"Yelo Bank" ASC 2025-ci ilin ilk rübünün maliyyə vəziyyətini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, bank bu ilin ilk rübündə 11 milyon 200 min manat xalis mənfəət əldə edib. Bu dövrdə bank tərəfindən 1 milyon 200 min manat mənfəət vergisi ödənişi edilib.
Hesabat dövründə bankın faiz gəlirləri 40 milyon 789 min manat, faiz xərcləri isə 984 min manat və ya 8% artaraq 13 milyon 105 min manat təşkil edib.
Bu dövrdə bankın müştərilərinə verilmiş kreditlər üzrə faiz gəlirləri 38 milyon 236 min manat təşkil edib ki, bu da illik müqayisədə 7 milyon 700 min manat və ya 25% çoxdur.
Depozitlər üzrə faiz xərcləri təxminən 824 min manat (7%) artaraq 11 milyon 811 min manata yaxınlaşıb.
Beləliklə xalis faiz gəlirləri 27 milyon 99 min manat olub ki, bu da illik müqayisədə 74 min manat və ya 0,3% çoxdur.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 4 milyon 113 min manat, qeyri-faiz xərcləri isə 22 milyon 261 min manata bərabər olub.
Qeyri-faiz gəlirlərinin 2 milyon 630 min manatı haqq və komissiya gəlirlərinin payına düşüb.
Hesabat dövründə əmək haqqı xərcləri 11 milyon 511 min manat, ümumi və inzibati xərclər 3 milyon 275 min manat, amortizasiya xərcləri 1 milyon 24 min manat, digər xərclər isə 6 milyon 452 min manat olub.
Əməliyyat mənfəəti 8 milyon 952 min manat təşkil edib.
2025-cü ilin ilk rübündə "Yelo Bank"ın akitvləri 1 milyard 260 milyon 889 min manata yaxınlaşıb.
Bankın kredit portfelinin strukturunda artım dinamikası baş verib. Belə ki. ümumi kredit portfeli 960 milyon 276 milyon manat, ondan istehlak kreditləri 272 milyon 410 min manat, biznes kreditləri 599 milyon 41 min manat daşınmaz əmlak kreditləri isə 88 milyon 824 min manat olub. Ümumi kredit portfeli 25 milyon 187 min manat (3%), istehlak kreditləri 8 milyon 833 min manat (3%), biznes kreditləri 11 milyon 798 min manat (2%), ipoteka 4 milyon 556 min manat (5%) böyüyüb.
Hesabat dövründə bankın öhdəlikləri 1 milyard 105 milyon 813 min manat təşkil edib.
Onun da 913 milyon 478 min manatı depozit portfelinin payına düşüb. Bunun da 739 milyon 994 min manatını fiziki şəxslərin əmanətləri, 173 milyon 484 min manatını isə hüquqi şəxslərin depozitləri təşkil edib.
Fiziki şəxslərin əmanətləri 9 milyon 41 min manat (1%) artıb.
"Yelo Bank"ın balans kapitalı 11 milyon 83 min manat (8%) artaraq 155 milyon 75 min manata yüksəlib.