Uzun müddət fərqli yerli və xarici firmalarda rəhbər işlədiyim müddət ərzində insanların Azərbaycanda karyera ilə bağlı bir çox ilk baxışda sadə gördükləri səhvlər diqqətimi daim çəkmişdir. Təəssüf ki, karyera ilə əlaqəli ölkəmizdə ciddi məlumat mənbələrinin olmadığına və bu mövzuda ali təhsil ocaqlarında tutumlu məlumatların verilmədiyinə görə gənclərimiz karyera ilə bağlı ən sadə məsələlərlə bağlı məlumatlı deyillər. İş həyatında karyera ilə bağlı səhv düşüncələrlə başlayan gənc 30-40 yaşına çatır, və karyerasında nələrinsə səhv getdiyini hiss edir.
Bu məqalənin ana məqsədi, peşəkar həyatla bağlı 10 ana mövzuda 10 məsləhət verməkdir.
Birinci məsləhətim budur ki, bəxtə inanmayın. Ümumilikdə həyatımızda və xüsusilə də bizim peşəkar həyatımızda bəxt yoxdur. Məqsədlər var, planlar var, əzmkarlıq var, iradə gücü və disiplin var, lakin bəxt yoxdur. Sadə bir misal: 2 nəfər gənc düşünün-30 yaşları olan orta idarəçilər. Onlardan biri bəxtə inanır, ikincisi hesab edir ki, həyatda bəxt yoxdur. Və birinci gəncimiz hər gün iş həyatında 8 saat ərzində ancaq əsas etməsi gərəkən işləri edərkən, ikinci gəncimiz öz inkişafını düşünür, onun məqsədləri var, “10 il sonra rəhbər olacam” deyir. Buna görə iş gününü planlaşdırır və hər gün bir saat kitab oxuyaraq, xarici dil öyrənərək, nitqi və bədən dili üzərində işləyir. 3 il keçir – bu gəncimizdə böyük inkişaf olur. Şirkət rəhbərliyi ikinci gəncimizin düşüncə tərzinin geniş və dərin olduğuna görə, qarşısına çıxan məsələləri doğru və fərqli baxış açısından təhlil etdiyinə görə onu rəhbər təyin edir. Birinci gəncimizin rekasiyası nə olur? “Onun bəxti gətirdi” deyir.
İkinci mövzu – şirkət adamı olmamaqdır. Təsəvvür edin, bizim misalda olan birinci gəncin bəxti gətirir. Hansısa səbəblərə görə -sahibkarın qohumu, yerlisi, dostu tanışıdır deyə onu rəhbər təyin edirlər. Amma ikinci savadlı və bilikli, təcrübəli və dürüst gəncimizi o şirkətdə qiymətləndirmirlər. Buna görə də mənim ikinci məsləhətim : əsla və əsla şirkət adamı olmayın, peşə adamı olun. Heç bir şirkətə, heç bir sahibkara, heç bir rəhbərə bağlı olmayın ki, onlar sizin üzərinizdə öz mənəvi və psixoloji peşəkar baxımdan hakimiyyətlərini qursunlar. Peşə adamı olun, peşə adamı kimi əmək bazarında və şirkətlər içərisində tanının. Peşə adamı olmaq nə deməkdir?
Gəlirik üçüncü məslətimizə. Mən hesab edirəm ki, hər bir peşə adamının, hər bir mütəxəssisin sahəsindən asılı olmadan... Daimi inkişaf sizin həyatınızın ayrılmaz bir parçası olmalıdır və həyat tərziniz olmalıdır. Peşəkar inkişaf və karyera ilə bağlı “olmazsa olmazlardan” biri xarici dil bilgisidir çünki bugün iş dünyasında, biznesdə o qədər böyük sürətlə inkişaf gedir ki, siz o inkişafı təqib etmək üçün mütləq şəkildə ingiliscəni mükəmməl bilmək məcburiyyətindəsiniz. Və daimi inkişafla bağlı mənim məsləhətim budur ki özünüzə hər gün axşam, yatağa girmədən öncə cəmi 2 sual verin. Keçən 24 saat ərzində mən 5 il, 10 il sonrakı özüm üçün nələr etmişəm? Və ikinci sual-məni mənim kimi iş axtaran, məni mənim kimi özünü bu sahənin mütəxəssisi və peşəkarı sayan 1000 nəfər azərbaycanlıdan fərqləndirən hansı xüsusiyyətlərim var?
Dördüncü məsləhətim budur ki, özünüzü inkişaf mövzusunda aldatmayın : “mənim inkişafım şirkətin işidir”. Olduqca səhv düşüncədir. Heç bir şirkət heç bir əməkdaşını inkişaf etdirmək məcburiyyətində deyil. Buna görə də sizin hər birinizin özünüzlə bağlı gələcək şəxsi məqsədlərinizə, peşəkar məqsədlərinizə bağlı bir inkişaf planınız olmalıdır.
Beşinci məshələtim bilik və savadla əlaqəlidir. Bilik vacibdir, amma bilik öz-özlüyündə yetərli deyildir -praktika və təcrübə də biliyi dəstəkləməlidir. Amma burda çox incə bir məqam var. Bilik də, praktika da, ikisi də eyni anda bir insanda doğru nisbətdə olmalıdır. Bir insanın biliyinin və nəzəri savadının olması, amma praktikasının olmaması o deməkdi ki, o biliklər faydasız, çünki tətbiq edilmir. Ancaq praktikası olan insanın bir çox hallarda-Azərbaycanda biz bunu sıx-sıx görürük-35 yaşdan sonra insanlar əsasən son 10 ildə etdiklərini təkrarlayaraq bunu praktika və təcrübə hesab edirlər.
