Ölkənin ən iri bankı olan ABB 2024-cü ilin ilk rübü üzrə maliyyə vəziyyəti göstəricilərini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki. ABB cari ilin II rübünü 172 milyon 392 min manat xalis mənfəətlə başa vurub. Bu illik müqayisədə 8 milyon 354 min manat və ya 5% çoxdur.
Hesabat dövründə bank 31 milyon 355 min manat mənfəət vergisi ödəyib.
Bankın faiz gəlirləri 437,3 milyon manat olub. Faiz gəlirlərinin də böyük hissəsini, yəni 309,6 milyon manatını kreditlərdən əldə edilən faiz gəlirləri olub. Ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 65,4 milyon manat təşkil edib.
Əvvəlki illə müqayisədə ümumi gəlirlər 60,8 milyon manat və ya 16%, kreditlərdən əldə olunan gəlirlər 96,9 milyon manat və ya 46%, ticarət və investisiya qiymətli kağızlarından əldə olunan faiz gəlirləri 3,8 milyon manat (6%) artıb.
Bankın faiz xərcləri isə 96,7 milyon manat olub ki, bu da son bir ildə 31,7 milyon manat və ya 49% çoxdur.
Beləliklə, Beynəlxalq Bankın xalis faiz gəlirləri 335 milyon manat təşkil edib. Bu da illik müqayisə ilə 23,6 milyon manat (8%) artım deməkdir.
ABB-nin qeyri faiz gəlirləri 146,5 milyon manat, xərcləri isə 222,9 milyon manat olub. Gəlirlər 2023-cü ilin II rübü ilə müqayisədə 53,8 milyon manat (58%), xərclər isə 63,3 milyon manat (40%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 106 milyon manatı haqq və komissiya gəlirlərinin, 25,5 milyon manatı xarici valyutadan gəlirlər, 15,2 milyon manatını digər gəlirlər təşkil edib. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 46 milyon manat (77%), digər gəlirlər 11,7 milyon manat (4,3 dəfə) artıb.
Xərclərin də 84,3 milyon manatı əmək haqqı və digər kompensasiya növləri üzrə xərclərin, 14,7 milyon manatı inzibati xərclərin, 14,2 milyon manatı amortizasiya xərclərinin, 109,9 milyon manatı isə digər xərclərin payına düşüb.
Ötən ilin sonu ilə müqayisədə əmək haqqı xərcləri 13,2 milyon manat (19%), ümumi və inzibati xərclər 3,7 milyon manat (34%), digər xərclər isə 47,8 milyon manat (77%) artıb.
2023-cü ilin sonunda ABB 13 milyard 258 ,9 milyon manat aktivlərə malik olub.
Aktivlərin 3 milyard 197 milyon manatını nağd pul vəsaitləri, 2 milyard 958 milyon manatını ticarət və qiymətli kağızlar. 5 milyard 808 milyon manatını isə kredit portfeli təşkil edib.
Qiymətli kağızlara yatırımlar 673,2 milyon manat (29%) artıb.
ABB-nin cəmi kredit portfeli 2024-cü ilin II rübündə 2023-ci ilin sonu ilə müqayisədə 759,1 milyon manat və ya 6% artıb. O cümlədən, ABB-nin istehlak kreditləri portfeli 276,3 milyon manat (20%) artaraq 1 milyard 646,4 milyon manata, biznes kreditləri portfeli 357,9 milyon manat və ya 14% artaraq 2 milyard 862,5 milyon manata, ipoteka kreditləri portfeli 124,9 milyon manat və ya 11% artaraq 1 milyard 298,9 milyon manata çatıb.
Bankın öhdəlikləri hesabat dövründə 11 milyard 438,9 milyon manat olub.
ABB-nin depozit portfeli 9 milyard 232 milyon manat təşkil edib ki, onun da 2 milyard 183,6 milyon manatı fiziki şəxslərin, 7 milyard 48,6 milyon manatı hüquqi şəxslərin payına düşüb.
Hüquqi şəxslərin əmanətləri son 6 ayda 29,4 milyon manat (1%) böyüyüb.
ABB-nin kapitalı 9,8 milyon manat (1%) artaraq 1 milyard 820 milyon manata şatıb , bölüşdürülməmiş mənfəəti 364,2 milyon manata çatıb.