Onların arasında Prominvestbank və MR Bank var
Ukraynanın Əmanətlərə Zəmanət Fondu, bu ölkədə ləğv edilmiş 10 bankın, o cümlədən Rusiyanın Ukraynadakı iki törəmə bankının – «Prominvestbank» və «MR Bank»ın aktivlərini satmağı planlaşdırır.
FED.az xəbər verir ki, banların əmlakının satışı ilə bağlı bütün lotların ilkin satış qiyməti demək olar ki, 8,46 milyard UAH (227,5 milyon dollar) təşkil edir.
Hərracda, o cümlədən, bankların kredit portfeli, yəni kreditlər üzrə tələb hüquqları, habelə daşınmaz əmlak obyektləri, torpaq sahələri və s. satışa çıxarılır.
«MR Bank»ın 3,74 milyard UAH (100,2 milyon ABŞ dolları), «Prominvestbank»ın 2,52 milyard UAH (67,7 milyon ABŞ dolları), «Megabank», «Land Capital Bank», «Sich Bank, Zlatobank», «Misto Bank», «Arkada Bank», «Delta Bank»ın və «Fidobank»ın aktivləri satışa çıxarılır. Satışdan əldə edilən gəlirlər banklaorın borclarını qaytarmağa sərf ediləcək.
Ötən ilin fevralında Ukrayna Milli Bankı Rusiyanın bu ölkədə olan «Beynəlxalq Ehtiyat Bankı» (MR Bank) və «Prominvestbank»ın lisenziyasını ləğv etmək qərarına gəlib.
2022-ci ilin martında Ukrayna prezidenti Vladimir Zelenski isə bu ölkədə Rusiyanın və onun rezidentlərinin mülklərinə məcburi həbs qoyulması haqqında qanunu imzalayıb.