Bazar iqtisadiyyatı şəraitində sahibkarlığın inkişafı və önə çıxması səbəbilə onun mövqeyi cəmiyyətin tərəqqisinin bütün sahələrində günbəgün artmaqdadır. Son dövrlər inkişaf etmiş ölkələrin təcrübəsindən sosial məsuliyyət, sosial sahibkarlıq və s. kimi sitatların geniş şəkildə gətirildiyi dövrdə xalqımızın uzun illər daşıdığı və günümüzə gətirdiyi mənəvi dəyərlərə əsaslanan ictimai yardımlaşma modellərinin biznesdə tətbiqinin gücləndirilməsi günün aktual məsələsinə çevrilmişdir.
Eləcə də bax: Borclunun aktivlərinin satılması - Qaydası Dəyişir
Əslində müsəlman şərqinin də biznesə bəxş etdiyi və İslam dininin təməl prinsiplərinə əsaslanan özəl sektor və cəmiyyət əməkdaşlığına rəvac verən Zəkat, Sədəqə, Fitrə, Qarzi-həsən və s. kimi sosial maliyyə institutları mövcuddur.
Azərbaycan cəmiyyətində İslam dinində mövcud olan sosial dəstək alətlərinin əksəriyyəti haqqında geniş məlumat olsa da Qarzi-həsən diqqətdən kənar qalmış onun gətirdiyi imkanlardan istifadə aşağı səviyyədə olmuşdur.
KARYERA haqda 10 mözvu və 10 məsləhə- FƏXRİ AĞAYEV YAZIR
Ərəb mənşəli olan “Qarzi – həsən” söz bizləşməsində Qarz –verilən borc, mal mənasını, həsən isə - yaxşı, gözəl, xoş mənalarını ifadə etməkdədir. Yəni, Qarzi – həsəni dilimizdə qarşılığını “Gözəl borc” kimi ifadə etmək olar.
Qarzi – həsən sosial maliyyə alətini Zəkat, Sədəqə, Xüms, Fitrədən fərqləndirən başlıca xüsusiyyəti onun borc olmasıdır. Digər alətlərin əvəzsiz və geriya qaytarılması gözlənilmədiyi halda burada götürülən borcun qaytarılması nəzərdə tutulur. Həmçinin, bu alət həm sosial həssas qruplara həm də elə sahibkarların öz aralarında da borclanmaya şamil oluna bilər.
Bildiyimiz kimi İslam prinsiplərinə əsasən borcun fiksə olunmuş (əvvəlcədən müəyyənləşdirilmiş) faizlə verilməsi qadağandır. Borc yalnız iqtisadi fəaliyyətin sonunda yaranan xalis mənfəətə ortaq olmaq şərti ilə verilə bilər. Faizsiz və ortaqlıq mənfəətinə əsaslanmayan, yalnız veriləni geri qaytarılan borc forması isə məhz Qarzi- həsəndir.
Qarzi –həsən fərdi şəxslərin, sahibkarların, cəmiyyətin bütün üzvlərinin cətin vəziyyətə düşdükləri zaman yararlandıqları borc formasıdır. Dövrümüzdə insanlar övladlarının təhsil haqqısını vermək, ailə qurmaq, müalicə olunmaq, bizneslərində müflisləşməyə yaxınlaşdıqda vəziyyətdən çıxmaq üçün çox ağır şərtlərlə faizə borc almalı olurlar. Hətta, bu borcdan sonra aldıqları vəsaitləri ödəyə bilmədiklərindən dolayı bir çox şəxslər girov qoyduqları əmlaklarını da itirirlər ki, sonda daha da kasıb duruma düşürlər. Bu da nəticədə həm cəmiyyətdə sosial gərginliyin artmasına həm də dövlətin sosial yükünün çoxalmasına gətirib çıxarır. Ən acınacaqlısı da odur ki, bu kimi hallar cəmiyyətdə yardımlaşma, qarşılıqlı dəstək və birlik hisslərinin zədələnməsinə və itirilməsinə gətirib çıxarır. Bu hal həmçinin, fərdin tənhalaşmasına, özünə qapanmasına, kimsəsizləşməsinə və gərgin psixoloji vəzyyətə düşməsinə səbəb olur.
