2019-cu ilin sonlarında Kapital Bank-ın könüllü əməkdaşları tərəfindən təşəbbüs qrupu kimi yaradılan, daha sonra isə fəaliyyətini fond olaraq davam etdirən “Qırmızı Ürəklər” ehtiyacı olan insanların həyatına, həyatın müxtəlif sahələrinə dəyər qatmağa çalışır. “Qırmızı Ürəklər” Fondu “Tarix yazan qəhrəmanlar”, “Vətən Bağı”, “Hər şey mümkündür” və bir sıra digər sosial layihələri keçirməklə yanaşı şəhid ailələrinə və qazilərə, uşaq evlərinə və sığınacaqlara, aztəminatlı ailələrə dəstək göstərir.
Eləcə də bax: “Google Pay” ödənişləri Birbank Visa kart sahiblərinə əlavə keşbek - QAZANDIRIR
FED.az “Qırmızı Ürəklər” və onun gördüyü işlər barədə Fondun prezidenti Sevda Haqverdiyevanın müsahibəsini təqdim edir:
- Sevda xanım, “Qırmızı Ürəklər” Fondu necə yarandı?
- “Qırmızı Ürəklər” 2019-ci ilin dekabr ayında Kapital Bank-ın 49 əməkdaşından ibarət kiçik könüllü qrupu kimi fəaliyyətə başladı. İlk dönəmdə qrupun əsas məqsədi uşaq evlərini ziyarət etmək, uşaqlar üçün rəsm, mütaliə və əl işlərinə dair master-klaslar keçirmək idi. “COVID-19” virusu ilə əlaqədar tətbiq olunan karantin rejimi müddətində “Qırmızı Ürəklər” artıq bütün ölkə üzrə aztəminatlı ailələrə, ehtiyacı olan insanlara ərzaq yardımı etməyə başladı. 2020-ci ilin yay aylarında Tovuz rayonu istiqamətində cəbhədə yaranan gərginlik zamanı orada hərbi qulluq keçən igidlərimizə ilk dəfə “əsgər payı” göndərildi. Vətən müharibəsi dövründə “Qırmızı Ürəklər”in sıralarına bankın əməkdaşları ilə yanaşı digər vətəndaşlar və xaricdə yaşayan həmyerlilərimiz də qoşuldu. Beləliklə könüllülərin sayı 200-ü keçdi. Müharibə zamanı bütün qaynar nöqtələrə “əsgər payı” göndərilirdi, həmçinin 1500-dən çox əsgər ailəsi ziyarət olundu, müalicədən tutmuş müharibə iştirakçılarının evlərində təmir-tikinti işlərinə qədər hər cür maddi və mənəvi yardım göstərildi. Fəaliyyətini xeyli genişləndirən təşəbbüs qrupu 2020-ci ilin dekabr ayının 15-də “Qırmızı Ürəklər” Fondu olaraq rəsmi şəkildə qeydiyyata alındı.
- Sizcə, insanları könüllü olmağa sövq edən ən vacib amillər hansılardır?
- Başqalarına kömək etmək və faydalı olmaq insanlara gələcəyə, yaxşılığa inam hissini bəxş edir. Könüllülük fəaliyyəti yeni mühit və yeni dostluqlar gətirir. Komandalar və fərdlər arasında harmoniya yaradır.
Könüllülük fəaliyyəti Azərbaycan cəmiyyəti üçün əslində heç də yenilik deyil. Yardımsevərlik, ehtiyacı olana təmənnasız kömək göstərmək xalqımızın ruhundadır. Bu torpaqlarda yaşayan insanlar min illərdir ki, yardımsevərliyi bir dəyər kimi qoruyub, yaşadıb, nəsildən-nəsilə ötürürlər.
