Bu gün tez-tez Azərbaycanda bank kreditləri üzrə faizlərin yüksək olduğu barədə fikirlər səsləndirilir. Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov bildirib ki, hazırda ölkəmizin bank sektorundakı faizlər qonşu ölkələrdən yüksək deyil. Palata rəhbərinin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb.
Qeyd edək ki, Palatanın məlumatına görə, Azərbaycanda milli valyutada istehlak kreditləri üzrə orta faiz dərəcəsi 23-24%-dir.
FED.az Marja.az-a istinadən xəbər verir ki, Azərbaycandakı banklar istehlak kreditlərini 16-19%-dən başlayan illik faizlər ilə təklif etdiklərini bəyan edirlər. Adətən reklamlarda göstərilən bu minimum faizlərdən yararlanmaq çoxlarına qismət olmur. Ən aşağı faizlərdən kredit tarixçəsi müsbət olan təkrar müştərilər, əməkhaqqısını müraciət edilən bankın kartı ilə alanalar, təminatları (zamin, əmlak və ya qızıl) olanlar və digər bir sıra şərtlərə cavab verənlər faydalana bilirlər. Adətən əksər yeni müştərilər üçün faiz dərəcəsi, kredit proseduruna komissiya da nəzərə alındıqda 20%-i artıqlaması ilə aşır.
Bəs Palatanın sədri doğru danışır?
FED.az məlumat verir ki, “Marja.az” Azərbaycandakı istehlak kreditinin xərcini qonşularımız olan Rusiya, Türkiyə, Qazaxıstan və Gürcüstan ilə müqayisə edib.
Müqayisəni 12 ay müddətinə alınan 5 min manat kredit əsasında apardıq.
24 Noyabr 2019-cu il tarixində Mərkəzi Bankın məzənnəsinə əsasən 1 Rusiya rublu 0,0267 manata, 1 Türk lirəsi 0,2983 manata, 1 Qazaxıstan tengesi 0,0044 manata və 1 Gürcüstan larisi 0,5712 manata bərabər olub.
Beləliklə, 5000 manat – 187 min 300 Rusiya rubluna, 16 min 761 Türkiyə lirəsinə, 1 milyon 136 min Qazaxıstan tengəsinə, 8 min 753 Gürcüstan larisinə bərabər olub.
İlk öncə Azərbaycandakı bir neçə bankın rəsmi saytlarındakı kredit kalkulyatorundan istifadə edərək 1 illik 5000 manat kreditə görə ödəniləcək xalis faizi (borcun xərcini) hesabladıq. İlk öncə qeyd edək ki, bankların saytlarındakı kredit kalkulyatorlarının təqdim etdiyi hesablamalar məlumat xarakterlidir. Dəqiq məlumatlar Bankın əməkdaşları tərəfindən təmin edilə bilər. Amma, məlumat xarakterli məlumat ilə dəqiq məlumat kəskin fərqlənmir. Həmçinin əlavə edək ki, kampaniyalar müddətində alınan kreditin xərci nisbətən aşağı ola bilər. Bundan başqa, bankın kreditin rəsmiləşdirilməsi və ya nağdlaşdırılması üçün tətbiq etdiyi komissiya müştərinin xərcini artıra bilər.
“AZƏRBAYCAN BEYNƏLXALQ BANKI” ASC, 616 – 674 MANAT
“Azərbaycan Beynəlxalq Bankı” ASC-də təminatlı (zamin ilə) istehlak kreditinin faiz dərəsi 18-22%, təminatsız istehlak kreditinin faiz dərəcəsi 20-24% təşkil edir. Bankın saytındakı kalkulyatordan istifadə edərək hesablama apardıq. Əgər Beynəlxalq Bankdan 12 ay müddətinə, illik 22%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 616 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5616 manat qaytarır. 616 manat əsas məbləğin (5000 manat) 12,3%-nə bərabərdir.
Əgər Beynəlxalq Bankdan 12 ay müddətinə, illik 24%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 674 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5674 manat qaytarır. 674 manat əsas məbləğin 13,5%-nə bərabərdir.
