Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) 2023-cü ili olduqca yaxşı göstəricələrlə başa vurub.
Moody's Beynəlxalq Reytinq Agentliyi ABB-nin proqnozunu - STABİLDƏN POZİTİVƏ YÜKSƏLTDİ
FED.az xəbər verir ki, ötən ilin nəticələrinə görə, bankın xalis mənfəəti 322 milyon manat təşkil edib ki, bu da əvvəlki ildən 68 milyon manat və ya 27% artıqdır.
Bu barədə Bankın idarə heyətinin sədri Abbas İbrahimov müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2023-cü il ABB-nin yeni, 2023-2025-ci il strateji inkişaf dövrünün ilk ili olub və bank bu dövrü olduqca uğurlu nəticələrlə başa vurub: «Prudensial hesabatlara əsasən, ABB ötən il 322 mln. manat xalis mənfəət qazanıb. Bu, 2022-ci illə müqayisədə 27% artım deməkdir. 2023-cü ildə ABB-nin cəmi əməliyyat mənfəəti 388 mln. manatdan 484 mln. manata yüksəlib. Vergidən əvvəl xalis mənfəətimiz isə 421 mln. manata çatıb».
Xatırladaq ki, məhz sabit göstəricilərinə və yüksək səmərəli fəaliyyətinə görə, «Moody's» Beynəlxalq Reytinq Agentliyi ABB-nin reytinqlərinə yenidən baxaraq Bankın yerli və xarici valyutada Uzunmüddətli depozit reytinqini Ba3 səviyyəsində təsdiqləyib və reytinq proqnozunu Stabildən Pozitivə dəyişib. Eyni zamanda, agentlik ABB-nin Kredit ödəmə və Tənzimlənmiş kredit ödəmə qabiliyyəti reytinqlərini b1 səviyyəsində təsdiqləyib.
Agentlik bildirib ki, «ABB-nin kredit ödəmə reytinqlərinin b1 səviyyəsində təyin edilməsi Bankın aktivlərinin artan keyfiyyəti, mənfəətliliyi, güclü kapital adekvatlığı, həmçinin aktivlərinin yüksək likvidliyi və məhdud risklərə malik olması ilə bağlıdır..
Moody's-in proqnozlarına görə, ABB-nin kredit profili, aktivlərinin likvidliyi, keyfiyyəti və gəlirliliyi önümüzdəki 12-18 ayda daha da yaxşılaşmaqda davam edəcək. Bankın reytinq proqnozunun Stabildən Pozitivə dəyişdirilməsi bununla bağlıdır.