Qarzi – həsən burada sanki uzanan yardm əlinə bənzəyir ki, bundan da istənilən şəxs istifdə edə bilər. Qarzi – həsənin yardım, əvəzsiz verilən puldan fərqli olaraq onun borc şəklində olması bir sıra üstünlükləri özündə cəmləşdirir:
1. Bir sıra hallarda ehtiyacı olmadığı halda yardım toplamağa öyrənmiş insanlar Qarzi – həsən alətindən istifadə etmirlər. Çünki, yardımda qaytarmaq olmadığı halda Qarzi – həsəndə alınan borcun geri ödənilməsi şərti olduğundan həmin şəxslər buna müraciət etmirlər. Əslində bu həqiqi ehtyacı olanlarla bundan sui-istiafdə edənlərin ayrılması baxımından da əhəmiyyətlidir;
2. Qarzi – həsən borc olduğundan ona istənilən şəxs ehtiyacı olduğu vaxt müraciət edərək rahat şəkildə götürə bilər. Bunun nəticəsində də həmin şəxslər heç bir ictimai nəzərdən çəkinmirlər.
Qarzi – həsən aləti biznesin inkişafı və onun cəmiyyət qarşısında sosial məsuliyyəti baxımından da böyük əhəmiyyət kəsb edir. İctimaiyyətdə hökm sürən “sahibkarın həmişə pulu var” yanlış təsəvvürünə qarşılıq olaraq qeyd edək ki, bu heç də belə deyil. İş adamının da çətin günləri olur. Axı sahibkar öz varidatı, götürdüyü borcları ilə iş quran və sonda qazanc güdən şəxsdir Əgər, gözlədiyi qazanc əldə olunmursa deməli o müflis olur, götürdüyü borclara görə öz əmlakını itirməli olur. Biznes gerçəkliyində “bu gün ofisdə sabah isə küçədə karton yeşiklərin istisinə qızınan” çoxlu sayda sahibkar hekayələri var.
Məhz sahibkarın belə çətin günlərində onun köməyinə gələn alətlərdən biri də Qarzi – həsəndir. Qarzi –həsən əslində sahibkarların öz aralarında formalaşdırıla bilər. Beləki, bir neçə sahibkar toplaşıb öz aralarında Qarzi – həsən fondu qura bilərlər. Əslində iqtisadi baxımdan çöz gözəl mexanizmdir. Qarzi – həsən fonduna pul qoyuram, ehtiyacım olanda mən də yararlanıram, vəziyyətim düzələn kimi də həmin pulu qaytarıram.
Qarzi – həsənin əsası İslam dinindən qaynaqlandığı üçün həm Qurani Kərimdə həm də Peyğəmbərimizin s.a.s. hədislərində ona geniş yer ayrılmışdır.
Qurani Kərimin Bəqərə surəsinin 245 –ci ayəsində “Kim Allaha (c.c.) gözəl borc verərsə Allah (c.c.) da bunun qarşılığında həmin şəxsə lap çox artırar” şəklində göstərilmişdir.
Peyğəmbərimizdən (s.a.s) rəvayət edilən bir hədisdə isə O, (s.a.s.) belə buyurur: “bir malı borc olaraq vermək onu sədəqə şəklində verməkdən daha xeyirlidir”. (Əhməd ibn Hənbəl, 1/463; Süyuti, Camius – Sağir, 2/86)
Daha çox sayda olan oxşar ayə və hədislərin ümumi cəhətlərindən biri Qarzi – həsənin əvəzsiz, birdəfəlik yardımdan daha məqbul görülməsidir. Bu da Qarzi – həsənə cəmiyyətdən daha çox həqiqi ehtiyacı olanların müraciət etməsi və tərəflərin qarşılıqlı əməkdaşlığa sövq edilməsindən irəli gəlir.
