«Uzaqda deyil, Zəfər Meydanını keçib Pənahəli xan küçəsinə dönürsən, ABB oradadır». Son bir neçə ilə qədər inanılmaz səslənən bu kəlmələri yolu soruşduğumuz Xankəndi sakininin dilindən eşidəndə Qarabağda əslində hansı miqyasda uğur qazandığımızı tam anlayırsan.
ABB Bankın səhmdarları 16%-ə yaxın - DİVİDEND QAZANA BİLƏRLƏR
FED.az xəbər verir ki, azad ediləndən sonra canlanan, gündən-günə dirçələn Xankəndiyə yerli sakinlərdən əvvəl biznes nümayəndələri və tələbələr ayaq basıb. Böyük iqtisadi potensialı olan şəhərdə iş adamları qaynayır. Qarabağ universitetinin müəllim-tələbə heyəti isə şəhərdə ilk alıcı qüvvəsini formalaşdırıb. Fasiləsiz quruculuq işləri gedən şəhərdə digər məsələlərlə yanaşı, bank xidmətlərinə də tələbat kəskin artıb. Bu tələbatı qarşılamaq üçün Xankəndində Azərbaycan bankları da işə başlayıb. İlk filialdan biri ölkənin bank sektorunun lideri Azərbaycan Beynəlxalq Bankının – ABB-nin oldu.
Azərbaycanın iqtisadi gücünün atributlarından birinə çevrilmiş ABB-nin filialının Pənahəli Xan küçəsində yerləşməsi isə doğma torpaqlara qayıdışın simvoludur.
Filialda adamı isti, ABB-nin özünəməxsus işgüzar, eyni zamanda rahat mühiti, məşğul bank əməkdaşları və kiçik növbənin bitməsini gözləyən müştərilər qarşılayır.
ABB-nin Xankəndi filialının rəhbəri təcrübəli bankir Aqil Alıyev filialın fəaliyyəti, gələcək planları, şəhərin biznes mühiti və iqtisadi imkanları ilə bağlı FED.az-ın suallarını cavablanırdı.
Aqil Xadat oğlu Alıyev - 1982-ci ildə Bakıda doğulub. 284 nömrəli məktəbi bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət Neft Akademiyasının (indiki Azərbaycan Sənaye Universiteti) İqtisadiyyat fakultəsində alıb. 2007-ci ildən bank sektorundadır, müxtəlif banklarda çalışıb.
2018-ci ildən isə ölkənin ən böyük bankı olan ABB-də (Azərbaycan Beynəlxalq Bankı) fəaliyyətə başlayıb. İndiyədək Bankın müxtəlif xidmət ofislərində, o cümlədən Şamaxı, Salyan və Şirvan filiallarında məsul vəzifələrdə çalışıb. 2024-cü ilin mayında Xankəndi şəhərində ABB-nin filialı fəaliyyətə başlayanda filialın rəhbəri təyin edilib.
- Aqil müəllim, necə oldu ki, Xankəndi filialına təyinat aldınız? Bu şəhər ölkəmizin suverenliyi baxımından böyük simvolik əhəmiyyət daşıyır. Xankəndidə işləmək şərəfli, həm də ikiqat məsuliyyətlidir. Bura təyinatı necə qarşıladınız?
- Əlbəttə ki, Xankəndinə təyinat aldıqda çox sevindim və qürurlandım. ABB-nin prosedur qaydalarına uyğun olaraq filial rəhbərliyinə seçim və təyinat müsahibə əsasında keçirilirdi, namizədsə tək mən deyildim. Başqa bir neçə filialın rəhbərinə də Xankəndidə işləmək təklif olunmuşdu, bizimlə müsahibə keçirildi. Bütün filial rəhbərlərimiz bu şərəfli və məsuliyyətli işdə çalışmağı arzu edirdilər. Rəhbərliyin seçim zamanı namizədliyim üzərində dayanması məni çox ruhlandırdı, eyni zamanda üzərimə böyük məsuliyyət qoydu. Çalışırıq ki, fəaliyyətimizdə, müştərilərə xidmətdə bu etimadı doğruldaq.
