Azərbaycanda fəaliyyət göstərən banklarda hüquqi şəxslərin depozitlərinin həcmi 2026-cı ilin birinci yarısının sonunda 22,28 milyard manata çatıb.
Hüquqi şəxslərin depozitlərinin həcmi üzrə - BANKLARIN RENKİNQİ (30.06.2026)
FED.AZ biznes və maliyyə xəbərləri portalı bankların hüquqi şəxslərin depozitlərinin həcmi üzrə renkinqinə istinadən xəbər verir ki, renkinqə “Kapital Bank” başçılıq edir. Bankda hüquqi şəxslərin depozitlərinin həcmi 6 milyard 243 milyon manatdır.
İkinci yerdə Azərbaycan Beynəlxalq Bankı (ABB) qərarlaşıb. ABB-də şirkət və təşkilatların depozitləri 5 milyard 363,3 milyon manat təşkil edir.
İlk üçlüyü isə cüzi fərqlə “PAŞA Bank” tamamlayır – 5 milyard 362,1 milyon manat. Beləliklə, ABB ilə PAŞA Bank arasındakı fərq cəmi 1,18 milyon manatdır.
Maraqlıdır ki, ilk üç bankın hüquqi şəxslərdən cəlb etdiyi depozitlərin ümumi həcmi 16,97 milyard manatdır. FED.AZ-ın hesablamasına görə, bu, renkinqdə məbləği göstərilən banklardakı hüquqi şəxs depozitlərinin təxminən 76,2%-nə bərabərdir.
Dördüncü yerdə “Azər-Türk Bank” 1 milyard 269,1 milyon manatla qərarlaşıb. Bununla da Azərbaycanda hüquqi şəxslərin depozit portfeli 1 milyard manatı keçən bankların sayı 4-dür.
Sonrakı yerləri “XalqBank” – 962,8 milyon manat, “Ziraat Bank” – 631,8 milyon manat, “Bank Respublika” – 497,4 milyon manat və “Yapı Kredi Azərbaycan” – 469,3 milyon manatla tutur.
İlk 8 bank birlikdə hüquqi şəxslərin 20,8 milyard manatdan çox depozitini cəlb edib. Bu isə renkinq üzrə ümumi məbləğin təxminən 93,4%-i deməkdir.













