Xəbər verildiyi kimi, Azərbaycanın ən böyük bankının - Azərbaycan Beynəlxalq Bankının səhmlərinin satışı üçün abunə yazılışı başlayıb.
FED.az xəbər verir ki, abunə yazılışı çərçivəsində ABB-nin 322 milyon səhminin əhaliyə satışı nəzərdə tutulur. Qaydalara görə, bir nəfər minimum 100 səhm, maksimum isə 75 000 səhm ala bilər.
FED.az xəbər verir ki, hazırda hamını maraqlandıran məsələlərdən biri səhmlərin öz sahiblərinə nə qədər qazanc gətirməsidir. ABB-nin rəhbərliyi bununla bağlı hamını maraqlandıran suala aydınlıq gətirib.
Artıq 6 ildir ki, ABB öz səhmdarlarına ardıcıl olaraq yüksək dividend ödəyir. Son illər bu qazanc daha da yüksəlib. Bu barədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov FED.az-a müsahibəsində bildirib.
«2023-cü ilin maliyyə nəticələri əsasında da ABB-nin səhmdarlarına 185 000 000 manat məbləğində dividend ödədik»-deyə sədr bildirib.
Onun sözlərinə görə, bu, hər səhm üzrə 4,1 qəpik və ya 15%-lik dividend deməkdir: «Beləliklə, nominal qiymətlə hesablasaq, səhmlərimiz üzrə dividend gəlirliliyi 15,1%-ə yüksəldi. Səhm üzrə dividend isə son 3 ildə 2.8 qəpikdən 4.1 qəpiyə, yəni 46% artıb».
Ümumiyyətlə son illər ABB-nin yüksək mənfəətlə işləməsi müşahidə edilir. Mənfəət artdıqca onun dividendə ayrılan hissəsi də böyüyür: «Onu da qeyd edim ki, təkcə elə ötən il bir səhmə düşən mənfəət 8 qəpik olub, yəni səhmin gəlirliliyi 31%-ə yüksəlib. Bankımız daha çox qazandıqca, mənfəəti artdıqca, səhmdarlarına daha çox dividend ödəyəcək».
ABB-nin səhmlərinin sahibləri təkcə onların dividendindən qazanmayacaqlar, həm də bahalaşan səhmləri satmaq imkanı da yaranacaq: «ABB-də səhm sahibi olmaq çox böyük qazanc fürsətidir. Səhmdarlarımız bir tərəfdən hər il yüksək dividend qazanırlar, digər tərəfdən isə onların sahib olduqları səhmlərin dəyərinin ildən-ilə artma potensialı var».
Səhmdarlar üçün digər sərfəli məqam ondan ibarətdir ki,dividend gəlirlərindən vergi də tutulmur: «Əlavə olaraq, 2028-ci ilin 1 fevral tarixinə qədər Bakı Fond Birjasının listinqində olan səhmdar cəmiyyətlərin, o cümlədən ABB-nin səhmləri üzrə ödənilən dividendlərə görə fiziki şəxslərdən vergi tutulmayacaq».