- ABB-nin Xankəndi filialı hansı rayonlara xidmət göstərir?
- Biz burada Xankəndi, Xocalı, Xocavənd, Ağdərə rayonlarından olan müştərilərmizə, eləcə də Kəlbəcərdəki müştərilərə xidmət göstəririrk. Yəni bu bölgədə fəaliyyət göstərən ilk filial olduğumuza görə əlaqələr artıq yaranıb.

- Xankəndi filialında müştərilərə hansı xidmətlər təqdim olunur?
- ABB-nin digər filiallarında göstərilən bütün xidmətlər Xankəndi filialında da təqdim olunur. Məsələn, biznes və istehlak kreditləri, fiziki və hüquqi şəxslər üçün bank hesablarının açılması və onlara xidmət, müxtəlif əməliyyatların aparılması, depozit və əhalidən əmanətlərin qəbulu kimi xidmətlər göstərilir. Müxtəlif özəl və dövlət qurumlarına əməkhaqqı kartları və s. xidmətlər təqdim edilir. Bir sözlə, filialımızda bütün növ bank xidmətlərindən faydalanmaq olar. Ola bilər ki, hansısa xidmət üzrə filialda mütəxəssis olmasın, bu da problem deyil, həmin müraciət qəbul edilir, bankın müvafiq struktur bölməsinə yönəldilir və kommunikasiya edilir ki, həmin müştəriyə xidmət göstərilsin. Müştərinin xidmət almaq üçün bura müraciət etməsi kifayətdir, biz ona bütün dəstəyi göstəririk.
- Xankəndi sakinləri ən çox hansı xidmətlərdən istifadə edirlər?
- Şəhər hələ yeni məskunlaşır, ona görə ilkin olaraq hesabların açılması və hesablar üzrə xidmətlərə daha çox tələbat var. Burada geniş quruculuq işləri aparılır, sahibkarlara biznes üçün geniş imkanlar yaradılır. Biznes fəaliyyəti üçün də bank hesabları və bankla əməliyyatlar vacibdir.
- Xankəndidə ən çox gözə dəyən iaşə müəssisələri, yəni restoranlardır, yəqin onlara da bank xidməti göstərilir…
- Bəli, onlara da bank xidməti göstəririk. Bundan başqa, şəhərin özündə də dövlət qurumlarının fəaliyyəti genişlənir. Biz buraya yeni gələndə Xankəndidəki dövlət qurumları müxtəlif rayonlardakı idarələrin əməkdaşları idilər, bura ezam edilmişdilər. Vaxt keçdikcə, Xankəndinin özündə həmin qurumların şöbələri fəaliyyətə başladı. Onlara bank hesablarının açılması və xidmət filial tərəfindən edilir.
-Aqil müəllim, siz buraya təqribən ilyarım əvvəl gəlib fəaliyyətə başlamısız, bu ilyarım əvvəllə indiki dövrü müqayisə etsək, həm şəhərin inkişafı, həm də müştəri aktivliyi baxımından hansı fərqi görürsünüz?
- Əlbəttə, o vaxtdan indiyədək böyük fərq var. Şəhərdə canlanma artıq 2024-cü ilin sentyabr-oktyabr aylarından hiss olunmağa başlamışdı. Çünki ilk növbədə şəhərdə Qarabağ universiteti açıldı, buraya mindən artıq tələbə, 200-300 müəllim heyəti gəldi. Onların fəaliyyətə başlamasından sonra şəhərdə aktivlik, o cümlədən sahibkarların fəallığı daha da artdı. 2024-cü ilin yay aylarında otel və restoranların sayı o qədər də çox deyildi. Amma səyahətçilər və yerli turistlərin sayında aktivlik böyük oldu. 2025-ci ilin yayında isə artıq şəhərdə turistlərin tələbatını qarşılayacaq infrastruktur qurulmuşdu və bu yay aktivlik daha yüksək göründü. Yəni bu yay həm turistlərin, həm də onlara xidmət göstərən iaşə obyektlərinin sayı da artdı.
