Bu həftə ABŞ Federal Ehtiyat Sistemi (FED) və Türkiyə Mərkəzi Bankı (TCMB) də daxil olmaqla 5 önəmli mərkəzi bank monetar siyasətlə bağlı iclas keçirəcək. Bu gün və sabah FED-in iclası, dekabrın 14-də isə TCMB, Avropa Mərkəzi Bankı (ECB), Britaniya Mərkəzi Bankı (BoE), İsveçrə Mərkəzi Bankının (SNB) iclaslarında uçot dərəcəsini dəyişə bilər.
Dünya maliyyə bazarının diqqəti FED-in qərarına yönəldilib. Belə ki, sabah FED-in uçot dərəcəsini 0,25 faiz bəndi artıraraq 1,25-1,50% diapazonuna yüksəltməsi gözlənilir. Bu qərar maliyyə bazarı tərəfindən artıq ehtimal edildiyindən, dolların məzənnəsinin kəskin möhkəmlənməsini gözləmək olmaz. Lakin iki gün sonra, dekabrın 14-də ECB-nin monetar siyasət iclasında heç bir dəyişikliyə getməyəcəyi proqnozlaşdırılır ki, nəticədə, ABŞ və avrozona istiqrazları arasında fərq getdikcə genişlənməyə başlayır. Qeyd edək ki, avrozonada uçot dərəcəsi 0% təşkil edir. Yaxın 6-9 ay müddətində USD/EUR məzənnəsinin 1,14-1,21 diapazonunda qalacağı ehtimal edilir.
Azərbaycan və inkişaf etməkdə olan ölkələr kateqoriyası üçün digər önəmli iclas TCMB tərəfindən keçiriləcək. Uzun zamandır siyasi səbəblərdən uçot dərəcəsini artırmaq istəməyən TCMB, dolların məzənnəsinin 4,00 lirəyə çatdığını görərək dekabrın 14-də keçirəcəyi iclasda faizi artıra biləcəyindən siqnal verib. "Report"un analitik qrupu TCMB-nin faizləri 0,5 və ya 0,75 faiz bəndi artıracağını ehtimal edir. Bu da dolların məzənnəsinin kifayət qədər düşməsinə səbəb olmayacaq. TRY/USD məzənnəsində yenidən 4,00 səviyyəsinə qədər artım gözlənilir. TCMB-nin faizləri kəskin artırmamasına səbəb isə gələcəkdə mümkün böhranlar zamanı əlində kifayət qədər təsir aləti saxlamaq istəməsi amili olacaq.
Dekabrın 14-də keçiriləcək BoE və SNB iclaslarında da uçot dərəcəsinin sabit qalacağı ehtimal edilir. Nəticədə, bu ölkələrin valyutalarının dollarla müqayisədə bir qədər ucuzlaşması gözlənilir. USD/GBP məzənnəsi 1,30-a, USD/CHF isə tədricən 0,98-ə qədər geriləyə bilər.