Biznes tarixi

Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR 

Yeni biznes: XXI əsrin yataqxanası - KOLİVİNQLƏR  | FED.az
22:06 13 Avq 2018

İri şəhərlərdə daşınmaz əmlakın sürətli bahalaşması, gənclərin müstəqil yaşamaq və öz həmfikirlərini tapmaq arzusu daşınmaz əmlak bazarında yeni yaşayış formatının yaranmasına səbəb olub. Bunlar – kolivinqlərdir. FED.az kolivinqlərin tarixini təqdim edir. İlk kolivinq ABŞ-ın San-Fransisko şəhərində yaranıb. Başlanğıcını ABŞ-dan götürən bu ideya sürətlə bütün dünyada yayılır və kirayə evlərin əsas rəqibinə çevrilməkdədir. 
 
Hostel və kovorkinq-in qarışığı
Kolivinq – bizim adət etdiyimiz ənənəvi ev kirayəsinin alternatividir. Əslində kolivinq ideyası yeni deyil, indiyədək insanların birgə işlədiyi məkanlar - kovorkinqlər kifayət qədər yayılıb. Kolivinq isə kovorkinqlə hostelin qarışığına bənzəyir. Burada həm yaşamaq, həm də işləmək olar. Burada da mətbəx, sanitar qovşağı, iş məkanı və istirahət otağı ümumidir. Amma kolivinqlər hostellərdən daha komfortludur.

Eləcə də bax: Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ


Məsələn, hostellərdən fərqli olaraq kolivinqlərdə ikimərtəbəli çarpayı olmur, bir otaqda maksimum 2-3 nəfər yaşayır. Üstəlik, kolivinqin sakinləri burada uzun müddətə, hətta daimi yaşayırlar. Hostellərdə isə turistlər bir gündən bir dəyişir: «Bizdə təsadüfi insanlar və bir günlüyə gələn qonaqlar olmur»-deyə kolivinqçilər fərqi izah edirlər. Kolivinqlərdə müasir mebel və interyer var. Bəziləri müştərilərini pulsuz kofe və ya pivə ilə təmin edirlər. Kolivinqdə yaşayış haqqına isə mütəmadi təmizlik, yataq və vanna əşyaları aiddir.
 
Kolivinqlər necə yarandı?
Bir sıra maraqlı ideyalar kimi, kolivinqlər də ABŞ-da yaranıb. 2006-cı ildə gənc proqramçı Cessi Şinqler  dörd dostu ilə birlikdə Amerikanın elektron paytaxtına - Silikon vadisinə işləməyə gəldi. Amma məlum oldu ki, kirayə evlər o qədər bahadır ki, gənclərin gəlirləri onlara ayrı-ayrılıqda ev tutmağa imkan vermir. İçərisində cəmi bir çarpayı olan kiçik otaq 2 min dollardan ucuz deyildi – təhsil kreditini hələ ödəyib qurntarmayan gənclər çətin ki, belə evdə qala bilərdilər. Ona görə də onlar eyni evdə yaşamağa qərar verir - Kupertinoda (Apple-nin baş ofisi olan şəhər) dəbdəbəli imarət kirayələyən dostlar burada yaşayıb-işləməyə başlayırlar. 

Eləcə də bax: 1000 ildir ki işləyən şirkətlər – MARAQLI SİYAHI


Bu təcrübə çoxlanını maraqlandırdı. Şirkət sahibləri məhsuldarlığı artırmaq və pula qənaət etmək məqsədilə öz əməkdaşları üçün bütöv evlər kirayələməyə başladılar. Maraqlı ideya isə puldur – tezliklə San-Fransisko və digər iri şəhərlərdə eyni düşüncəli insanların birgə yaşadığı məkanlar  - kolivinqlər yaranıb yayıldı, kolivinq əsl biznesə çevrildi. 
 
Sərfəli və ideyalarla zəngin kolivinq biznesi
Hazırda Amerikada kolivinq böyük biznesə çevrilib. Burada bütöv kolivinq şəbəkələri fəaliyyət göstərir. Bunlar Campus,  WeLive, Common və başqalarıdır.
 
«Campus»
2014-cü ildə gənc sahibkar Tom Karryer «Campus»şirkətini yaradaraq San-Fransiskoda evləri kirayələməyə başladı. Bu evlərdə yaşamaq üçün üzvlük bileti almaq lazım idi. Onun əsas müştəriləri proqramçılar və startapçılar idi. Nəticədə kolivinqlər təkcə sərfəli kirayə variantı yox, həm də həyat tərzinə çevrildi. Doğrudur, Karryerin biznesi tezliklə çökdü: şirkət başqa şəhərlərə də yayılmağa başladı, amma pullar qurtardı və sahibkr öz şirkətini bağlamalı oldu.
 
