“Muğanbank” ASC 2022-ci ilin ilk rübünü (yanvar-mart dövrünü) 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank 2021-ci ilin ilk rübünü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, “Muğanbank”ın xalis mənfəəti 2021-ci ilin ilk rübü ilə müqayisədə 2022-ci ilin ilk rübündə 1 milyon 423 min manat və ya 89,3 % (təminən 1,9 dəfə) artıb. Xalis mənfəətin artması gəlirlərin artmasından qaynaqlanır.
Eləcə də bax: "Muğanbank" BMT-nin Qlobal Sazişi təşəbbüsünə - QOŞULDU
GƏLİRLƏRİ ARTIB
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2022-ci ilin yanvar-mart dövründə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 20 milyon 71 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 15 milyon 221 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 8 milyon 850 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən 1 milyon 834 min manat mümkün zərərlər üçün yaradılan ehtiyatlara ayırıb. Beləliklə, “Muğanbank” 1-ci rübü 3 milyon 16 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin yanvar-mart dövründə “Muğanbank”ın cəmi əməliyyat gəlirləri 15 milyon 600 min manat, cəmi əməliyyat xərcləri 13 milyon 907 min manat, əməliyyat mənfəəti 1 milyon 693 min manat təşkil etmişdi. Bank əməliyyat mənfəətindən 99 min manat ehtiyatlara ayrıdığından həmin dövrü 1 milyon 593 min manat xalis mənfəət ilə bağlamışdı.
MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR
31 Mart 2022-ci il tarixində “Muğanbank”ın cəmi aktivləri 662 milyon 636 min manata təşkil edib. Bank ötən ilin sonunda 708 milyon 452 min manat cəmi aktivlərə malik idi. Aktivlərin həcmində dəyişiklik “Muğanbank”ın digər banklardakı depozitlərinin vaxtının başa çatması ilə əlaqədardır.
2021-ci ilin sonu ilə müqayisədə “Muğanbank” tərəfindən müştərilərə verilmiş kreditlər 19 milyon 544 min manata artaraq 420 milyon 605 min manata çatıb.
ƏHALİNİN ƏMANƏTLƏRİ 280 MİLYON MANATA YAXINDIR
31 Mart 2022-ci il tarixində “Muğanbank”ın cəmi depozit portfeli 325 milyon 457 min manat təşkil edib ki, bunun da 279 milyon 361 min manatını fiziki şəxslərin depozitləri olub. Ötən ilin sonunda “Muğanbank”ın cəmi depozit portfeli 396 milyon 852 min manat təşkil etmişdi. Bankın cəmi depozit portfelində dəyişiklik hüquqi şəxslərin depozitlərinin qaytarılması ilə bağlıdır.
MƏCMU KAPİTALI ARTIB, MƏBLƏĞİ 100 MİLYON MANATDAN ÇOXDUR
31 Mart 2022-ci il tarixində “Muğanbank” 105 milyon 184 min manat məcmu kapitala malik olub. Bank ötən ilin sonunda 101 milyon 865 min manat məcmu kapitala malik idi.