“ABB-nin yeni emissiya edilən səhmlərinin hər birinin nominal qiyməti 27 qəpikdir. Amma potensial investorlarımız minimum məbləğ şərtini nəzərə almaqla səhmlərə hansı qiymətə abunə yazılacaqlarına özləri qərar verir. Prosesin sonunda rəqabətli üsulla yerləşdirmə həyata keçiriləcək və təbii ki, daha yüksək qiymət təklifi verənlərin ABB-nin səhmlərini əldə etmək şansı da daha yüksək olacaq”. Bunu FED.az-a müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib.
Qiyməti 27 qəpik olan hər səhmə 4,1 qəpik – ABB-NİN SƏHMLƏRİ NƏ QƏDƏR QAZANC GƏTİRİR?
Onun sözlərinə görə, Bankın səhmlərinin qiymətinin hansı həddə qədər yüksəlməsi investorların qiymət təkliflərindən asılıdır. Qiymət təklifində isə investorların gözləntiləri böyük rol oynayır:
“Elə investorlar var ki, səhmləri dividend gəlirliliyinə görə əldə edir və səhmləri daimi gəlir mənbəyinə çevirmək istəyir. Elə investorlar da var ki, səhmin bazar dəyərinin zamanla artacağını proqnozlaşdırıb buna uyğun qərar verir. Abunə yazılışı zamanı səhmlərin alışı üzrə verilən sifarişlərin qiymətinə bu kimi məqamlar öz təsirini göstərir”.
Yeni buraxılmış 322 milyon səhmin hər birinin orta qiyməti 27 qəpikdən yüksək olarsa, bunun ABB-nin bütün səhmlərinin qiymətini yüksəldəcəyini, beləliklə Bankın bazar dəyərinin artacağını da Abbas İbrahimov istisna etməyib.