"Kapital Bank" ASC-nin faiz gəlirləri 1 milyard 180,1 milyon manata çatıb. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 329,8 milyon manat və ya 38,8% artım deməkdir.
FED.az biznes və maliyyə xəbərləri portalı bankın maliyyə hesabatlarına istinadən xəbər verir.
Bankın faiz gəlirlərinin artımında əsas rolu müştərilərə verilən kreditlər və qiymətli kağızlar oynayıb. Belə ki, bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri bir ildə 248,8 milyon manat (35,4%) artaraq 951 milyon manata yüksəlib. Bu maddə bankın cəmi faiz gəlirlərinin 80,6%-ni təşkil edir.
Bankın gəlirliliyində ən kəskin artım isə qiymətli kağızlar portfeli üzrə qeydə alınıb. "Kapital Bank"-ın ticarət və investisiya qiymətli kağızlarından əldə etdiyi faiz gəlirləri bir ildə 101,8 milyon manat (119,5%), yəni 2,2 dəfə artaraq 187 milyon manata çatıb.
Bunun əksinə olaraq, bankın digər banklarda və maliyyə institutlarında yerləşdirdiyi depozitlərdən əldə etdiyi faiz gəlirləri isə 16,3 milyon manat (47,4%) azalaraq 18,1 milyon manat təşkil edib.
Xatırladaq ki, əvvəlki ilin eyni dövründə "Kapital Bank"-ın ümumi faiz gəlirləri 850,3 milyon manat, o cümlədən kreditlərdən gəlirləri 702,1 milyon manat, qiymətli kağızlardan gəlirləri 85,2 milyon manat, digər banklardakı depozitlərdən gəlirləri isə 34,4 milyon manat təşkil edirdi.











