnzibati Xətalar Məcəlləsinə görə, valyutanı ölkəyə qaytarmamağa görə, həmin məbləğin 30-50%-i həcmində cərimə nəzərdə tutulur. “Az miqdarda” dedikdə iyirmi min manatadək olan məbləğ başa düşülür, yəni indiki məzənnə ilə maksimum 12 min dollar.
Xaricdən qaytarılmayan məbləğ 20 min manatdan artıq olduqda isə bu pozuntu artıq cinayət sayılır. Belə ki, Cinayət Məcəlləsinə görə, xarici valyutada xeyli miqdarda vəsaiti xaricdən qaytarmama 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xeyli miqdar” dedikdə 20-30 min manatlıq, yəni 12-18 min dollarlıq məbləğ nəzərdə tutulur.
Eyni əməllər «külli miqdarda» törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cəzalar sərtləşdirilir və 3-5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Külli miqdar” dedikdə 30 min manatdan – 18 min dollardan artıq olan məbləği başa düşülür.
İndiyədək bu maddə xariclə biznes aparan, xüsusilə də xaricə məhsul satan yerli iş adamları üçün əsl problemə çevrilmişdi. Xaricə meyvə-tərəvəz satan iş adamları satdıqları malın pulunu vaxtında ala bilməyəndə (indi belə hallar tez-tez baş verir – FED.az), öz problemlərindən başqa, onların hüquq-mühafizə orqanları ilə də problemləri yaranırdı. İş adamları istintaq orqanlarına cəlb edilir, onların vəsaiti hansı səbəbdən qaytarmaması sorğu-sula edilir.
Özündən asılı olmayan vəziyyətə görə, ağır maddələrin nəzərdə tutulması, bu vəziyyətə düşən iş adamlarının stressini daha da artırır, biznes həvəsini azaldır, və onları müxtəlif yollara əl atmağa vadar edirdi.
Belə üsullardan biri də malı xaricə başqa şəxsin və ya şirkətin adı altında ixrac etmək idi. Bu halda xaricə satılacaq mal daha imkanlı şirkətin adına rəsmiləşdirilirdi, həmin şirkət ölkəyə qaytarılmalı olan vəsaiti öz pulundan ödəyir və daha sonra xaricdən gələcək pulu rahatca gözləyir.
Təbii ki, iş adamlarının bu üsulu onlara əlavə xərc hesabına başa gəlirdi, daha dəqiqi onlar malı xaricə özü satmadığına görə, daha ucuz satmalı olurdular.
Bu mövzu ilə bağlı iş o yerə çatıb ki, bir neçə gün əvvəl Şəmkirdə kənd təsərrüfatına həsr olunan müşavirədə iş adamları bu mövzunu prezidentin köməkçisi Natiq Əmirovun qarşısında da qaldırıblar. Həmin vaxt N.Əmirov problemin tezliklə həll ediləcəyini bildirmişdi.
İndi isə artıq həmin proses - Cinayət Məcəlləsinin iş adamlarının xeyrinə dəyişdirilməsi prosesi başlanıb.
Yeni qanuna görə, Cinayət Məcəlləsindəki bu maddə ləğv ediləcək, yəni bu pozuntu artıq cinayət məsuliyyəti yaratmayacaq. Əvəzində bu pozuntuya görə inzibati məsuliyyət nəzərdə tutulub.
Bu səbəbdən də İnzibati Mcəlləyə dəyişiklik ediləcək. Beləliklə, 2-ci yenilik İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi olacaq.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi
Yeni layihəyə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi (xariclə biznes aparılması) nəticəsində əldə edilmiş və Azərbaycan banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyutanın xaricdən qaytarılmamasına görə cərimələr nəzərdə tutulur.
Bu pozuntuya görə,
fiziki şəxslər – qaytarılmayan valyutanın 5-10 faizi həcmində
vəzifəli şəxslər - ölkəyə qaytarılmayan valyutanın 10-20 faizi həcmində,
hüquqi şəxslər - isə həmin məbləğin 20-30 faizi həcmində cərimə ediləcək.
Hətta bununla bağlı araşdırma aparıldıqda, qərar qəbul edilənədək həmin şəxs valyutanı ölkəyə qaytarsa, inzibati məsuliyyətdən azad ediləcək, yəni cərimə də olmayacaq.
Qanunlar qəbul ediləcəyi təqdirdə, 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
|
Xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cəzalar |
|
|
İndiyədək |
Bundan sonra
|
|
20 min manatadək - inzibati pozuntu – 30-50% həcmində cərimə |
Məbləğ fərqi yoxdur - Cinayət deyil, inzibati pozuntu sayılır
|
|
20-30 min manat - Cinayət sayılır – 3 ilədək məhdudlaşma və ya 3 ilədək həbs
|
Fəziki şəxs – 5-10% cərimə
Vəzifəli şəxs – 10-20% cərimə
Hüquqi şəxs - 20-30% cərimə
|
|
30 min manatdan yuxarı Cinayət sayılır – 3-5 il həbs |
|















