Adətən əmlak sövdələşmələrinin təhlükəsiz və uğurlu olması üçün bura hüquqşünasları cəlb edirlər. Amma tarix göstərir ki, bu həmişə belə olmur.
FED.az xəbər verir ki, tarixdə ən uğursuz əmlak alqı-satqısı və ya sövdələşməsi 1965-ci ildə Fransada bir fransız hüquqşünası ilə 90 yaşlı qadın arasında imzalanıb. Xanımın gözəl evini olduqca bəyənən hüquqşünas ona ömürlük icarə müqaviləsi təklif edir, yəni hüquqşünas qarının həyatının sonunadək ona müəyyən məbləğ ödəməli, qarı vəfat etdikən sonra isə ev hüquqşünasa qalmalı idi.
Qadın buna razılaşır və 1965-ci ildə tərəflər arasında müqavilə imzalanır. Aylıq icarə haqqı elə hesablanmışdı ki, 10 il ərzində qadına evin pulu bütünlüklə ödəniləcəkdi.
Özünün 47 yaşı olan hüquqşünas qarının 90 yaşını nəzərə alaraq güman edirdi ki, nəinki on il, hətta cəmi bir neçə ildən qadın vəfat edəcək və o, sevimli evin sahibinə çevriləcək.
Amma hər şey əksinə oldu, yaşlı xanım nəinki hüquqşünasın gözləntilərini doğrultmadı, əksinə, hüquqşünasın özü ondan əvvəl vəfat etdi. Madam Janna bu müqavilədən sonra düz 32 il, yəni 122 yaşınadək yaşadı və müqaviləyə əsasən evinin dəyərinin 3 qatını qazandı.
Bu azmış kimi, hüquqşünasın ölümündən sonra onun dul qadını da madam Jannaya pul ödəməkdə davam edirdi. Maraqlıdır ki, madam Janna sağlam həyat tərzi keçirmirdi – o siqaret çəkir, alkoqollu içkilər içir və şirniyyatı sevirdi. Belə halda onun bu qədər uzun ömürlü olması sirr olaraq qaldı.
Tarixdə ən uğursuz əmlak müqaviləsi - BİZNES TARİXİ
09:57
10 Avq 2018