Nazirlər Kabineti “Açıq məkanda reklam fəaliyyətinin tənzimlənməsi ilə bağlı bir sıra məsələlər haqqında” 2017-ci il 26 dekabr tarixli 598 nömrəli Qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, qərara əsasən, reklam məqsədləri ilə bələdiyyə əmlakını istifadəyə deyil, icarəyə götürmək lazım olacaq. Bundan başqa, qərara əsasən, açıq məkanda reklam yerləşdirilməsinə verilən icazənin forması dəyişdirilib.
İcazə sənədinə icazənin müddəti ilə yanaşı, reklam daşıyıcısının: yerləşdiyi ünvan və ya koordinat, reklamın növü, ölçüsü, tərəflərinin sayı, sahəsi (kv.m.), reklam yayımı zonası (olduqda), reklamın effektivlik dərəcəsinin kateqoriyası (olduqda), əmsal, eləcə də, ödəniləcək yayım haqqının ümumi və aylıq məbləği (manatla, ƏDV-siz, (nağdsız ödənilməklə), tətbiq edilən güzəşt (olduqda), bələdiyyə mülkiyyətində olan daşınmaz əmlakın (olduqda) icarə haqqı (manatla, ƏDV-siz, (birdəfəlik və nağdsız ödənilməklə) göstərilməlidir.
Bundan başqa icazə sənədində, reklamın eskizi və ölçüləri, reklamın yerləşdiriləcəyi yerdə rəngli fotomontajı, reklamın yerləşdiriləcəyi yerin rəngli fotosu (sxemi) və reklamın yerləşdiriləcəyi yerin vəziyyət planı göstərilməlidir.