Azərbaycanın ən byöük özəl banklarından olan «Kapitalbank» 2021-ci ilin 2-ci rübünün nəticələrini açıqlayıb.
Banklar 2-ci rübü belə başa vurdular - MƏNFƏƏT VƏ ZƏRƏR, MƏBLƏĞLƏR - SİYAHI (2021)
FED.az bankın hesabatına istinadən xəbər verir ki, hesabat dövrnüdə bankın faiz gəlirləri 226 775 min manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11 milyon manat və ya 5% artıqdır.
Özü də bankın kreditlərdən əldə etdiyi faiz gəlirləri demək olar ki, dəyişməz qaldığı, hətta cüzi (1,5 milyon manat və ya 0,8%) azalsa da, qiymətli kağızlardan götürdüyü gəlir 2,4 dəfə artaraq 12,6 milyon manatdan 30,8 milyon manata yüksəlib.
Bu dövrdə bankın faiz xərcləri 32%-dən çox artaraq 24 milyon manatdan 31,7 milyon manata yüksəlib. Nəticədə bankın xalis faiz gəliri 195 milyon manatı ötüb.
Bankın qeyri-faiz gəlirləri 36 milyon manat və ya 36% artaraq 101 milyon manatdan 137 milyon manata yüksəlib.
Bunun 121 milyon manatı haqq və komissiya gəlirlərindən formalaşıb. Bu sahədə bankın gəliri 32 milyon manat və ya 35% artıb.
«Kapitalbank» valyuta satışından da gəlirlərini artırıb – ötən ilin eyni dövründə 9,8 milyon manat olan gəlirlər bu il 14,4 milyona çatıb.
Bankın qeyri-faiz xərcləri isə 19,3% artaraq 151,7 milyon manat olub. Maraqlıdır ki, bu dövrdə bankın əmək haqqı xərcləri 2 milyon manatdan çox azalaraq 70 milyon manatdan 68 milyon manata enib.
Bankın qeyri-faiz xərclərinin artımı əsasən «Digər xərclər»in hesabına baş verib – 35 milyon manatdan 59 milyon manata yüksəlib.
Nəticədə bank ilk yarım ili 180 milyon 319 min manat əməliyyat mənfəəti ilə başa vurub.
Bundan 53,5 milyon manatı aktivlər üzrə mümkün zərərlər üçün ehtiyata ayırılıb. 27 milyon manat isə mənfəət vergisi kimi ödənilib.
Nəticədə «Kapitalbank» 2021-ci ilin ilk yarısını 99 milyon 772 min manat xalis mənfəətlə başa vurub.
Kapital Bank-ın aktivləri 1 iyul 2021-ci il tarixinə 5,7 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,3 milyard manat olub. Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2021-ci il tarixinə 4,4 milyard manat olub. Bankın 1 iyul 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 588 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.