“Muğanbank” ASC 2021-ci ilin 9 ayını 602 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, Bank ötən ilin eyni dövrünü 1 milyon 881 min manat xalis zərər ilə bağlamışdı.
Eləcə də bax: Azərbaycan bankları 3-cü rübü belə başa vurdu – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında “Muğanbank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 42 milyon 405 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 42 milyon 798 min manat təşkil edib. Bankın xərcləri gəlirlərini 393 min manat üstələyib. Mümkün zərərlər üçün yaradılan ehtiyatlardan azad olmuş (qayıtmış) 995 min manat həm əməliyyat zərərini bağlayıb, həm də Bankın 602 min manat mənfəətə çıxmasını təmin edib.
Xatırldaq ki, 2020-ci ilin 9 ayında “Muğanbank”ın cəmi əməliyyat gəlirlər 33 milyon 769 min manat, cəmi əməliyyat xərcləri 35 milyon 335 min manat təşkil etmişdi. Bankın xərcləri gəlirlərini 1 milyon 565 min manat üstələmişdi. Mümkün zərərlər üçün yaradılan ehtiyatlara 315 min manat ayrılması ilə əlaqədar olaraq zərər 1 milyon 881 min manata yüksəlmişdi.
Diqqəti cəlb edən “Muğanbank”ın qeyri-faiz gəlirlərinin kəskin artması ilə əməliyyat zərərini 1,6 dəfə azaltmasıdır.
(Marja)