2025-ci ilin yekunlarına görə "Kapital Bank" maliyyə ilini 315 milyon manat xalis mənfəətlə başa vurub.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 128 milyon manat, yəni 69% artım deməkdir.
"Kapital Bank" ASC-nin faiz gəlirləri 1 milyard 180 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 330 milyon manat və ya 39% artım deməkdir.
Bankın faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər və qiymətli kağızlar oynayıb. Belə ki, bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri bir ildə 248,8 milyon manat (35,4%) artaraq 951 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz gəlirlərinin 80,6%-ni təşkil edir.
Bankın gəlirliliyində ən kəskin artım isə qiymətli kağızlar portfeli üzrə qeydə alınıb. "Kapital Bank"-ın ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri bir ildə 101,8 milyon manat yəni 2,2 dəfə artaraq 187 milyon manata çatıb.
Bunun əksinə olaraq, bankın digər banklarda və maliyyə institutlarında yerləşdirdiyi depozitlərdən əldə etdiyi faiz gəlirləri isə 18,1 milyon manat təşkil edib.
Bankın faiz xərcləri 368,4 milyon manata bərabər olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 139,1 milyon manat və ya 60,7% artım deməkdir.
Bankın faiz xərclərinin artımında əsas rolu depozitlərə ödənilən faizlər oynayıb. Belə ki, bankın depozitlərə görə ödənişləri bir ildə 92,1 milyon manat (55,4%) artaraq 258,5 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz xərclərinin 70%-ni təşkil edir.
Ən kəskin artım isə qiymətli kağızlar üzrə qeydə alınıb. "Kapital Bank"-ın qiymətli kağızlar üzrə faiz xərcləri 30,2 milyon manata bərabər olub. Bu da bir ildə təxminən 20 milyon manat yəni təxminən 3 dəfə artım deməkdir.
Eyni zamanda, bankın cəlb etdiyi kreditlərə və depozitlərə görə ödədiyi faizlər də 18,1 milyon manat (53,9%) artaraq 51,6 milyon manat olub.
Hesabat dövründə "Kapital Bank" ASC-nin qeyri-faiz gəlirləri 701,6 milyon manat təşkil edib. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 76,9 milyon manat və ya 12,3% artım deməkdir.
Bankın qeyri-faiz gəlirlərinin artımında əsas rolu alınan haqq və komissiya gəlirləri oynayıb. Bu maddə üzrə gəlirlər bir ildə 75,8 milyon manat (13,5%) artaraq 638,3 milyon manata yüksəlib və cəmi qeyri-faiz gəlirlərinin 91%-ni təşkil edib.
Xxarici valyuta əməliyyatlarından xalis gəliri 49,6 milyon manata bərabər olub. Digər gəlirlər isə 4,58 milyon manat (52%) artımla 13,4 milyon manata yaxınlaşıb.
Qeyri-faiz xərcləri bir ildə 170 milyon manat (20,8%) artaraq 987 milyon manata çatıb. Bu xərclərin ən böyük hissəsini – 304,8 milyon manatını – əmək haqqı və digər kompensasiya xərcləri təşkil edib ki, bu da illik 48,8 milyon manat və ya 19,1% artım deməkdir.
Bununla yanaşı bankın ümumi və inzibati xərcləri bir ildə 11,1 milyon manat (13,6%) artaraq 92,1 milyon manat, amortizasiya xərcləri isə 12,4 milyon manat (28,7%) artaraq 55,6 milyon manat təşkil edib.
Digər xərclər 534,5 milyon manata bərabər olub. Bu da 2024-cü ilə nəzərən 97,5 milyon manat, başqa sözlə, 22,3% artımdır.
Bankın əməliyyat mənfəəti bir ildə 95,4 milyon manat (22,7%) artaraq 515,8 milyon manat təşkil edib.
Hesabat dövründə "Kapital Bank" 86,2 milyon manat mənfəət vergisi ödəyib.
2025-ci ilin sonuna «Kapital Bank»ın aktivləri 11 milyard 321 milyon manat təşkil edib. Aktivlərin yarısı kredit portfelinin payına düşüb – 200 milyon manatlıq artımdan sonra kredit portfeli 5 milyard 419 milyon manat olub.
Ötən il bank qiymətli kağızlara yatırdığı vəsaitləri təqribən yarım milyard manat azaldaraq bu vəsaitlərin bir hissəsini kredit portfelinə yönəldib.
2025-ci ildə «Kapital bank»ın kredit portfelinin böyük hissəsi – təqribən 60%-i istehlak kreditlərinin payına düşüb. İl ərzində bu kreditlər 200 milyon manata yaxın artaraq 3 milyard 135 milyon manatı keçib. Biznes kreditləri 30 milyon manata yaxın artaraq 1 milyard 693 milyon manat, ipoteka kreditləri isə 590 milyon manat olub.
İlin sonuna «Kapital Bank»ın öhdəlikləri 10 milyard 143 milyon manat olub. Öhdəliklərin böyük hissəsi – 8,3 milyard manatı depozit portfelinin payına düşüb.
2025-ci ildə «Kapital Bank»da fiziki şəxslərin əmanətləri yarım milyard manatdan çox artaraq 3 milyard manatı keçib, daha dəqiqi 3 milyard 137 milyon manata yüksəlib. Bankda hüquqi şəxslərin depozitləri isə 5 milyard 152 milyon manat ətrafındadır.
Öhdəliklərdə digər maraqlı dəyişiklik digər kredit təşkilatları qarşısında öhdəliklərin təqriböən 400 milyon manat artaraq 1 milyard manata yaxınlaşması olub.
2025-ci ildə «Kapital Bank»ın kapital mövqeyi də ciddi şəkildə möhkəmlənib. Ötən ilin sonuna bankın cəmi kapitalı 1 milyard 178 milyon manata çatıb ki, bu da il ərzində 250 milyon manat artım deməkdir.
Hazırda bankın kapitalı ölkədə sistem əhəmiyyətli banklar üçün müəyyən edilmiş minimum 12,5%-lik normanı üstələyərək 14,14% təşkil edir. 2025-ci ilə bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı da yüksələrək 9,86% təşkil edib.





!["Kapital Bank"ın gəlirləri rekord vurub, xalis mənfəəti - [red]KƏSKİN ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/656303.png)
!["Kapital Bank"ın gəlirləri rekord vurub, xalis mənfəəti - [red]KƏSKİN ARTIB - HESABAT[/red] | FED.az](upload/news/small/4017726.png)








