Birinci rüb ərzində Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 24 depozit hərracı keçirib.
Eləcə də bax: Azərbaycanda dollar alış-satışı – 60% ARTIB – MƏRKƏZİ BANK
FED.az Azərbaycan Mərkəzi Bankının (AMB) “Pul siyasəti icmalı”na istinadla xəbər verir ki, hesabat dövrünün sonuna depozit əməliyyatları ilə cəlb edilmiş vəsaitlərin qalığı 682,4 milyon manat təşkil edib. Depozit əməliyyatları ilə yanaşı, Mərkəzi Bank birinci rübdə 7 uzunmüddətli not hərracı keçirib. Bu hərracların ikisində 84 günlük, üçündə 168 günlük, ikisində 252 günlük notlar yerləşdirilib. Ümumilikdə, rübün sonuna uzunmüddətli notlar vasitəsilə sterilizasiyanın toplam qalığı 322,3 milyon manat təşkil edib.
Mart ayından koronavirus pandemiyasının qlobal iqtisadiyyata mənfi təsirlərinin artdığı şəraitdə makroiqtisadi sabitlik üzərində yaranmış təhdidlərin qarşısının alınması və valyuta bazarında tarazlığın dəstəklənməsi üçün Mərkəzi Bank sterilizasiya alətlərinin müddətinə dair adekvat qərarlar qəbul edib. Sterilizasiya portfelinin durasiyası azaldılıb. Belə ki, 28 günlük depozit hərracları əvəzinə yalnız 14 günlük depozit hərraclarının keçirilməsinə, eyni zamanda, 84, 168 və 252 günlük not hərraclarının əvəzinə yalnız 28 günlük notların yerləşdirilməsinə dair qərar qəbul olunub.
Depozit əməliyyatları və notların yerləşdirilməsi üzrə faiz dərəcələri tələb-təklif nisbətindən asılı olaraq dəyişib. Tələbin nisbətən azalması şəraitində rübün sonuna doğru depozitlər üzrə faizlər dəhlizin ortasına yaxın səviyyədə formalaşıb. Depozit cəlbi və notların yerləşdirilməsi üzrə əməliyyatlar izafi pul təklifinin sterilizasiyası ilə yanaşı, pul bazarının inkişafı, bununla da pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsinə, banklararası bazarın aktivləşməsinə müsbət təsir göstərir. Mərkəzi Bankın sterilizasiya alətləri üzrə gəlirlilik pul bazarının vacib reprezentativ göstəricisinə çevrilməklə digər maliyyə alətləri üzrə faiz dərəcələrinin səviyyəsinin formalaşmasına təsir göstərməkdədir. Eyni zamanda, Mərkəzi Bankın emissiya etdiyi notlar REPO bazarında təminat qismində fəal istifadə olunmaqdadır.