Türkiyənin ən böyük şirətlərindən biri, telekommunikasiya nəhəngi «Turkcell» 2017-ci ilin nəticələrinə görə, böyük gəlir açıqlayıb. Xarici və daxili bazarlarda maliyyə vasitəçiliyi xidməti göstərən «PSG-Kapital» şirkətindən FED.az-a verilən məlumata görə, ötən il gəlirlərini təqribən 50% artıran şirkət son bir neçə ildə ilk dəfə olaraq səhmdarlarına dividend verəcək.
«Turkcell» rəhbərliyinin qərarı ilə səhmdarlara 1,9 milyard TL və ya səhm başına 0,86 TL dividend ödəniləcək. Bununla da səhmin gəlirlilik göstəricisi ildə 5,7% təşkil edəcək.
Bu qərardan sonra İstanbul Birjasında «Turkcell»in səhmərinin qiyməti 10 TL-dən 15 TL-yə yüksəlib. Xatırladaq ki, «Turkcell»in səhmdarları arasında fiziki və hüquqi şəxs olan azərbaycanlı investorlar da var.
Bəs «Turkcell» səhmdarları olan azərbaycanlı investorlar dividendi necə alacaqlar?
«PSG-Kapital» şirkətindən verilən məlumata görə, dividendlərin ödənilməsi avtomatik baş verir. Belə ki, SOCAR İstiqrazlarında olduğu kimi, burada da ödənilən məbləğ səhmdarların, o cümlədən azərbaycanlı investorların bank hesablarına köçürülür.
Gəlirlərinin artması və son vaxtlar səhmlərinin kəskin bahalaşması «Turkcell»in səhmlərinə olan marağı artırıb. Bəs bu şirkətin səhmlərini necə əldə etmək olar? «PSG-Kapital» şirkətindən verilən məlumata görə, təkcə «Turkcell»in deyil, Türkiyənin və dünyanın istənilən şirkətinin səhmini almaq üçün «PSG-Kapital»a müraciət etmək kifayətdir. Şirkət müştərilərlə müvafiq müqavilə bağlayaraq onlara həm daxili, həm də xarici bazarlardakı qiymətli kağızları (səhm, istiqraz və s.) almaqda və investisiya portfelini idarə etməkdə yardım edir.
Azərbaycanlıların da sahib olduğu türk şirkəti – DİVİDEND VERƏCƏK
09:48
29 Mart 2018