Son illər Azərbaycanda xarici birjalara marağın artması fonunda, beynəlxalq aləmdə baş verən proseslər də daha ciddi izlənilir.
FED.az xəbər verir ki, xaricdəki digər investorlarla yanaşı, Azərbğaycanlı investorlar da birjalardakı əsas tendensiyaları anlayıb, izləməyə çalışırlar.
Bunu nəzərə alaraq, FED.az ölkənin aparıcı investisiya şirkətlərindən olan «İnvestAz»ın 2024-üc il üzrə qısa icmalını təqdim edir.
2024-cü ildə beynəlxalq maliyyə bazarlarında texnologiya sektorunun aparıcı şirkətləri, xüsusilə “NVIDIA”, “Meta” və “Microsoft”-un səhmləri süni intellekt sahəsindəki müsbət yönlü proseslərin təsiri ilə kəskin bahalaşdı.
Əmtəələr arasında qızıl və mis qiymətlərində artım müşahidə olundu. Buna əsas səbəb kimi, geosiyasi gərginliklər və artan inflyasiya qorxularının qeyd edə bilərik. Valyuta bazarlarında isə inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollar qarşısında nisbətən gücləndilər.
Şirkət Səhmləri
- “Tesla” (TSLA): İlin son rübündə ABŞ-da keçirilən prezident seçkilərindən sonra “Tesla”-nın səhmləri əhəmiyyətli dərəcədə bahalaşdı. Şirkətin təsisçisi İlon Maskın yeni administrasiyada mühüm rol alması və "Robotaxi" layihəsinin təqdimatı investorların marağını artırdı. Belə ki, şirkət səhmlərinin qiyməti 2024-cü ilin aprel ayında 138$-a qədər ucuzlaşdıqdan sonra bahalaşmağa başladı və ilin sonunda 489$ səviyyəsinə çatdı – 3,5 dəfə artım.
“Nvidia” (NVDA): Süni intellekt texnologiyalarına olan tələbatın artması və şirkətin yeni "Blackwell" çipinin təqdimatı “Nvidia”-nın səhmlərinin dəyərini əhəmiyyətli dərəcədə artırdı. Şirkətin bazar dəyərinin 7 trilyon dollara çatacağı proqnozlaşdırılırdı. “Nvidia”-nın səhmləri il ərzində 47$-dan 152$-a qədər bahalaşıb – 3,2 dəfə artım.
Valyutalar
- ABŞ Dolları (USD): 2024-cü ilin əvvəlində bəzi analitiklər dolların ucuzlaşacağını proqnozlaşdırsa da, ABŞ iqtisadiyyatının güclü göstəriciləri və geosiyasi gərginliklər dolların dəyərinin artmasına səbəb oldu.
- EUR/USD valyuta cütlüyü yanvar-oktyabr aylarında 1.05980 və 1.12150 səviyyələrinin arasında üfüqi olaraq dalğalanıb, lakin, il sonunda 1.02240 səviyyəsinə qədər kəskin şəkildə ucuzlaşıb.
- GBP/USD cütlüyü 2024-cü ilin oktyabr ayında 1.34350 həddinə qədər bahalaşsa da, ilin sonunda artıq 1.24740 həddində ticarət olunurdu.
- USD/JPY valyuta cütlüyündə ilk öncə ilin əvvəlində 141.200 səviyyəsindən başlayan artım tendensiyası 161.930 səviyyəsinə qədər davam edib. Lakin, sonradan məzənnə 139.540 həddinə qədər kəskin ucuzlaşıb. İlin sonunda cütlük 158.100 səviyyəsində qərarlaşmışdır.
- USD/CHF cütlüyü 2024-cü il ərzində 0.92230 səviyyəsinə qədər bahalaşdıqdan sonra 0.83740 səviyyəsinə qədər geriləyib. Məzənnə ili artım tendensiyası ilə 0.90750 həddində tamamlayıb.
Əmtəələr
- Qızıl: Geosiyasi qeyri-müəyyənliklər və mərkəzi bankların alışlarının artması səbəbindən qızılın qiyməti 2024-cü ildə tarixi maksimumlara çatdı. İlin əvvəlində 1983$ səviyyəsində ticarət olunan dəyərli metalın bir unsiyası bahalaşmağa başlayıb və oktyabr ayında 2791$-a qədər artaraq, tarixi rekord həddini yeniləyib – 40% bahalaşma.
- Neft: Çində iqtisadi artımın zəif dinamikası və ABŞ-da neft ehtiyatlarının azalması kimi faktorlar neftin qiymətinə təsir etdi. “Brent” markalı neftin bir bareli üzrə qiyməti ilin əvvəlində 92.50$-a qədər bahalaşdıqdan sonra ucuzlaşmağa başlayıb və ilin sonunda artıq 69$-71$ aralığında ticarət olunub – 24% ucuzlaşma.