"Unibank" ASC-nin faiz gəlirləri 2025-ci ildə 251,2 milyon manata bərabər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 19,1 milyon manat və ya 8,2% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı maliyyə hesabatlarına istinadən xəbər verir.
Faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər oynayıb. Müştərilərə verilmiş kreditlərdən əldə edilən faiz gəlirləri bir ildə 17,7 milyon manat (8%) artaraq 238,1 milyon manata yüksəlib. Bu maddə ümumi faiz gəlirlərinin 94,8%-ni təşkil edir.
Bankın gəlirlərində ən kəskin artım isə digər maliyyə institutlarına verilən kreditlər üzrə qeydə alınıb. Bu istiqamətdən gəlirlər bir ildə 394 min manat, yəni təxminən 3 dəfə artaraq 609 min manata çatıb.
Digər banklardakı depozitlərdən əldə etdiyi faiz gəlirləri 3,5 milyon manata bərabər olub. Bu da illik 1 milyon manat (42,4%) artım deməkdir.
Ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri 3,7 milyon manat təşkil edib.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə "Unibank"-ın ümumi faiz gəlirləri 232,2 milyon manat, o cümlədən müştəri kreditlərindən gəlirləri 220,4 milyon manat təşkil edirdi.