Altıncı məsləhətim- Bilik və təcrübə vacibdir, amma uğurlu karyera qurmaq üçün yetərli deyildir. Əksər hallarda mən öz keçmiş təcrübəmdən və bugünkü rəhbərlik fəalliyyətimdən görürəm ki, bilik və təcrübəli insanın öz bilik və təcrübələrini doğru təqdim edə bilməsi və nitqi ən az malik olduğu bilik və təcrübəsi qədər əhəmiyyətlidir. Buna görə də siz daim öz nitqinizi inkişaf etdirməlisiniz ki, öz rəhbəriniz, işlədiyiniz şirkətin sahibkarı, öz iş yoldaşlarınız, öz müştəriləriniz və tabeçiliyinizdə ola biləcək gələcəkdə əməkdaşlarınız və komanda üzvlərinizə öz fikirlərinizi səlis, dolğun, müəyyən bir sadə alqoritmlə çatdıra biləsiz.
Yeddinci məsləhətim bir idarəçiçinin əsas 3 sərmayəsi ilə əlaqəlidir. Həbirimizin 3 ana sərmayəmiz var. Birinci sərmayə malik olduğunuz savad, bilikdir və təcrübələrdir. İkinci sərmayə reputasiyadır. Bu məsələ ilə bağlı gözəl bir ata sözü var : “35 yaşa qədər insan adına işləyir, ondan sonra adı insanla işləməyə başlayır”. Bunu tam bilin ki, 35 yaşdan sonra reputasiyanız sizin CVdən öncə bütün şirkətlərə və işəgötürənlərə çatır.
Səkkizinci məsləhətim 3.cü sərmayə ilə bağlıdır - çevrəniz haqda.Bunun müasir adı networking-dir. Çevrənin daha konkret anlamda faydası budur ki, biz hər birimiz, mən də daxil olmaqla, özümüz də fərqində olmadan ətrafımızda yaxın ünsiyyətdə olduğumuz insanların davranışları, istifadə etdiyi sözlər, bədən dilləri, düşüncə tərzləri bizə avtomatik olaraq təsir edir və bir müddət sonra biz öz tərzimizi dəyişməyə başlayırıq. Buna görə də bizim ətrafımızda bilikli, savadlı, zəhmətkeş, müsbət düşüncəli insanlar olanda, biz onların düşüncə tərzinin təsirilə yüksəlirik, amma ətrafımızda mənfi insanlar olanda biz onlar kimi davranmağa başlayırıq. Biz digər misal daha- siqaret çəkməyən bir insanın siqaretin çəkildiyi bir otağa girdiyi halda bir saat sonra siqaret çəkmədiyi halda belə onun üzərindən siqarət qoxusu gəlir. Çevrəmiz də belədir. Biz özümüz fərqində olmadan ətrafımızda olan insanların bütün hərşeyi bizim üzərimizə hopmuş olur.
Doqquzundu məsləhətim budur : əsla və əsla maaş arxasınca qaçmayın. Özünüzü peşəkar baxımdan inkişaf etdirin, dürüst olun, reputasiyanızı qoruyun, çevrənizi gücləndirin və genişləndirin. Belə olduğu halda zaman gələcək və maaşlar və vəzifələr sizin arxanızca qaçacaq.
Onuncu məsləhətim ulduzluqla əladəlidir. Bilik vacibdir. Təcrübə vacibdir. Reputasiya, çevrə, maaşlar, vəzifə. Hamısı olacaq. Yaşınızdan, statusunuzdan, əldə etdiyiniz uğurlarınızdan asılı olmadan həyatınızın heç bir mərhələsində ulduzlaşmayın. Ulduzlaşmanın iki növü var: daxili və xarici. Daxili ulduzlaşma budur ki, mən artıq müəyyən yaşa gəlmişəm, uğurlarım var, mən hər şeyi bilirəm. Bu durum insanın peşəkar bir mağaraya girməsi deməkdir. Yəni insan artıq öz beynini yeni biliklərin və təcrübənin almasına bağlayıb, o özünü ulduz hesab edir - artıq parıldayır və onun heç nə öyrənməsinə ehtiyac yoxdur. Bunu dediyiniz andan etibarən geriyə addımlamış olursunuz, çünki dünyada o qədər sürətli inkişaf gedir, yerində duran insan avtomatik geriləyir. Ulduzlaşmanın xarici forması isə budur ki, mən rəhbərəm, mən ulduzam, mən artıq uğurlar əldə etmişəm, bilik, təcrübə və reputasiya var, mən ətrafdakı insanlara bir ulduz kimi davranıram. Ən əsası isə - işlədiyim şirkətin rəhbəri və sahibkarını bir ulduz olaraq başlayıram özümə bağlamağa, sistem qurmuram, bütün işləri şəxsimə bağlayıram. İşi özünə bağlayan ulduzlşamış idarəçilər bir məqamı mütləq bilməlidirlər – təcrübəli sahibkarlar və rəhbərlər bunu kənardan görürlər və qarşısını almaq üçün paralel olaraq çox ciddi profilaktik addımlar atılır. Və bir müddət sonra sizin ulduzluğunuzdan bir əsər əlamət qalmayacaq. Ulduzluğun növbəti mərhələsi insan özü də fərqində olmadan terrorizmə keçir- peşəkar terrorizmə, şirkət sahibi ilə və ya şirkətlə insan danışıqlar masasına oturur, özünə əlavə şərtlər tələb edir.
Hərkəsə peşəkar həyatında uğurlar arzu edirəm!
Fəxri Ağayev, peşəkar idarəçi, biznes məsləhətçi