Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxıb.
FED.az xəbər verir ki, Agentlik Bankın uzunmüddətli emitentin defolt reytinqini (IDR) bir pillə artırmaqla B səviyyəsinə yüksəldib. Agentlik Bankın reytinq proqnozlarını da yaxşılaşdıraraq Stabildən Pozitivə dəyişib.
Reytinqlərdə baş verən dəyişikliklər bir sıra amillərlə izah edilir. Agentliyin rəyinə görə, Azərbaycan Beynəlxalq Bankının aktivlərinin stabil strukturu və keyfiyyəti, son illərdə yüksək gəlirliliklə fəaliyyət göstərməsi Bankda güclü kapital və likvidlik buferi formalaşdırıb. Bankın aktivlərinin keyfiyyəti qənaətbəxş səviyyədədir. Bankın qısa açıq valyuta mövqeyi ilə bağlı riskləri də azalmışdır.
Azərbaycan Beynəlxalq Bankının malik olduğu güclü kapital mövqeyi kredit profili üzrə valyuta risklərini azaldır və hər hansı ciddi valyuta böhranlarına qarşı kifayət qədər dayanıqlıdır. Bankın kapital adekvatlığı göstəriciləri 30% ətrafında olmaqla requlyativ tələbi əhəmiyyətli şəkildə üstələyir.
Xatırladaq ki, aprelin ortalarında Moody’s Beynəlxalq Reytinq Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxaraq reytinq proqnozlarını Stabildən Pozitivə dəyişib. Bankın kredit ödəmə qabiliyyəti reytinqini də bir pillə yüksəldərək b3-dən b2-də qərarlaşdırıb.
Azərbaycan Beynəlxalq Bankının müasir, universal və faydalı məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.