Bank VTB (Azərbaycan)-ın İpoteka kreditləşməsi qrupunun rəhbəri Aydın Umudovun FED.az-a müsahibəsini təqdim edirik.
- Aydın müəllim, Bank VTB (Azərbaycan) özünün yeni ipoteka kreditləşməsi proqramına başlayıb. Bu proqram haqqında məlumat verərdiniz.
- Bank VTB (Azərbaycan) daxili ipoteka kreditləşməsinə bir qədər əvvəl start verib. İpoteka kreditinin məbləği 10 000-275 000 AZN , müddəti isə 6-300 ay arasında dəyişir. Kredit üzrə faiz dərəcəsi 12%-dən başlayır və ilkin ödəniş, eləcə də kreditin müddətindən asılı olaraq dəyişir. Ipoteka proqramı təkrar və ilkin bazarlardakı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olan mənzillərə şamil olunur.
- Bank dövlət xətti ilə ipoteka kreditləri verməkdə davam edirmi?
- Bəli, VTB (Azərbaycan) İpoteka və kredit zəmanət fondunun müvəkkil bankıdır və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam edəcək. Bildiyiniz kimi, bu kreditləşmə fondun bank üçün ayırdığı müəyyən limit çərçivəsində həyata keçirilir və bu ilin əvvəlindən 1 oktyabr tarixinədək Fondun vəsaiti hesabına verilən ipoteka kreditinin həcmi 3 mln manat təşkil edib.
- Bank VTB (Azərbaycan)-ın öz kredit proqramının dövlət ipotekasından əsas fərqi nədir? (şərtlər baxımından)
- Burada borcalanın vətəndaşlığı, faiz dərəcəsi və kreditin məbləği kimi fərqlər mövcuddur.
Belə ki, dövlət ipotekasından fərqli olaraq bankın daxili ipotekası xarici vətəndaşlara da mənzil almaq imkanı verir. Azərbaycanda yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklərin, eləcə də beynəlxalq təşkilatların nümayəndəliklərin əməkdaşları bankdan ipoteka krediti ala bilər.
Bundan başqa, daxili ipoteka kreditin maksimal məbləği 275 000 AZN təşkil edir, faiz dərəcəsi isə 12-14 % arasında dəyişir.
- Bəs müştərilərə qoyulan tələblər baxımından daxili ipoteka ilə dövlət ipotekasının əsas fərqi nədən ibarətdir?
- Burada bir fərq yoxdur. Borcalana olan tələblər eynidir.
- Müştərilər VTB bankın daxili kredit proqramına necə maraq göstərirlər?
- Daxili ipoteka kreditinə sentyabr ayında start verilib. Buna baxmayaraq ipoteka kreditləşməsinə maraq gözləniləndən daha yüksəkdir. Qısa müddət ərzində 850 000 manat həcmində müraciət banka daxil olub və onlardan 500 000 manat məbləğində müsbət rəy verilmişdir.
- Bu kreditin alıcıları əsasən kimlərdir? (yəni gəlirləri, hüquqi vəziyyətləri və sair).
- Kredit üçün istənilən şəxs müraciət edə bilər. Əsas odur ki, müraciət edən şəxsin gəlirləri buna imkan versin. Belə ki, gəlirindən asılı olaraq ipoteka üçün müxtəlif kateqoriyaya uyğun insanlar banka müraciət edir. Onlar arasında orta qiymətə mənzil almaq istəyən şəxslər də var, lüks evlərə sahib olmaq istəyənlər də. Maksimal məbləğin də 275 000 manat olduğunu nəzərə alsaq, məsələn, biznes adamları dəyəri yüksək olan mənzili almaq üçün ipoteka krediti əldə etmək istəyir.
- Müştərilər əsasən hansı məbləğlərdə ipoteka krediti götürməyə üstünlük verirlər?
- Qeyd etdiyim kimi, bu məbləğ ilk növbədə kredit üçün müraciət edən şəxsin gəlirindən asılıdır. Hər mənzilin öz alıcısı var – gəliri yüksək olan şəxs bahalı mənzil almaq istəyir və daha böyük məbləğdə kredit götürür, gəliri bir qədər aşağı olan müştəri öz maddi durumuna uyğun mənzil üçün ipoteka əldə edir. Orta hesabla ipoteka kreditləri üzrə məbləğ 70 000 -120 000 aralığında dəyişir.
- VTB Bankın bu kreditlər üzrə limiti hansı məbləğdədir? Məsələn, ilin sonunadək nə qədər ipoteka krediti vermək niyyətindədir?
- İpoteka kreditlərinə əhalinin marağı daim yüksəkdir. Ayıracağımız kreditin həcmi də elə müştərilərin bu məhsula olan tələbatından asılıdır.
- İpoteka krediti almaq üçün borcalan hansı mərhələləri keçməlidir? Və hansı sənədlər tələb olunur?
- İlk növbədə, borcalan gəlirlərini təsdiq edən sənədlərlə banka yaxınlaşmalı və ona düşəcək kredit məbləğini dəqiqləşdirməlidir. Müsbət rəy aldıqdan sonra ilkin ödənişi və ona ayrıla biləcək kredit məbləğinin cəmi həcmində ev axtarmağa başlaya bilər. Mənzili müəyyən etdikdən sonra qiymətləndirmə mərhələsi başlayır. Daha sonra isə alqı-satqı üçün lazımi sənədlər banka təqdim edilməlidir.
Sənədlərə gəldikdə isə ilk növbədə gəlirlərini təsdiq edən sənədlər - iş yerindən arayış, əmək haqqı hesabından çıxarış, əmək kitabçası , xidməti müqavilə əsasında işlədikdə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və xidməti müqavilə, fərdi sahibkarlarda isə VÖEN və Vergi bəyannaməsi tələb olunur. Bundan əlavə, müştərinin şəxsiyyət vəsiqəsi, evli olduğu halda nigah şəhadətnaməsi, ailə tərkibi haqda arayış və s.sənədlər də banka təqdim olunmalıdır.
- Hazırda aktiv krediti olan müştərilər Bank VTB-dən təkrar kredit götürə bilərmi?
- Bəli. Əlavə kreditin olmağı ipoteka kreditinin götürülməsinə mane olmur. Əgər borcalanın kifayət qədər gəliri varsa və mövcud kreditlər üzrə aylıq ödənişlərdən sonra onun gəliri ipoteka krediti almağa imkan verirsə, onda əlbəttə ki, bu kreditdən yararlana bilər.
- İpoteka ilə alınan əmlakın qiymətləndirilməsi necə aparılır?
- Bu proses müstəqil qiymətləndirmə şirkətləri və bankın mütəxəssisləri tərəfindən həyata keçirilir. Müstəqil qiymətləndirmə şirkəti bankın tərəfdaş şirkətlərindən biri olmalıdır. İlk növbədə qiymətləndirmə şirkəti rəy bildirir, daha sonra bankın mütəxəssisləri qiymətləndirməni həyata keçirir. Bununla da mənzilin bazar dəyərini düzgün müəyyən etmək mümkün olur.
- Kreditin hansı faiz dərəcəsi ilə ayrılması nədən asılıdır?
- Bu kreditlər bankın daxili resursu hesabına həyata keçirilir. Buna görə də faiz dərəcəsi kreditə hesabalanan xərclər və bankın ümumi riskləri nəzərə alınaraq müəyyənləşir.
- Dediniz ki, kredit yalnız çıxarış olan evlərə verilir. Bəs yeni tikililərdən müqavilə ilə alınan evlər üçün də ipoteka krediti ayrılırmı? Və həmin kreditlərin şərtləri çıxarışlı evlərdən fərqlənirmi?
- Hazırda biz çıxarışsız evlərə ipoteka kreditinin verilməsini nəzərdə tutan layihə üzərində çalışırıq. Yaxın gələcəkdə, daha dəqiq desək, bu ilin sonuna qədər biz bu lahiyəyə başlayacayıq. Deyə bilərəm ki, şərtlərdən hələlik yalnız faiz dərəcəsində fərq gözlənilir.
- Bankın partnyoru olmayan tikinti şirkətlərindən mənzilləri sizin daxili ipoteka kreditləri ilə almaq olurmu?
- Çıxarışı olan istənilən mənzil üçün ipoteka krediti almaq mümkündür. O ki qaldı yeni layihəmizə, bura yalnız bankın tərəfdaş şirkətlərinin inşa etdiyi binalardakı mənzillər aid olacaq.