Hal-hazırda komandamızda 200-dən çox könüllü müxtəlif layihə və aksiyalar üzrə Fondun fəaliyyətinə töhfə verir. Həyata keçirdiyimiz xeyriyyə aksiyalarından sonra yüzlərlə xoş sözlər eşidirik. Könüllülərimiz “kaş ki siz o gözlərdə olan sevinci görəydiniz” deyirlər. Məhz bu kimi sözlər könüllüləri öz istirahət vaxtlarını belə xeyirxah işlərə sərf etməyə sövq edir. Məşhur ingilis yazıçısı Luis Kerrolun bir sitatı var: “Həyatın ən vacib sirlərindən biri budur ki, etməli olduğumuz yeganə şeylər yalnız başqaları üçün etdiklərimizdir”.
Düşünürəm ki, həyatda kiməsə dəstək olmaqdan, dar günündə əl tutmaqdan gözəl heç nə ola bilməz.
- Bəs siz Fond olaraq nədən ilham alırsınız?
- Fond olaraq gördüyümüz işlərin nəticəsini görəndə böyük məmnunluq hissi keçiririk. Nümunə olaraq bir hadisəni danışmaq istərdim. Vətən müharibəsindən sonra Fonda daxil olan müraciətlərin bəziləri qazilərimizin təhsil xərclərinin qarşılanması ilə bağlı idi. Təhsil xərclərinin ödənilməsinə dəstək olduğumuz qəhrəmanlarımızdan biri bu yaxınlarda mənim “Facebook” səhifəmə yazdı. “O zaman çox çətin anımda mənə göstərdiyiniz dəstəyin həyatımda necə böyük bir dönüş nöqtəsi olduğunu təsvir edə bilmirəm. Elə həmin vaxtlar düşündüm ki, belə xeyirxah həmvətənlərimə görə canımı fəda etməyə dəyər. Gördüyünüz o xeyirxah işlər bəlkə də sizin üçün kiçik görünə bilər, lakin o toxunuşlarla insanların həyatına rəng qatıb, onları həyata tutunmağa sövq edirsiniz. Bunun isə ölçülə biləcək dəyəri, qiyməti yoxdur. Hal-hazırda mən Vətən Müharibəsi Qəhrəmanı kimi Prezident təqaüdü alıram. Artıq mən də sizin ianəçilərinizin siyahısında olacağam. Çünki Fondun şəffaflığına və düzgünlüyünə inanıram”, — deyə mesajda bildirilirdi. Şəxsən tanımadığın, görüşmədiyin insanlardan bu cür xoş sözlər eşitmək bizləri ruhlandırır, həvəsləndirir və ilhamlandırır. Çox qürurverici bir haldır ki, nə vaxtsa yardım etdiyimiz insanlar indi Fondun fəaliyyətinə töhfə verməyə çalışırlar. Fondun şüarı lap yerinə düşür: “Etdiyimiz gözəl əməllər bizə geri qayıdır”.
- Hal-hazırda Fond hansı istiqamətlər üzrə fəaliyyət göstərir və bu il hansı layihələri həyata keçirib?
- “Qırmızı Ürəklər” Fondu prioritet olaraq özünə 3 fəaliyyət istiqaməti seçib. “Cəmiyyət”, “Heyvanlar” və “Ətraf mühit”. Bu istiqamətlər üzrə Fond öz büdcəsi, Türkiyə, Rusiya, Almaniya, ABŞ, Avstraliya və digər ölkələrdən olan, həmçinin yerli donorlar və xeyirxah insanların ianələri hesabına daim müxtəlif layihələr və yardım aksiyaları həyata keçirir.
2022-ci ildə Fond “Vətən Bağı”, “Tarix yazan qəhrəmanlar”, “Hər şey mümkündür”, “Batareyaları təhvil ver, təbiəti qoru” layihələrini, Gənc Qan Donorlarının III Ümumrespublika Forumunu, ehtiyacı olan insanlara ərzaq yardımının göstərilməsi, aztəminatlı müharibə iştirakçılarının ailələrinin himayəyə edilməsi, “Campbell Biologiya” kitabının tərcümə olunması və digər təşəbbüsləri həyata keçirib.
Aztəminatlı ailələrdən olan qızların təhsil alması istiqamətində bu il yeni layihəyə start verməyi planlaşdırırq. Bu layihə bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Hacı Zeynalabdin Tağıyevin gözəl bir fikrini xatırlatmaq istərdim. O deyirdi ki, “bir oğlana təhsil verməklə təhsilli bir insan qazanırsınız, bir qıza təhsil verməklə isə təhsilli bir ailə”. Əminəm, bu layihə bizim ən uğurlu layihələrimizdən biri olacaq.