Qarzi – həsən həm pul şəklində həm də müxtəlif əşyalar formasında verilə bilər. Buna görə də Qarzi – həsən borc sazişinin tam şəkildə İslam prinsiplərinə uyğun olması üçün diqqət edilməli bir sıra şərtləri var ki, onlardan da bəziləri aşağıdakı kimidir:
1. Qarz – həsənin likvid mallarla aparılmasıdır. Yəni, burada valyutalar – manat, dollar, avro və s., qızıl, gümüş, müxtəlif metallar, qiyməti likvid olanlar istifadə oluna bilər. Məsələn, bir nəfər bu gün 2000 AZN borc alır, 8 aydan sonra həmin məbləği manatla qaytarır. Həmçinin, bu gün 20 qr. qızıl borc götürür 5 aydan sonra həmin çəkidə qızılı qaytarır.
2. Dəyəri dəyişən məhsullar. Buraya iri və xırdabuynuzlu mal- qaranı, ev, torpaq ərazisi və s. aid etmək olar. Məsələn, bir kəndli imkanının zəif olmasından dolayı qonşusundan Qarzi – həsən olaraq iki illik düyə (dişi inək) götürür. 3 ildən sonra qaytardıqda artıq inəyin 5 yaşı olur. Çox vaxt mal –qara bazarında heyvanlar yaşlandıqca onların dəyəri düşür. Belə olduğu halda həmin şəxs inəyi qaytaranda onun düyə vəziyyətindəki qiyməti ilə indiki dəyəri arasında yaranmış fərqi də ödəyir.
Bunlarla yanaşı Qarzi – həsənin hədəfinin tam şəkildə reallaşması üçün bir sıra prinsiplərin də gözlənilməsi tövsiyə olunur:
- Qarzi – həsən borcu sırf savab qazanmaq, Allah rizası üçün verilməlidir. Yəni, bu yolla başqasını özündən asılı vəziyyətə salmaq, gözü kölgəli etmək, müxtəlif yolarla öz xeyrinə başqa öhdəliklər tələb etmək yolverilməzdir;
- Borc borcverənin vicdan azadlığı və razılığı əsasında verilməlidir. Yəni, borc alan onu təhdid etməməli, psixoloji təzyiq göstərməməli, inamını istismar etməməlidir;
- Qarzi – həsən prinsipləri əsasında verilən vəsait halal qazancdan olmalıdır. Rüşvət , dələduzluq, aldatma və s. kimi yollardan əldə olunan gəlir Qarzi – həsən niyyəti ilə verilməməlidir;
- Verilən borcun qarşılığını Allahdan gözləmək;
- Borcun verilməsinə görə borclunu minnətli və başına qaxınc etmək olmaz. Ona tənə və rişxənd olunmamalıdır;
- Qarzi – həsən borcu mütləq mənada ehtiyacı olan şəxslərə verilməlidir. Bəzi hallarda olur ki, biznesinə əlavə vəsait qatmaq və işini daha da genişləndirmək üçün şəxsi vəsaiti olduğu halda əlavə borc da alınır. Qarzi – həsən borcundan bu şəkildə istifadə olunması uyğun deyildir;
- Borclu ilk imkan düşən kimi öz borcunu qaytarmalıdır. Əlinə imkan düşən kimi öz borcunun qaytarılmasını uzatmaq Qarzi – həsən əxlaqi prinsiplərinə ziddir;
- Qarzi – həsən borcunu gizlətmək yaxşı əməllərdən hesab olunur. Borc verdiyimiz şəxslə aramız dəyən zaman hər imkan düşəndə cəmiyyət içərisində ona verdiyimiz borcu tez-tez dilə gətirmək həmin əməlin puça çıxmasına, savabının qalmamasına gətirib çıxarar;
- Borcverən borclunu dəng edərək onu borcun qaytarılmasına məcbur etməməlidir. Burada yaxşı olar ki, borclu ilə yazılı saziş bağlansın və orada ödəmənin vaxtı və forması açıq – aydın olaraq təsbit edilsin;
- Borclunun ailə vəziyyəti pisləşdikdə və sahibkardırsa müflisləşdikdə verilən borcun vaxtının daha da uzadılması, tam və ya qismən bağışlanması Allah c.c. qatında ən yaxşı əməllərdən hesab olunur.