«WeLive», yoxsa, «WeWork»?
Əvəzində «Campus»un ideyasını başqa şirkətlər davam etdirdi. Tezliklə Manhettendə «WeLive» yaradıldı. Bu şirkəti kovorkinqlər şəbəkəsi olan «WeWork» şirkəti işə salmışdı.
«WeWork» özünü real həyatdakı sosial şəbəkə elan etdi. Şirkət bildirirdi ki, kovorkinqlər və kolivinqlər təkcə işləyib yaşamaq məkanı yox, həm də həmfikirlər və inkişaf üçün şərait olan mühitdir.

Eləcə də bax: Müqəddəs məbədin maliyyəçi cəngavərləri – TAMPLİERLƏR


«WeLive»də öz mətbəxi və vanna otağı olan otaq kirayələmək olar. Daha ucuz qiymətə ümumi otaqda kiçik küncdəki çarpayıya sahib olmaq mümkündür. Hər bir çarpayının öz lampası, kondisioneri və səs sistemi var. Amma kolivinqin əsas cəhəti ümumi məkanlarıdır. Burada  isti vannaları olan terraslar, qeyri-adi yeməkləri olan mətbəx və çəllək pivəsi var.
 
20-40 yaşlıların məkanı - «Common»
«WeLive»in alternativi –«Common» kolivinqləridir. Bred Xarqrivç adlı sahibkarın yaratdığı bu kolivinqlər nisbətən ucuz rayonlarda yerləşir. «Common» birbaşa olaraq müştərilərin özü ilə deyil, əsasən developer şirkətləri ilə işləyir. «Common»un əsas müştəriləri illik gəliri 40-100 min dollar olan insanlardır. Bunlar yaşı 20-40 arasında olan kopirayterlər, proqramçılar dizaynerlərdir. «WeLive»də olduğu kimi, buradakı insanlar da kolivinqdə təkcə ucuzluğuna görə qalmırlar, onlar əlaqələrinin sayını artırmaq və təklikdən qaçmaq istəyirlər.
 
İnternetsiz sosial şəbəkə
Kolivinqləri internetsiz sosial şəbəkə də adlandırırlar. Doğrudan da, burada həmfikir gənclər asanlıqla şəbəkələşə bilirlər. Birgə yaşayış və yaranan mühit insanları daha yaxşı düşünməyə və ideyalar tapmağa həvəsləndirir. Məsələn, Mark Zukerberq Facebook-u məhz kolivinqdə kəşf edib.
Ümumilikdə, kolivinq eyni sahədə çalışan və eyni ideyaları, həyat tərzini bölüşən insanların birləşib yaşadıqları yerdir. Bura gənclər üçün iş yerini, evi və maraqlarına uyğun klubu əvəz  edir. Turistlərin və ezamiyyətdə olanların gecələdiyi hostellərdən fərqli olaraq, kolivinqlər bir ideya və ixtisas ətrafında birləşmiş insanların klubudur. Burada onlar yeni biznes ideyaları sınaqdan keçirir, bir-birlərindən öyrənir, yeni əlaqələr yaradır, işgüzar partnyorlar tapırlar. Bir qayda olaraq kolivinqlərdə müəyyən «ixtisaslaşma» olur. Bəzilərində rəsam və musiqiçilər, digərlərində  proqramçılar, başqalarında isə startapçılar yaşayır.
 
Şəxsi məkan təmin olunur
Kolivinqlər – kovirkinqlə tələbə yataqxanasının qarışığıdır. Burada hər kəsin öz otağı var, amma buranı öz həmfikirləri ilə bölür. Kolivinqlərdə insanın şəxsi məkanına hörmət olunur. Bir qayda olaraq burada yaşayanların ayrıca otaqları və ya ümumi otaqda ayrıca küncləri olur. Amma təkliflən yorulanlar ümumi otağa keçərək hamı ilə birlikdə televizora baxa, söhbətləşə və ya sadəcə müşahidə edə bilər. Amma kolivinqlər hamı üçün yaramır - ailəlisinizsə və ya dostunuz varsa, bura sizin yeriniz deyil. 
Hər bir kolivinqin öz qaydaları var, buradakı mühitə təsadüfi və uyğun gəlməyən adam düşməməlidir. Məsələn bəzi kolivinqlərdə alkoqol və ya siqaret qadağıandır. Digərlərində tullantılar çeşidlənir və s. 
 
