Azərbaycanda dövlət istiqrazlarının alqı-satqısı kəskin artıb.
FED.az Bakı Fond Birjasına (BFB) istinadən xəbər verir ki, yanvar-oktyabr aylarında dövlət qiymətli istiqrazlarının təkrar bazar dövriyyəsi 473,1 milyon manat olub ki, bu da ötən illə müqayisədə 2,7 dəfə artıqdır.
Bu müddətdə qiymətli kağızlar bazarında repo əməliyyatları da artıb. Belə ki, ilk 10 ayda 968,8 milyon manalıq repo əməliyatı aparılıb. Bu əvvəlki ilin eyni dövründən 75% artıqdır. Dövlət istiqrazları ilə repo əməliyyatları 594 milyon manat (artım 73%), Milli bankın notları ilə repo əməliyyatları isə 367,5 milyon manat (artım 2 dəfə) təşkil edib.
Alqı-satqının kəskin artımının səbəbi nədir?
Qiymətli kağızlara marağın artma səbələrini FED.az-a şərh edən BTB Capital İnvestisiya şirkətinin direktoru Ruslan Cəfərov qeyd edib ki, buna səbəb ilk növbədə əvvəlki illərdən fərqli olaraq milli valyutada yaranmış stabillikdir: «Bu stabillik imkan verir ki, investor uzunmüddətli dövlət qiymətli kağızlarına investisiya etsin».
İnvestisiya şirkətinin rəsmisinin sözlərinə görə, qiymətli kağızlara marağın belə çox olmasına ikinci əsas səbəb ölkədə fəaliyyət göstərən bankların Mərkəzi Bankın not hərracında iştirak etməsi və sifarişə təqdim edilən , lakin boş qalan vəsaitlərin bir hissəsinin Maliyyə Nazilriyinin istiqrazlarına yönəlməsidir.
Ruslan Cəfərovun sözlərinə görə, əvvəliki illərdən fərqli olaraq uzunmüddətli kağızların faiz göstəriciləri 8 yarım 8,30 yaxındır.
Faiz göstəriciləri bir çox bankların depozit faizlərinə barabər olduğu üçün vətəndaşların da son zamanlar bu qiymətli kağızlara marağı artıb. Hansısa banka depozit qoymaqdansa dövlət istiqrazlarına üstünlük verirlər.
“İstiqrazların təkrar bazarda aktiv satılmasına səbəb isə əvvəlki illərdən fərqli olaraq artıq investisiya şirkətlərinin özlərinin də bir oyunçuya çevrilməsidir. Investisiya şirkətlərinin özləri də dilinq əməliyyatları etməyə başlayıblar. Bundan başqa son zamanlar portfel idarə olunması məsələləri aktuallaşdığı üçün investisiya şirkətləri bu yöndə də portfel idarəsi üzrə qəbul etdiyi vəsaiti dövlət kağızlarının üzərindən ticarətinə yönəldir”-deyə Ruslan Cəfərov bildirib.
“Mərkəzi Bankın hərracı bir dəfə olur və 28 günlük olur. Odur ki, notları alan banklar bir çox hallarda 28-günün sonuna qədər bunu satmır. Nadir hallarda satırlar. Dolası yolla onlar öz risklərini 28 günlük müəyyənləşdirib vəsaitlərini bu kağızlara yerləşdirirlər. Amma bu kağızlar arasında ən çox alınıb satılanlar dövlət qısa müddətli istiqrazlarıdır (DQİ)».
Qeyd edək ki, son vaxtlar həm Mərkəzi Banın uçot dərəcəsinin endirilməsi, həm də banklardakı depozit faizlərinin enməsi ilə Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının də faizləri aşağı düşüb. Belə ki, 3 illik istiqrazlar üzrə faiz dərəcələri 8,5%, 2 illik istiqrazlarda 7%, bir illik istiqrazlarda isə 6,1% ətrafındadır: «Hazırda bir illik dövlət qısamüddətli istiqrazlarına və Mərkəzi Bankın notlarına maraq daha çoxdur”-deyə investisiya şirkətini direktoru bildirib.
Repo əməliyyatların artma səbəbləri
“Repo əməliyyatları bütün banklar və sığorta şirkətləri üçün ən aktual və aktiv olan alətə çevrilib. Çünki artıq investisiya şirkətlərinin də bu alətin daha aktiv olmasına rolu böyükdür. Çünki biz illərdir ki, müştərilər ilə görüşəndə müştərilərimizə çatdırırıq ki, sizin borcda qalan vəsaitlərinizi həqiqətən də doğru idarə etmək üçün bu repo gözəl bir alətdir”-deyə Ruslan Cəfərov bildirib.
Korporativ istiqrazlar və xarici şirkətlərin səhmləri
“Ruslan Cəfərovun sözlərinə görə, Korporativ istiqrazlara hazırda ən çox marağı fiziki şəxslər və sığorta şirkətləri göstərirlər. Sığorta şirkətləri də faizin gəlirliyi baxımından maraq göstərirlər sadəcə kapital adekvatlığı baxımından bu istiqrazlara tam önəm vermirlər. Amma hal-hazırda fiziki şəxslər korporativ istiqrazlara ciddi maraq göstərirlər. SOCAR istiqrazlarını korporativ sektora aid etsək ən çox bunlaradır maraq. Həmçinin embafinansın istiqrazlarına da maraq var. Sonuncu hərracda tələb təklifi üstələmişdi. Həmçinin xarici şirkətlərin səhmlərinə almaq istəyən fiziki şəxslərin sayı günü-gündən artır. Əsasən də qızılı əks etditən şirkətlərin səhmlərinə daha çox maraq göstərilir”-deyə investisiya şirkətinin direktoru bildirib.