Maliyyə Bazarlarına Nəzarət Palatası bank kreditləri üzrə faiz dərəcələrinin məhdudlaşdırılması imkanını nəzərdən keçirir. Bu barədə risklərin idarə olunması şöbəsinin rəhbəri Aytən Məmmədova məlumat verib.
“Bank kreditləri üzrə dərəcələrin küfayət dərəcədə yüksək olması fikri ilə razıyıq. Lakin hazırda qanunvericilik bu məsələdə bankları məhdudlaşdırmağa bizə imkan vermir. Faiz dərəcələrinin məhdudlaşdırılmasına dair təkliflərimiz var, ancaq hazırda bu məsələ hələlik müzakirə mərhələsindədir”, - A.Məmmədova bildirib.
“PAŞA Bank”ın İdarə Heyətinin üzvü Bəhruz Nağıyev öz növbəsində qeyd edib ki, banklar kreditlər üzrə faiz dərəcələrini aşağı sala bilər, amma bu halda depozitlər üzrə dərəcələri də azalacaq.
“Əgər hamı banklarda vəsaitlərini illik 6-7% dərəcə ilə saxlamağa razılaşarsa, o zaman banklar ucuz kreditlər təqdim etməyə hazır olacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda istehlak kreditləri üzrə orta dərəcə 21% təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 4 faiz bəndi azdır. Biznes kreditləri üzrə orta dərəcə isə 15% civarında dəyişir.