18 mart 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 400 min manat dəyərində səhmləri Bakı Fond Birjasında standart bazar seqmentində listinqə daxil edilib.
FED.az xəbər verir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir.
19 mart 2024-cü il tarixində "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin səhmləri üzrə abunə yazılışı baş tutacaqdır. Səhmlər üzrə yerləşdirmə 27 mart - 1 aprel tarixləri aralığında keçiriləcəkdir.
Yerləşdirmə üzrə anderrayter "CPM-İnvest İnvestisiya Şirkəti” ASC-dir
Adi, adlı, sənədsiz səhmlərin sayı 400 ədəd, hər birinin nominal dəyəri 1000 manatdır.
Yerləşdirmə uğurla yekunlaşarsa “CPM-İnvest İnvestisiya Şirkəti”nin nizamnamə kapitalı 400 min manatdan 800 min manata yüksələcəkdir. “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin yeganə səhmdarı Məmmədova Kəmalə Qələndər qızıdır. “CPM-İnvest İnvestisiya Şirkəti” ASC İŞ-07 nömrəli, 14 noyabr 2022-ci il tarixli lisenziya əsasında investisiya şirkəti fəaliyyətini həyata keçirir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.