Çin və keçmiş sovet ölkələrində kolivinq
Tezliklə bu ideya ABŞ-dan dünyanın bütün yerlərinə yayıldı. San-Fransisko, Şanxay, Moskva, ümumiyyətlə bütün izdihamlı mqapolislərdə kolivinqlər sürətlə yayılmaqdadır. Kolivinqlər keçmiş SSRİ respublikalarında da yayılır – hazırda yaşayışın bu formatı Rusiya, Ukrayna və Qazaxıstanda mövcuddur. Burada gənclər öz startap yatanxanalarında həvəslə yaşayırlar.

Şanxayda kolivinq biznesi ilə məşğul olan ukraynalı Ruslan Mayboroda bildirir ki, bu biznesə təsadüfən başlayıb. İş adamı Şanxaya gəldikdə, burada mənzillərin və kirayə haqlarının olduqcu yüksək olduğunu görüb. Burada şəhərin mərkəzindəki 40-50 m2 sahəsi olan bir otaqlı evin aylıq kirayə haqqı 1000 dollar idi. Kolivinqdə isə bir otaq cəmi 250-300 dolara başa gəlir. R.Maybroda bildirir ki, insanlar bu pulu verməyə hazırdırlar, bir şərtlə ki, onlar üçün maraqlı mühit yaransın.
Ən maraqlısı da odur ki, sakinlər kirayə haqqının yarısını təkcə pulla yox, xidmətlərlə də ödəyə bilərlər. Məsələn, onlar digər sakinlərə proqramçı kursları keçə bilər və kolivinq sahibinə kömək göstərə bilərlər. Gələcəkdə bu şəbəkənin böyüdülməsi nəzərdə tutulur.
 
Kolivinqlər Rusiyaya da gəlib. Hazırda Moskva ətrafında bütöv kolivinq qəsəbəsi salınır. Buradakı evləri satmaq və kirayəyə vermək olacaq, amma evlərin əksəriyyətində kolivinq yaradılacaq. Layihənin rəhbəri Alekandr Fuzeyev həm də kovorkinq biznesinə sahibdir. Onun sözlərinə görə, qəsəbənin yaradılması barədə qərar təsadüfi olmayıb. «Birgə iş, ümumi maraqlar və layihələr ona gətirib çıxardı ki, işçilərin yarısı belə bir məkanın yaradılmasını arzuladılar». Moskvada əmlakın qiyməti baha olduğuna görə, komanda bu ideyanı reallaşdırmaq üçün şəhər kənarına gəlib.
Bəzi kolivinqlər isə biznes üçün deyil, sadəcə dostlar və «səni başa düşən» insanlarla yaşamaq üçün yaradılıb. Belələrindən biri – «Early Birds» kolivinqində deyirlər ki, dostlarla birlikdə yaşamaq üçün iri mənzil kirayələmək kifayət edib. Burada yaşayanlar internetçilər deyil. Yaradığı peşə sahibləridir. Kolivinqdəki mühit onları yeni ideyalara həvəsləndirir.
 
Kolivinq kimlər üçündür?
Məğzinə görə, kolivinq frilanserlər, startaperlər və yaradıcı ixtisaslı peşələri öyrənən tələbələr üçün yataqxana sayıla bilər. Burada öz həmfikirlərinlə görüşmək, yeni tanışlar tapmaq və yeni ideyaları həyata keçirmək olar. 

Kolivinq gənc, kreativ və ünsiyyətcil insanlar üçündür. Bura şəxsi evi olmayan tək frilanserlər üçün ideal yerdir. Kolivinqlərdə kirayə haqqı baha deyil, bir qayda olaraq yaxşı təmirli olur, burada pulsuz  Wi-Fi, mətbəx, idman zalı, istirahət otağı və bəzən hovuz olur. Gənc və yaradıcı insanlar burada asanlıqla öz həmfikirlərini tapa bilərlər. Kolivinqlər yeni biznesə başlamaq üçün əla məkandır.

Bundan başqa, kolivinqlər dünyanı səyahət edənlər üçün müvəqqəti yaşamaq və dostlar tapmaq üçün yaxşı variantdır.  Amma kolivinq üçün ideal sakinlər startap komandalarıdır. Onlar burda həvəslə yaşayıb biznes qura bilərər. Əvəzində burada ailəli insanlar yaşaya bilməzlər. Kolivinq ünsiyyəti sevməyənlərin də yeri deyil.
 
Kolivinqləri necə tapmaq olar?
Qərb ölkələrində müasir və şəraitli yataqxanalar anlayışı xeyli inkişaf edib. Məsələn, coliving.com saytında ABŞ, Avstraliya, Tailand, İspaniya və digər ölkələrdəki kolivinq mərkəzlər barədə məluatlar tapmaq olar. Keçmiş SSRİ ölkələrində bu ideya yenidir, amma artıq yayılır.

@ Materialdan istifadə zamanı istinad məcburidir. 

Digər xəbərlər