2024-cü ildə turistlər Xankəndinə sadəcə maraq üçün gəlirdilər – şəhər yenicə işğaldan azad edilmişdi, şəhərdəki ümumi ab-havaya, quruculuq işlərinə böyük maraq vardı, hələ məskunlaşma az idi. İndi isə daha böyük işlər görülür və şirkətlər fəaliyyət göstərir, burada işləyənlər də çoxdur. Hazırda şəhəri əsas məskunlaşdıranlar burada fəaliyyət göstərən şirkətlərin və dövlət qurumlarının əməkdaşlarıdır.

- Əgər bir il, ilyarım əvvəllə müqayisə etsək, əvvəllər filiala gün ərzində neçə müştəri gəlirdi və indi bu say necədir?
- Təbii ki, fəaliyyətə başladığımız ilk ay ərzində ümumiyyətlə hələ filialı tanımırdılar, onun harada yerləşdiyini bilmirdilər. Həmin vaxt müraciət edənlər az idi – gün ərzində 1-2, maksimum 4-5 nəfər müştəri gəlirdi. Sonrakı aylarda müştəri sayı artaraq gündə 30-40-a yüksəldi. İndi isə böyük canlanma var və gündəlik təxminən 150-160 müştəriyə xidmət edirik.
- Sizcə hazırda Xankəndi şəhəri potensialından hansı səviyyədə istifadə edir?
- Fikrimcə, hazırki vəziyyət, şəhərin ümumi potensialının hələ bəlkə 30%-ni keçmir, yəni şəhərin böyük iqtisadi potensialı var. Hələlik buraya daimi köç olmayıb, hazırda şəhərdə yalnız hansısa qurumda çalışanlar, şirkət əməkdaşları məskunlaşıb və yaşayırlar. Şəhərə köç olsa, əminəm ki, əhali sayı daha da artacaq, xidmətlər isə daha da canlanacaq.

-Belə çıxır ki, sizin qiymətləndirmənizi nəzərə alsaq, Xankəndi tam məskunlaşarsa, bankın əməliyyatlarının sayı və həcmi 3-4 dəfə arta bilər?
- Bəli elədir, artım hökmən olacaq.
- Aqil müəllim, Xankəndi filialında kreditlər hansı şərtlərlə verilir? Məsələn, istehlak və ya biznes kreditləri?
- İki il əvvələ qədər bankımızda kreditlər əsasən standart prosedurlar əsasında verilirdi və kredit şərtləri də standart idi. Hazırda isə kreditlərin, o cümlədən istehlak, biznes və mikro kreditlərin verilməsində skorinq sistemi tətbiq edilib, hər bir müştəriyə fərdi yanaşmaq imkanımız var. Yəni kreditlərin faizləri, şərtləri və limitləri müştərinin kredit tarixçəsindən, aktivliyindən, bankın digər məhsullarından nə qədər aktiv istifadə etməsindən, bundan əvvəlki kreditləri nə qədər davamlı ödəməsindən və digər göstəricilərindən asılıdır. Bütün bu faktorlar kredit verilərkən istifadə edilir. Bu sistem müştərini, onun ödəniş qabiliyyətini qiymətləndirmək baxımından çox əlverişlidir.

-Bunları nəzərə alsaq, kredit faizləri hansı rəqəmdən başlayır?
-Xankəndidə istehlak kreditləri illik 10,9%-dən başlayır.
-Burada istehlak kreditlərini, əsasən, kimlər alır? Yəni bu kreditləri almaq üçün müraciət edənlər kimlərdir, nə məqsədlə alırlar?
-İstehlak kreditlərini almaq üçün müraciət edənlər təbii ki, Xankəndidə çalışanlar, müəllimlər, həkimlər, digər qurumların əməkdaşlarıdır. Kreditləri əsasən istehlak məqsədilə alırlar, avtomobil alınması, təhsil, ev təmiri, xeyir iş və s.
-Hazırda bankların müştərilərə təklif etdikləri əsas məhsullardan biri debet kartlardır – ABB-nin Xankəndi filialında da debet kartlar varmı və bu kartlara maraq necədir?
-Bəli kartlar müştərilərə təklif etdiyimiz əsas məhsullarımızdandır. Müştərilər debet kartlarından aktiv istifadə edirlər. Kartlarımızın şərtləri çox sərfəli və bazar tələblərinə uyğundur.