- “Qırmızı Ürəklər”in fəaliyyəti dövründə ən yadda qalan hadisələrdən birini danışa bilərsiniz?
- Əslində yadda qalan anlar, hadisələr çoxdur. Lakin məni ən çox heyran edən 44 günlük müharibə dövründə könüllülərimizin 24/7 rejimdə, istirahət etmədən 1500 əsgər ailəsini ziyarət edib, onlara həm maddi, həm də mənəvi yardım göstərmələri oldu. Əsgərlərimiz ön cəbhədə vətənimizin ərazi bütövlüyü uğrunda döyüşərkən gözləri arxada qalmasın deyə “Qırmızı Ürəklər” onların ailələrinə dəstək olmağa çalışırdı. Elə könüllülərimiz var idi ki, tək başına 200 əsgər ailəsinə yardım çatdırmışdı. Ona görə də bu işdə əməyi olan könüllülərimizi “arxa cəbhənin qəhrəmanları” adlandırırıq. Xatırlayırsınızsa, o vaxtlar VPN belə işləmirdi. Biz isə edilən yardımların hesabatlarını donorlara təqdim etməliydik. Hesabatları göndərmək üçün könüllülərimiz digər rayona, qəsəbəyə, kəndə gedir, şəbəkə olan yeri tapır və hesabatları göndərirdilər. Çünki bizim fəaliyyətimizdə şəffaflıq və donara hesabatın dolğun təqdim edilməsi ən əsas amillərdən biridir.
- Sizcə, bu qədər insanın Fonda etimad göstərməsinin səbəbi nədir?
- İlk növbədə şəffaflıq. Biz müharibədən öncə də təşəbbüs qrupu olaraq bankdaxili əməkdaşlar arasında vəsait toplayıb müxtəlif xeyriyyə aksiyaları həyata keçirdirdik. Həmin vaxtda belə hesabatları hamı ilə paylaşırdıq. Müharibə dövründə bizim fəaliyyətimiz artıq şirkət, ölkə daxilindən kənara çıxdı, Azərbaycanın hüdudlarını aşdı. Biz ianə edən hər bir şəxsə vəsaitinin hara xərcləndiyi ilə bağlı hesabat təqdim edirik. Bu da bizə olan etibarı, güvəni, inamı artırır. Bir məqamı da qeyd edim ki, insanlar fərqlidir və onların empatiya hissi də fərqlidir. Kimisi daha çox aztəminatlı ailələrə ərzaq yardımı etmək istəyir, kimisi təhsillə bağlı, kimisi heyvanlar, ekologiya ilə bağlı layihələrə öz töhfəsini verməyə çalışır. Bu səbəbdən biz Fondun fəaliyyət istiqamətlərini müəyyənləşdirərkən donorların arzularına, istəklərinə hörmətlə yanaşıb onlara seçim vermək üçün bir neçə istiqamət müəyyənləşdirmişik.
- Bəs “Qırmızı Ürəklər”ə necə dəstək göstərmək olar?
- Hər kəs Fondun veb-saytına (redhearts.az) daxil olaraq ianə edib bizim fəaliyyətimizə dəstək göstərə bilər. İanələri Kapital Bank terminalları, o cümlədən Birbank mobil tətbiqi vasitəsilə də etmək mümkündür. Digər terminallarda və tətbiqlərdə “Qırmızı Ürəklər”ə ianə etmək imkanının yaradılması üçün müvafiq addımlar atılır. Həmçinin Fondun veb-saytının “Əlaqə” bölməsindən təklif və rəyləri, könüllülük fəaliyyəti ilə bağlı müraciətləri bizə yönləndirmək olar. Verilən hər bir töhfə həyata keçirdiyimiz layihələr üçün olduqca vacibdir.
“Qırmızı Ürəklər” Fondunun 2022-ci ildə gördüyü işlərə dair videoçarx hazırlanıb: https://kbl.az/rhhesabat