Qarzi – həsən təcrübəsi İslamın ilk dövründən meydana gəlməyə başlasa da bu gün cəmiyyətin fərdləri ilə yanaşı biznes aləmində də geniş istifadə edilir. Türkiyədə, Pakistanda, İranda, Səudiyyə Ərəbistanında, Malayziyada demək olar ki, bütün müsəlman ölkələrində Qarzi – həsən biznesdə geniş tətbiq olunur.
Belə bir alətin tətbiqi ölkəmizdə sosial yardımlaşma ənənələrinin dərinləşməsinə dəstək göstərməklə yanaşı gənc sahibkarların, biznesdə maliyyə çətinlikləri ilə üzləşən iş adamlarının aldığını ödəmək şərti ilə bu borcdan yararlanması halında şirkətlər arasında həm müflisləşmənin həcmini azaldar həm də az təminatlı təşəbbüskarların öz bizneslərini rahat bir şəkildə formalaşdırmalarına imkan yaradar.
Xoşbəxtlikdən artıq Azərbaycanda biznesdə Qarzi – həsən alətindən istifadə hallarına rast gəlinir. Bu sahənin pionerləri MÜSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) Azərbaycan və onun üzvləridir. Öz ətrafında bir qrup Azərbaycan və Türk sahibkarlarını birləşdirən bu təşkilat öz sosial məsuliyyət hədəflərini həyata keçirmək, üzvləri arasında yardımlaşma ənənəsini formalaşdırmaq məqsədilə borc fondu təsis etmişdir. Borc fondunun məqsədi təşkilata üzv olan sahibkarların bizneslərində yaranan problemlərlə bağlı yaranmış maddi ehtiyaclarını qarşılamaq üçün onlara dəstək olmaqdır.
Fondun nəzdində 3 müxtəlif subfond mövcuddur: Əsas, Fərdi və Sosial Yardım subfondu.
Əsas Borc subfondu: üzvlər tərəfindən əvəzsiz olaraq ödənilən üzvlük haqlarından və ianələrdən formalaşır.
Fərdi Borc subfondu: təşkilatın üzvü olan və ya onun üzvü olmayan şəxslər trərəfindən ödənilən vəsaitlərdən formalaşır. Həmin vəsaitlər müəyyən edilmiş müddət üçün fonda verilir. Fond həmin vəsaitdən öz məqsədləri üçün istifadə edir, yəni ehtiyacı olanlara borc verir və vaxtı gələndə həmin borcu yığıb vəsaiti sahibinə geri qaytarır.
Sosial Yardım subfondu: bu fond üzvlərin vəfatı zamanı onların ailə üzvlərinə, sağlamlıq problemi və digər şəxsi problemlərlə bağlı birbaşa birdəfəlik maddi yardım şəklində verilir. Yəni, bu istiqamətdə verilən vəsait borc deyil, əvəzsiz birdəfəlik yardımdır. Bu fondun vəsaiti ianələrin müəyyən hissəsi əsasında formalaşır.
Təşkilatın nəzdində yaradılmış borc fondunyn xüsusiyyətindən biri də borclu iş adamı müflisləşdikdə və ya ödəmə imkanı olmadıqda götürülmüş borc məbləğinin silinərək ona bağışlanmasıdır.
Ümumiyyətlə, günü - gündən inkişaf edən Azərbaycanda sahibkarlığın rolunun artması və onun cəmiyyətin fundamental prioritetlərində iştirakının güclənməsi ölkəmizdə mütərəqqi borc alətlərinin tətbiqinin öyrənilərək ən yüksək səviyyədə tətbiq olunması müasir dövrün reallıqlarındandır.
Ruslan Atakişiyev
iqtisad üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri