«Rabitəbank»ın ən çox kredit ayırdığı sahələr məlum olub.
FED.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr dövrünə olan məlumata görə, bank 365 milyon 487 min manat kredit verib. Bu ötən ilin sonu ilə müqayisədə 47 milyon 723 min manat və ya 15% çoxdur.
Eləcə də bax: Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Bankın müştərilərə verdiyi kreditlərin 128 milyon 772 min manatı istehlak kreditləri olub. Bu 2018-ci ilin yekunu ilə müqayisədə 51 milyon 541 min manat və ya 66,73% çoxdur.
Ötən ilin yekunu ilə müqayisədə bank biznes kreditlərini azaldıb. Belə ki, ötən ilin yekununda 187 milyon 378 min manat biznes krediti verən bank bu ilin 9 ayında bu göstəricini 15 milyon 390 min manat və ya 8,21% azaldıb. Hazırda bu göstərici 171 milyon 988 mirn manatdır.
Amma bu dəyişiklikdən sonra da «Rabitabank»ın kredit portfelində biznes kreditlərinin həcmi istehlak kreditlərini üstələyir.
Eləcə də bax: Azərbaycan banklarının - BEYNƏLXALQ REYTİNQLƏRİ – 2019 - SİYAHI
Biznes kreditlərindən fərqli olaraq bankın daşınmaz əmlaka verdiyi kreditlərin məbləğində artım olub. Belə ki, ötən ilin sonuna qeyd edilən sahəyə 30 milyon 978 min manat kredit verən bank bu ilin 9 ayında bu göstəricini 4 milyon 937 min manat və ya 14% artırıb. Nəticədə bank daşınmaz əmlak sektoruna 35 milyon 315 min manat kredit verib.
Digər sahələrə ayırdığı kreditlər də artaraq ötən ilin sonundakı 22,2 milyon manatdan bu ilin 9 ayında 29,4 milyon manata yüksəlib.
Qeyd edək ki, bankın kredit portfeli artsa da, aktivlərində sürətli azalma baş verir. «Rabitəbank»ın aktivləri bu ilin yanvar-sentyabr ayında 653 milyon 732 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 118 milyon 380 min manat və ya 15,33% azdır.