"Paşa Bank" bu ilin 3-cü rübündə 3 milyard 249 milyon manat kredit portfelinə malik olub.
FED.az bankın rüblük hesabatına istinadən xəbər verir ki, bankda vaxtı keçmiş kreditlərin ümumi məbləği 151,3 milyon manat təşkil edib. Bu ötən ilin sonu ilə müqayisədə 40,3 milyon manat və ya 36,2% çoxdur. Vaxtı keçmiş kreditlərin ümumi portfeldə çəkisi 4,7% (ötən ilin sonunda 3,8%) təşkil edib.
Vaxtı keçmiş kreditlərin 202,7 milyon manatı qeyri-standart kreditlərdir. Qeyri-standart kreditlərin 102,4 milyon manatı qeyri-qənaətbəxş, 19,7 milyon manatı təhlükəli, 80,6 milyon manat isə ümidsiz kreditlərin payına düşüb. Ötən ilin sonu ilə müqayisədə qeyri-standart kreditlər 34,7 milyon manat və ya 20,7%, qeyri-qənaətbəxş kreditlərin həcmi 16,4 milyon manat (19,1%), ümidsiz kreditlər 24,4 milyon manat (43,4%) artıb, təhlükəli kreditlər 6 milyon manat (23,4%) azalıb.
Bu dövrdə qeyri-standart kreditlərin ümumi protfeldə çəkisi 0,5% artaraq 6,2%-ə, qeyri-qənaətbəxş kreditlərin payı 0,3% artaraq 3,2%-ə, ümidsiz kreditlərin payı isə 0,6% artaraq 2,5%-ə yüksəlib, təhlükəli kreditlərin payı isə 0,3% azalaraq 0,6%-ə düşüb.
Problemli kreditlərin böyük hissəsi kənd təsərrüfatının payına düşüb – 33,3 milyon manat. Bu da ötən ilin sonu ilə müqayisədə 12,1 milyon manat (57,1%) artıb.
Sənayenin digər sahələrində isə problemli kreditlərin həcmi 19,2 milyon manat (2,8 dəfə) artaraq 29,6 milyon manata yüksəlib.
Emal sənayesində problemli kreditlərin məbləği 10,3 milyon manat (2,1 dəfə artaraq) 19,3 milyon manata çatıb.
Fiziki şəxslərin istehlak və ipoteka məqsədi ilə aldığı kreditlərin problemli olan hissəsi 1,1 milyon manat (18%) artaraq 7,1%-ə yüksəlib.