-Yəni indi istənilən Xankəndi sakini yaxınlaşıb ABB-dən debet kartı ala bilər?
- Əlbəttə istənilən sakin, burada yaşayıb işləyən istənilən şəxs, müəllimlər, həkimlər, tələbələr – əgər 18 yaşı tamamdırsa, ABB-nin digər filiallarında olduğu kimi, bizim filialda da asanlıqla kart alıb istifadə edə bilərlər. Bu kartlara böyük tələbat var. Çünki son dövrlər müştərilər nağdsız əməliyyatlara üstünlük verirlər. Sahibkarlar da posterminallardan aktiv istifadə edirlər, biz iş adamlarına posterminallar, o cümlədən mobil posterminallar veririk ki, daşınan və rahat olsun.
- Bəs biznes kreditləri hansı şərtlərlə verilir və onlara maraq necədir?
- Biznes kreditlərinə maraq da təbii ki, böyükdür. Biz bank olaraq daha çox istehsal sahələrinə kredit ayırmaqda maraqlıyıq. Çünki bu, yeni iş yerlərinin yaradılması deməkdir, ölkənin də bununla bağlı prioritetləri var.

- Məsələn, hazırda Xankəndində çoxsaylı biznes obyektləri var, əsas da restoran və otellər, onlar ABB-dən biznes məqsədilə, o cümlədən bu obyektləri təmir edib qaydaya salmaq üçün biznes krediti götürə bilərlər?
- Əlbəttə götürə bilərlər, amma bunun üçün müştərinin ödəniş qabiliyyəti də uyğun olmalıdır. Müştərinin bundan əvvəl gəliri olan, ona krediti ödəməyə imkan verən biznesi, fəaliyyət sahəsi varsa, yəni bu sahədə bir biznes təcrübəsi və ya gəliri də varsa, rahatlıqla kredit götürə bilir. Obyektlərin götürülməsi, təmiri, bura üçün avadanlıqların alınması və s. hər hansı sahibkarın belə fəaliyyəti varsa, rahat müraciət edə bilər.
Bəzən isə bizneslə ilk dəfə məşğul olmağa başlayan şəxslər də müraciət edir. Belələri də kredit götürə bilir, amma əvvəlcə onlara bildirilir ki, bankımızın prosedurlarına görə, azı 6 ay bu fəaliyyətlə məşğul olsunlar, mövsümləri görsünlər, çünki burada qış nisbətən sərt keçir. Onların ödəniş qabiliyyəti dəqiqləşdirilsin, əmin olaq ki, biznes dayanıqlıdır və onlar kredit ödəyə biləcəklər, ondan sonra qiymətləndirmə aparılaraq kredit ayrıla bilər.
Belə müraciətlər olanda Baş ofisə müraciət edirik, oradan gəlib biznesi qiymətləndirirlər və kredit barədə qərar verilir. Əgər kreditdən imtina olunursa, onun da səbəbi sahibkara bildirilir.
- Ümumiyyətlə filialın kredit portfelinin həcmi nə qədərdir, indiyədək nə qədər kredit vermisiniz?
- Hazırda bizim filialın ümumi kredit portfeli 2,5 milyon manata yaxındır. Bunun 1 milyon 850 min manatı istehlak kreditlərinin payına düşür. Kiçik və orta sahibkarlıq kreditləri 500 min manat, mikrokreditlər isə təqribən 70 min manat təşkil edir.

- Kredit, xüsusilə istehlak kreditləri varsa, hökmən gecikmə də olmalıdır. Sizdə necə, kreditlərdə gecikmələr də qeydə alınırmı?
- Əksər müştərilərimiz çox məsuliyyətlidirlər və ödənişləri bir qayda olaraq vaxtında edirlər, amma bəzi müştərilərdə ödənişlərdə gecikmələr olur. Bunun da əsas səbəbi burada çalışanda kredit götürən, amma sonradan işdən çıxan əməkdaşlarla bağlıdır. Biz həmin müştərilərlə maraqlanırıq, onların gecikmələrinin səbəbini araşdırırıq və ehtiyac olarsa həmin kreditin müddətinin uzadılması və ya restrukturizasiyası təklif edilir. Ümumiyyətlə, müştəriyönümlü bankıq və belə vəziyyətləri müştərilərimizlə birlikdə həll etməyə çalışırıq.