“BANK VTB AZƏRBAYCAN” ASC, 592 MANATDAN BAŞLAYARAQ
“Bank VTB Azərbaycan” istehlak kreditini illik 22%-dən başlayan faizlər ilə təklif edir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, illik 22%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 592 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5592 manat qaytarır. 592 manat əsas məbləğin 11,8%-nə bərabərdir.
“TURANBANK” ASC, 444-674 MANAT
“Turanbank” istehlak kreditinin faiz dərəcəsinin illik 16%-dən başladığını bildirir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, illik 16%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 444 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5444 manat qaytarır. 444 manat əsas məbləğin 8,9%-nə bərabərdir.
Əgər “Turanbank”dan 12 ay müddətinə, illik 24%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 674 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5674 manat manat qaytarır. 674 manat əsas məbləğin 13,5%-nə bərabərdir.
“UNİBANK” ASC, 444 - 674 MANAT
“Unibank” istehlak kreditinin faiz dərəcəsinin illik 18%-dən başladığını bildirir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, əgər “Unibank”dan 12 ay müddətinə, illik 18%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 444 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5444 manat qaytarır. 444 manat əsas məbləğin 8,9%-nə bərabərdir. Bu şərt “Digər bankda borcları bağlamaq şərti” üçündür. Digər banklara borcu olan müştərinin 12 ay üçün xərci 501 manat təşkil edəcəkdir. 501 manat əsas məbləğin 10%-nə bərabərdir.
Əgər “UniBank”dan 12 ay müddətinə, illik 24%-lə 5000 manat kredit alınarsa artıq ödəmə müştərinin digər banka borcunun olub-olmamasından asılı olaraq 616 və 674 manat təşkil edəcəkdir. Müştəri 1 ilin sonunda banka cəmi 5616 və 5674 manat manat qaytarır. 616 və 674 və manat əsas məbləğin 12,3%-nə və 13,5%-nə bərabərdir.
“YELO BANK” ASC, 448 MANATDAN BAŞLAYARAQ
Adını “Yelo Bank” olaraq dəyişməyə başladığını elan etmiş “NikoilBank”dan 12 ay müddətinə, 5000 manat kredit alınarsa artıq ödəmə 448 manat təşkil edəcəkdir. Bankın saytındakı kalkulyatorun təqdim etdiyi hesablamaya görə, müştəri 1 ilin sonunda banka cəmi 5448 manat qaytarır. 448 manat əsas məbləğin 9%-nə bərabərdir. Qeyd edək ki, “NikoilBank”ın kredit kalkulyatoru müştəriyə faiz dəyişikliyini özü daxil etməyə imkan vermir. Bank sadəcə saytında istehlak kreditinin faizinin illik 19%-dən başladığını qeyd edib. 22 və 24% ilə hesablama aparıldıqda illik artıq ödəmə də yüksələcəkdir.
“YAPI KREDİ BANK AZƏRBAYCAN” QSC, 674 MANAT
Əgər “Yapı Kredi Bank Azərbaycam” ASC-dən 12 ay müddətinə, illik 24%-lə, 5000 manat kredit alınarsa artıq ödəmə 674 manat təşkil edəcəkdir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, müştəri 1 ilin sonunda banka cəmi 5674 manat qaytarır. 674 manat əsas məbləğin 13,5%-nə bərabərdir.
“ZİRAAT BANK AZƏRBAYCAN” ASC, 616 MANAT
Əgər “Ziraat Bank Azərbaycan” ASC-dən 12 ay müddətinə, illik 22%-lə, 5000 manat kredit alınarsa artıq ödəmə 616 manat təşkil edəcəkdir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, müştəri 1 ilin sonunda banka cəmi 5616 manat qaytarır. 616 manat əsas məbləğin 12,3%-nə bərabərdir.
ORTA FAİZ DƏRƏCƏSİ İLƏ XƏRC: 674 MANAT
Maliyyə Bazarlarına Nəzarət Palatasının istehlak kreditləri üzrə orta faiz dərəcəsinə (24%) qayıtsaq, Azərbaycandakı banklardan 12 ay müddətinə, illik 24%-lə 5000 manat kredit alınarsa artıq ödəmə 674 manat təşkil edəcəkdir. 674 manat əsas məbləğin (5000 manat) 13,5%-nə bərabərdir.
