Ərəb investorları Azərbaycan bankından pay alacaqlar.
FED.az xəbər verir ki, bu gün sentyabrın 16-da Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın Azərbaycana səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüş keçirilib və ikitərəfli sənədlər imzalanıb.
Görüşdə Azərbaycan İnvestisiya Holdinqi ilə «Əbu-Dabi inkişaf Holdinq Şirkəti» ASC arasında Azərbaycanın «Azər-Türk Bank»ın sərmayələşdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.
Sərmayələşdirmə – banka vəsait yatırmaq və onun nizamnamə kapitalından, yəni bankın özündən pay almaq deməkdir. Başqa sözlə, bu anlaşma Əbu-Dabi inkişaf Holdinqinin «Azər-Türk Bank»dan pay almasını nəzərdə tutur.
Xatırladaq ki, 2024-cü ilin sonunda «Azər-Türk Bank»ın səhmlərinin 75%-i Azərbaycan hökumətinə, 12,37%-i Türkiyənin «Ziraat Bankı»na, 6,55%-i Azərbaycanın «AzRe Təkrar sığorta şirkətinə», 5%-i «Qala Həyat» həyat sığortası şirkətinə, 1,08%-i isə «Ziraat Bank International AG»-a məxsus olub.
Bununla yanaşı, 2025-ci ilin iyulunda bankın səhmdarlarının qəbul etdiyi qərara əsasən «Azər-Türk-Bank»ın səhmlərinin 51%-i Dövlət Neft Şirkətinə – SOCAR-a satılıb.
Hələlik məlum deyil kİ, Ərəb Holdinqinə bankın hansı səhmdarlarının səhmi satılacaq.
Qeyd edək ki, «Əbu-Dabi İnkişaf Holdinq Şirkəti» —Abu Dhabi Development Holding Company (ADQ) — Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi əmirliyi tərəfindən 2018-ci ildə yaradılmış yaradılmış böyük dövlət investisiya holdinqidir.
Holdinqin aktivləri 157 milyard dollardan artıqdır.