- Xankəndində bir ildən çoxdur ki, fəaliyyət göstərirsiniz, burada ən çox aktivlik nə vaxtlar müşahidə olunur və müştərilərin aktivliyi nədən asılıdır?
- Əsas aktivlik qonaqların artımı dövründə - payız və yay aylarında müşahidə olunur. Bir də aktivliyə təsir edən digər məsələ portallarda qeydiyyat tələbidir. Yəni bu bölgəyə gəlmək istəyən şəxs portallarda qeydiyyatdan keçməlidir, buna müəyyən vaxt tələb olunur və bu da aktivliyə təsirini göstərir.
- Xankəndi filialının kollektivi böyükdürmü, burada kimlər çalışır?
- Filialımızda 5 nəfər çalışır. İşçilərimizin hamısı Qarabağdandır. Məsələn, əməkdaşlardan biri ağdamlıdır, işğaldan əvvəl 10 yaşına qədər Ağdamda yaşayıb, daha sonra məcburi köçkün həyatı yaşayıb, indi qayıdıb və burada çalışır. Cəbrayıl rayonundan əməkdaşımız var, vaxtilə Biləsuvarda məkunlaşıblar, indi burada çalışır. Digər əməkdaşımız, kassirimiz Elnur müəllim əslən Kəlbəcərdəndir, Bərdədə məskunlaşmışdı indi Xankəndidə yaşayır. Texniki işlərə baxan əməkdaşımız da Qarabağdan, Ağdamdandır. Biz burada bir ailə kimi çalışıb, xidmət göstəririk.
- Xankəndi sakinlərinin əksəriyyəti ABB-nin Xankəndi filialının yerini tanıyır, elə mən də bura sakinlərdən soruşaraq gəldim. Bəs bank Qarabağ bölgəsində müştərilərə nə qədər əlçatandır? Məsələn, burada neçə bankomatınız var?
- Əvvəlcə qeyd edim ki, qarşıdakı dövrdə Xankəndi şəhərində ABB-nin Regional inkassasiya mərkəzinin yaradılması planlaşdırılır. Bu, birbaşa bankomatlara xidmətlə məşğul olan qurumdur. Hazırda bu işlər Yevlaxdakı Mərkəz vasitəsilə həyata keçirilir. Bankomatların sayına gəlincə, azad edilmiş ərazilərdə ABB-nin ümumən 16 bankomatı quraşdırılıb. Xankəndidə 3, Hadutda 1, Xocalıda 1, Ağdamda 2, Zəngilanda 2, Cəbrayılda 1, Füzulidə 2, Şuşada 2, Laçında 1, Kəlbəcərdə 1 bankomatımız var.
-ABB Xankəndidə hər hansı yeni xidmət göstərməyi planlaşdırırmı?
-Biz mütəmadi olaraq Xankəndi rəhbərliyi ilə görüşlərə dəvət edilirik, burada şəhərdə görülən və planlaşdırılan işlərin müzakirəsi aparılır. Xankəndidə böyük layihələr planlaşdırılır və icra edilir, burada yaşayış və ictimai infrastrukturun tikintisi, yenidən qurulması nəzərdə tutulur.
Bununla bağlı, xüsusi nümayəndəliyin bizə xüsusi bildirişi də var ki, burada mənzillərin satışı üçün ipoteka kreditlərinin verilməsinə tələbat yarana bilər. Biz filial olaraq bununla bağlı Baş ofisimizə, ABB-nin müvafiq departament və şöbələrinə məlumat vermişik. Xankəndidə yeni yaşayış binalarının tikintisi başlayanda və burada ipoteka kreditlərinin verilməsinə ehtiyac yarananda bizim müvafiq departement və şöbələrimiz bununla bağlı lazımi məhsullar yaradacaqlar və ipoteka kreditlərinin verilməsinə başlayacağıq.