İndi keçək qonşu ölkələrdə 1 illik 5000 manat kreditin xərcinə.
RUSİYA, “ALFA BANK”, 387 MANAT
Rusiyada “AlfaBank” istehlak kreditini 9,9%-dən başlayan faizlər ilə təqdim edir. Alınan kreditin məbləği azaldıqca kredit faizi yüksəlir. 187 min 265 rubl (5000 manat) kredit illik 13,99%-lə təqdim edilir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi məlumata görə, əgər Rusiyadada “AlfaBank”dan 12 ay müddətinə, illik 13,99%-lə 187 min 265 rubl (5000 manat) kredit alınarsa müddətin sonunda müştəri banka cəmi 201 min 756 rubl (5387 manat) qaytrır. 12 ay üzrə faiz xərci 14 min 491 rubl (387 manat) təşkil edir. 14 min 491 rubl əsas məbləğin (187 min 265 rubl) 7,7%-nə bərabərdir.
RUSİYA, “VTB BANK”, 350 MANAT
Rusiyada “VTB Bank” 187 min 265 rubl (5000 manat) məbləğində istehlak kreditini 11,9%-lə təklif edir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi məlumata görə, 1 il müddətinə illik 11,9%-lə 187 min 265 rubl kredit alınarsa müddətin sonunda cəmi ödəniş 200 min 340 rubl (5350 manat), o cümlədən artıq ödəmə 13 min 135 rubl (350 manat) təşkil edəcəkdir. 13 min 135 rubl əsas məbləğin 7%-nə bərabərdir.
TÜRKİYƏ, “İNG BANK”, 419 MANAT
“Hangikredi” portalındakı məlumata görə, Türkiyədə “İNG Bank” istehlak kreditini aylıq 0,99%-dən başlayan faizlər ilə təklif edir. 16 min 762 Türk Lirəsi (5000 manat) krediti 12 ay müddətinə aldıqda cəmi qaytarılacaq məbləğ 18 min 167 lirə (5419 manat), o cümlədən artıq ödəniş 1405 lirə (419 manat) təşkil edəcəkdir. 1405 lirə əsas borcun 8,4%-dir.
TÜRKİYƏ, “YAPI KREDİ”, 687 MANAT
“Hangikredi” portalındakı məlumata görə, Türkiyədə “Yapı Kredi” istehlak kreditini aylıq 1,64%-dən başlayan faizlər ilə təklif edir (illik 27,57%). 16 min 762 Türk Lirəsi (5000 manat) krediti 12 ay müddətinə “Yapı Kredi”dən aldıqda cəmi qaytarılacaq məbləğ 19 min 66 lirə (5687 manat), o cümlədən artıq ödəniş 2304 lirə (687 manat) təşkil edəcəkdir. 2304 lirə əsas borcun 13,7%-dir.
TÜRKİYƏ BANKLARI 415 – 726 MANAT
“Hangikredi” portalındakı məlumatlara görə, Türkiyədə “TEB”dən (illik 16,16%) 16 min 762 Türk Lirəsi (5000 manat) kredit aldıqda xərc 1392 lirə (415 manat), eyni məbləği “Türkiye İş Bankası”dan (illik 18,83%) alındıqda 1611 lirə (479 manat), “Garanti BBVA”dan (illik 29,26%) aldıqda 2435 lirə (726 manat), “Ziraat Bankası”dan (illik 20,71%) aldıqda 1762 lirə (525 manat) təşkil edir. Türkiyədə kreditin faiz dərəcəsi vətəndaşın kredit reytinqinə görə dəyişir.
