SOCAR və digər müəssisələrin texnoloji və rəqəmsal transformasiyası ilə məşğul olan SOCAR Tech şirkətində yeni təyinat baş tutub.
FED.az xəbər verir ki, Namiq Pirimov — SOCAR Tech-in Sənaye proseslərinin rəqəmsallaşdırılması üzrə direktoru təyin edilib.
N.Pirimov 2022-ci ildən indiyədək SOCAR Tech-də Sənaye həlləri departamentinin baş meneceri, bundan əvvəl 2019–2022-ci illərdə menecer, daha əvvəl isə aparıcı məsləhətçi kimi çalışıb. 2009–2015-ci illərdə SOCAR-da fəaliyyət göstərib.
Xatırladaq ki, SOCAR-ın rəqəmsal transformasiya və texnologiya qolu olan SOCAR Tech əvvəllər Caspian Innovation Center (CIC) kimi fəaliyyət göstərib və 2026-cı ilin avqustunda SOCAR Tech brendinə keçdiyini açıqlayıb. Ümumilikdə isə 2017-ci ildə yaradılan, baş ofisi Bakıda olan şirkətin 200-dən artıq işçisi var.
Şirkətin əsas fəaliyyət istiqamətləri kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi, Data və süni intellekt, rəqəmsal transformasiya və avtomatlaşdırma, ERP və digər korporativ biznes tətbiqləri, sənaye rəqəmsallaşdırılması və enerji texnologiyaları, bulud və İT infrastrukturu, eləcə də texnologiya üzrə konsaltinqdir.












