Azərbaycanın bank sektorunun aparıcı iştirakçılarından olan «Yelo Bank» 2023-cü ildə ilk hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, ilk hesabat dövründə bankın gəlirləri və mənfəəti kəskin artıb.
«Yelo Bank» top menecmentin apardığı islahatlar sayəsində son bir neçə ildə bank sektorunun aparıcı oyunçularından birinə çevrilib və davamlı olaraq böyüməkdədir.
Faiz gəlirləri və xərcləri 40-50% artıb
Hesabat dövründə «Yelo Bank»ın faiz gəlirləri 7 milyon manat və ya təqribən 40% artaraq 25,5 milyon manata yüksəlib.
Gəlirin böyük hissəsi – 24,5 milyon manat - kredit portfelindən daxil olan faizlərdir. Bu göstərici də ötən illə müqayisədə 7 milyon manat artıqdır.
Təqribən 600 min manat isə «Yelo Bank»ın başqa banklarda yerləşdirdiyi depozitlərdən daxil olub.
Əmanət sahiblərinə 8,2 milyon manat ödəyib
Bankın faiz xərcləri isə 50% artaraq 9,8 milyon manata yüksəlib. Bunun böyük hissəsi depozitlər üzrə faizlərdir – 1-ci rübdə «Yelo Bank» bankda əmanəti olan şəxslərə 8,2 milyon manat faiz gəliri ödəyib.
Mərkəzi Bank və digər qurumlara olan kreditlər üzrə isə 1,3 milyon manat faiz ödənilib.
Nəticədə hesabat dövründə «Yelo Bank»ın xalis faiz gəliri 15,6 milyon manat olub – bu ötən ilin eyni dövründən 3,8 milyon manat artıqdır.
Müştəri aktivliyi və qeyri-faiz gəlirləri artıb
Kəskin artım «Yelo Bank»ın qeyri-faiz gəlirlərində baş verib – bu göstərici təqribən 1 milyon manat artaraq 2,3 milyona çatıb.
Müştəri aktivliyinin göstəricilərindən olan Bankın göstərdiyi xidmətlər üzrə haqq və komissiya gəlirləri isə 70% artaraq 2 milyon manata yaxınlaşıb.
Hesabat dövründə bankın qeyri-faiz xərclərində də ciddi artım olub – 3 milyon manat və ya 22%.
Bankda xüsusilə əmək haqqı xərcləri 1,2 milyon manat artaraq 8,8 milyon manata yaxınlaşıb.
Bank 2023-ə əməliyyat mənfəəti ilə başlayıb
Nəticədə «Yelo Bank» 1-ci rübü 1,4 milyon manat əməliyyat mənfəəti ilə tamamlayıb. Xatırladaq ki, ötən ilin eyni dövründə bank əməliyyat zərəri açıqlamışdı.
Xalis mənfəəti 12 dəfə artıb
Vaxtilə ehtiyatlar üçün ayrılmış 2,7 milyon manat vəsaitin geri çəkilməsindən sonra isə «Yelo Bank»ın xalis mənfəəti 4 milyon 134 min manata yüksəlib.
Bu – ötən ilin eyni dövrünə nisbətən 12 dəfə artıqdır. Xatırladaq ki, 2022-ci ilin 1-ci rübündə «Yelo Bank»da xalis mənfəət 345 min manat olub.
Bankın böyüməsi davam edib
2023-cü ildə «Yelo Bank»ın böyüməsi davam edib. Açıqlanan hesabata görə, bu dövrdə bankın aktivləri daha 9 milyon manat artaraq 830 milyon manatı keçib.
Bank qiymətli kağızlarda və başqa banklarda depozit kimi 30-32 milyon manat saxlayır. Aktivlərin artımı isə kredit portfelinin hesabına olub.
Biznes kreditləri sürətlə artır
Bankın müştərilərə verdiyi kreditlər rüb ərzində 18 milyon manat artaraq 640 milyon manat yaxınlaşıb.
«Yelo Bank» daha çox bizneslə işləyən bankdır, bunu kredit portfelindən də görmək mümkündür – portfelin böyük hissəsi biznes kreitlərinin payına düşür – təqribən 417 milyon manat və ya ümumi kreditlərin 65%-i. 1-ci rübdə biznes kreditləri daha 20 milyon manat artıb.
İstehlak kreditləri 150 milyon manat, daşınmaz əmlak kreditləri isə 73 milyon manata yaxındır.
445 milyon manatlıq əmanət toplanıb
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 750 milyon manata, depozit portfeli isə 578 milyon manata yaxınlaşıb.
Birinci rübün sonuna bankda fiziki şəxslərin əmanətləri daha 10 milyon artaraq 445 milyon manatı keçib. Hüquqi şəxslərin depozitləri isə 131,2 milyon manat olub.
Bundan başqa «Yelo Bank»ın Mərkəzi Bank və digər qurumlar qarşısında kredito öhdəlikləri var, hansı ki, bank onları tədricən bağlayır – 1-ci rübdə bu öhdəliklər təqribən 7 milyon manat «əriyib».
Kapitalı 80 milyon manatı keçib
Rübün sonuna «Yelo Bank» kapital mövqeyini də gücləndirib – bankın cəmi kapitalı 4 milyon manatdan çox artaraq 80,8 milyon manat olub.