GÜRCÜSTAN, “BANK OF GEORGİA”, 247 MANAT
Gürcüstandan “Bank of Georgia” istehlak kreditini illik 9%-dən başlayan faizlər ilə təklif edir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, “Bank of Georgia”dan 8753 lari (5000 manat) krediti 12 ay müddətinə aldıqda cəmi ödəniş 9186 lari (5247 manat), o cümlədən faiz xərci 433 lari (247 manat) təşkil edir. 433 lari əsas məbləğin (8753 lari) 4,9%-dir.
GÜRCÜSTAN, “TBC BANK”, 380 MANAT
Gürcüstandan “TBC Bank”dan 8753 lari (5000 manat) krediti 12 ay müddətinə aldıqda cəmi ödəniş 9420 lari (5380 manat), o cümlədən faiz xərci 667 lari (380 manat) təşkil edir. 667 lari əsas məbləğin (8753 lari) 7,6%-dir.
GÜRCÜSTAN, “HALYKBANK”, 247 MANAT
Gürcüstanda “Halykbank” istehlak kreditini illik 9%-dən başlayan faizlər ilə təklif edir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, “Halykbank”dan 8753 lari (5000 manat) krediti 12 ay müddətinə aldıqda cəmi ödəniş 9186 lari (5247 manat), o cümlədən faiz xərci 433 lari (247 manat) təşkil edir. 433 lari əsas məbləğin (8753 lari) 4,9%-dir.
“VTB GÜRCÜSTAN”, 223 MANAT
Gürcüstanda “VTB Bank” istehlak kreditini 7%-dən başlayan faizlər ilə təklif edir. Bankın saytındakı kredit kalkulyatorunun təqdim etdiyi hesablamaya görə, “VTB Gürcüstandan”dan 8753 lari (5000 manat) kredit aldıqda 1 il sonra cəmi ödəniş 9144 lari (5223 manat), o cümlədən artıq ödəmə 391 lari (223 manat) təşkil edir.
GÜRCÜSTAN, “RİCO CREDİT”, 332 MANAT
Gürcüstanda “Rico Credit”dən 8753 lari (5000 manat) krediti 9335 lariyə (5332 manat) 1 illik almaq mümkündür (332 manat artıq ödəmə ilə).
QAZAXISTAN, “FORTE BANK”, 470 MANAT
Qazaxıstanda “ForteBank” krediti illik 17%-dən təklif edir. 1 milyon 136 min tengə (5000 manat) krediti 12 ay müddətinə aldıqda cəmi ödəniş 1 milyon 243 min 246 tengə (5470 manat), artıq ödəniş 107 min 236 tengə (470 manat) təşkil edir. 107 min 236 tengə əsas borcun 9,4%-nə bərabərdir.
“VTB QAZAXISTAN”, 613 MANAT
Qazaxıstanda əksər banklarda kreditin faiz dərəcəsi illik 22-24%-dir. Məsələn, “VTB Qazaxıstan” nağd istehlak kreditini illik 22-24%-lə təklif edir. Bu bankdan 1 milyon 136 min tengə (5000 manat) krediti 12 ay müddətinə aldıqda cəmi ödəniş 1 milyon 275 min 879 tengə (5613 manat) manat təşkil edir. Kreditin xərci 613 manatdır (əsas borcun 12,3%-i).
UKRAYNA, 992 – 2300 MANAT
Sevetlər İttifaqından Azərbaycan kimi ayrılmış Ukraynada “Credit Agricole Bank”dan 71 000 Ukrayna qrivnasını (5000 manat) 1 illik borc almağın xərci 33 244 qrivnadır (2340 manat və ya əsas borcun 47%-i).
Ukraynada “ABank”da 71 000 Ukrayna qrivnasını (5000 manat) 1 illik borc almağın xərci 14 092 qrivna (992 manat), “AlfaBnak”dan 27 952 qrivna (1967 manat), “İdea Bank”dan 22144 qrivnadır (1558 manat). 5000 manata əsas borca görə xərc 20%- 31% civarında dəyişir.
NƏTİCƏ
Beləliklə, 5000 manat kredit götürməyin xərci Türkiyə və Qazaxıstanda Azərbaycan ilə müqayisədə təxminən eyni, bir sıra hallarda isə bir qədər də yüksəkdir, Rusiya və Gürcüstanda isə 2 dəfəyədək aşağıdır. 5000 manat kredit götürməyin xərci Ukraynada isə Azərbaycan ilə müqayisədə 2-3 dəfə yüksəkdir.
1 İL MÜDDƏTİNƏ 5000 MANAT KREDİT ALMAĞIN XƏRCLƏRİ |
|
Azərbaycanda |
444 - 674 manat |
Rusiyada |
350 - 387 manat |
Türkiyədə |
415 - 726 manat |
Gürcüstanda |
223 - 332 manat |
Qazaxıstanda |
470 - 613 manat |
Ukraynada |
992 - 2300 manat |
Qeyd edək ki, Gürcüstanda banklar xarici bankların nəzarətindədir və bu baxımdan ucuz vəsaitlərə çıxışları mövcuddur. Rusiyada isə pul bazarları inkişaf etdiyindən banklar ucuz vəsaitlər cəlb edə bilirlər.
Bunu da qeyd edək ki, hər bir ölkədə kredit faizinin göstərilməsi şəkili fərqlənir; faizin aylıq, illik, nominal, effekitv və s. göstərilməsi bir sıra Azərbaycan vətəndaşlarında fərqli fikirlər yaradır.
Belə nəticəyə gəlmək olar ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışovun dediyində həqiqət var. Hər bir ölkədə mövcud olan şərtlər və risklər milli valyutasının qiymətində əks olunur. Milli valyutada pulun 1 illik satış qiymətinə görə, Azərbaycanın qonşuları ilə müqayisdə təxminən orta yerdə olduğunu qeyd edə bilərik. Pulun cəlb edilməsi qiymətini (depozit faizlərini və s.), istehlak kreditlərinin kiçik məbləğlərdə olduğundan ayrılması üzrə xərclərin daha yüksək olmasını və bir sıra digər riskləri nəzərə alsaq Azərbaycan banklarını “cəllad” kimi görmək doğru deyil.
Yaxın keşmişdə iki dəfə kəskin devalvasiyanın olduğunu, əhalinin böyük əksəriyyətinin milli valyutaya inanmadığını, hələ də Azərbaycanın ixracının 90%-dən çoxunu neft və qaz satışı təşkil etdiyini, bankların reytinqləri aşağı olduğundan ucuz vəsaitə çıxışlarının çətin olduğunu, bankların ucuz vəsait cəlb etmələri baxımından qiymətli kağızlar bazarının yüksək inkişaf etmədiyini, banklararası pul bazarının inkişaf etmədiyini, bankların bir-birlərinə inanmadıqlarını, əhalinin bir çox hissəsinin kredit tarixçəsinin ürəkaçan olmadığını, problemli kreditlərin yüksək qaldığını, ölkədə qeyri-rəsmi məşğulluğun yüksək olduğunu, əksər özəl şirkətlərin əməkhaqqılarını aşağı göstərmələrini, məhkəmə sistemindəki çətinliklərə görə banklar üçün girovların reallaşdırılmasının çətin olduğunu, infilyasiyanı və s. riskləri nəzərə alsaq Azərbaycandakı kredit faizləri normaldır. Hazırda banklarda əmanət faizləri 8-10%-dək düşüb. Bu səviyyələrdən aşağı faizlərə də pulunu satmaq əmanətçilərə sərf etmir. Yuxarıda qeyd olunan risklər mövcud olduqca Azərbaycanda kredit faizlərinin daha da aşağı düşəcəyini gözləmək sadəlöhvlük olardı. Kredit faizlərinin aşağı düşməsi üçün daha radikal islahatlar və zaman tələb olunur. Xarici investorların bank sektoruna (o cümlədən xarici bankların) və qiymətli kağızlar bazarına cəlbi, dövlətin də risklərə şərik olaraq banklara daha ucuz şərtlər ilə borc verməsi, qeyri-neft sektorunun daha yüksək inkişafı və ixracının artması, qeyri-məşğulluğun azalması və s. Azərbaycanda kredit faizlərinin bir qədər düşməsinə səbəb ola bilər.