Samir Əliyev, Müstəqil tədqiqatçı, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin İdarə Heyətinin üzvü
Mərkəzi Bankın 4 bankı bağlaması qərarı əmanətlərin sığortalanması mexanizmindəki çatışmazlıqları yenidən gündəmə gətirdi. Banka əmanət yatıran fiziki şəxslər ümidlərini dövlətin sığorta mexanizminə bağladıqları halda, hüquqi şəxslərin depozitlərinin və sahibkarların vəsaitlərinin taleyi qeyri-müəyyən olaraq qalır. Sonda müştərilərin bir hissəsi maksimum dərəcədə zərərsiz, digər hissəsi isə maksimum dərəcədə pulsuz çıxır. İkincilərin pulsuz qalmasının səbəbi də məhz birincilərin limitsiz üstünlüyə malik olmalarıdır. Bütün bunlar əmanətlərin sığortalanması mexanizminə yenidən baxılmağı zəruri edir.
Azərbaycanda əmanətlər necə qorunur?
Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin tətbiqinə 2007-cı ildən başlanıb. Mexanizmin tətbiqinin hüquqi bazası 2006-cı ilin dekabr ayında qəbul edilmiş Əmanətlərin sığortalanması haqqında qanunla yaradılıb. Qanuna görə, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaqdır.
Qanun fiziki şəxslər tərəfindən banklara yerləşdirilmiş əmanətlərin qorunmasını məcburi edir. Bir şərtlə ki, həmin əmanətlərin illik faiz dərəcəsi milli valyuta üzrə 10%-dən[1], xarici valyuta üzrə 2,5%-dən çox olmasın. Ancaq sığorta mexanizminin əhatə dairəsinə düşməyən əmanətlər də var və onlar dövlət tərəfindən qorunmur.
Qorunmayan əmanətlər aşağıdakılardır:
-
-
- Hər hansı yerli bankın Azərbaycan Respublikasının ərazisindən kənarda açılmış bölmələri tərəfindən cəlb olunmuş əmanətlər;
- Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı şübhəli əməliyyatlar nəticəsində müəyyən edilmiş əmanətlər;
- Cinayətin törədilməsi nəticəsində yaranması məhkəmə qərarı ilə təsdiq edilmiş əmanətlər;
- Üzərinə həbs qoyulmuş əmanətlər;
- Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri;
- Fiziki şəxslərin bankın vəkalətli idarəetməsində olan pul vəsaitləri;
-
Sığorta hadisəsi baş verdikdə, yəni bank bağlandıqda Əmanətlərin Sığortalanması Fondu tərəfindən əmanətçiyə kompensasiya ödənilir. Əmanətlərin Sığortalanması Fondu (ƏSF) əmanətlərin sığortalanması məqsədləri üçün yaradılıb. Qanuna görə, fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. Fondun sığorta ehtiyatları əsasən bankların üzvlük və təqvim haqları hesabına formalaşır və bununla məhdudlaşmır.
Qanuna görə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Qorunan əmanətlər üzrə kompensasiya məbləğinə gəldikdə isə burda bir nüans diqqətə alınmalıdır. Çünki hazırda əmanətlərin sığortalanmasında iki mexanizm mövcuddur. Birinci mexanizm Əmanətlərin sığortalanması haqqında qanun əsasında işləyir və qanuna görə kompensasiya məbləği ən çoxu 30 min manatdır. Bu qanunun bəzi müddəaları, konkret desək, kompensasiyanın məbləğinə aid hissəsinin tətbiq qüvvəsi 2016-cı ildə dondurulub. Çünki 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində bankların bağlanması fonunda əmanət qaçışının qarşısını almaq üçün “Əmanətlərin tam sığortalanması haqqında” qanun qəbul edilərək ikinci mexanizm işə salınıb. Bu mexanizmdə şərtlər birinci mexanizmdə olduğu kimidir, sadəcə əsas fərq kompensasiyanın limitsiz, yəni 100% qaytarılmasıdır. Adıçəkilən qanun 2016-cı ildə 3 il müddətinə qəbul olunsa da, 2019-cu ildə daha 1 il, 2020-ci ildə isə 9 ay müddətinə uzadılıb. Qanun 2020-ci il dekabr ayının 4-də növbəti dəfə uzadılmasa, tam sığortalanma mexanizmi qüvvədən düşəcək və “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtləri tam olaraq yenidən qüvvəyə minəcək.
Əmanətlərin tam sığortalanması mexanizmi 2016-cı ildə verilmiş düzgün qərar idi. Çünki həmin dövrdə bankların bağlanması fonunda kütləvi əmanət qaçışı var idi və məhz bu qərar əmanət bazarında sabitliyin yaranmasında əhəmiyyətli rol oynadı. Ancaq bu mexanizm uzunmüddətli ola bilməz. Çünki o, əmanət qaçışının qarşısını əhəmiyyətli dərəcədə alaraq əksər əmanətçilərin vəsaitlərini tam qorusa da, təkmil deyil, uzunmüddətli dövr üçün bank sektoru üçün çətinliklər yarada bilər, eyni zamanda sahibkarların bağlanmış bankdakı vəsaitlərini xilas etmək imkanını minimuma endirir.
Əmanətlərin sığortalanması mexanizmində nə çatmır?
Mövcud mexanizm qorunan əmanətçiləri dəstəkləsə də, ümumilikdə bank sektoru üçün uzunmüddətli dövrdə məqbul deyil. Mövcud mexanizmin əsas çatışmazlıqlarına diqqət edək:
Əmanətlərin Sığortalanması Fondu bağlanmış bankların üstün mövqeyə malik ən böyük kreditoruna çevrilir. Hər hansı bank bağlandıqda həmin bankın müştərisi olan fiziki şəxslərin qorunan əmanətləri ƏSF tərəfindən tam qaytarılır və bununla da Fond həmin bankın kreditoruna çevrilir. “Banklar haqqında” qanunun 82-ci maddəsinə görə, bank müflis olduqda ilk növbədə əsas kreditor olan ƏSF-in vəsaitləri qaytarılır. Bankın qorunan əmanəti nə qədər çox olarsa, digər kreditorların vəsait almaq imkanı bir o qədər azalar. Çünki bağlanmış bankın aktivləri bankın kreditorları arasında növbəlik qaydasında bölüşdürülür. Bu siyahıda ən sonuncu növbə qorunmayan əmanətlərə, hüquqi şəxslərin depozitlərinə və sahibkarların vəsaitlərinə çatır. Məsələn, may ayında lisenziyası geri alınmış 4 bankda (“Amrahbank” ASC, “Atabank” ASC, “NBCBank” ASC, “AGBank” ASC) əhalinin qorunan əmanətlərinin ümumi məbləği 686 milyon manat təşkil edir. Bankların özləri tərəfindən açıqlanmış məlumatlara görə, 2019-cu ilin sonuna 3 bankın (“Amrahbank” ASC, “NBCBank” ASC, “AGBank” ASC) aktivlərinin həcmi 987,1 milyon manatdır. “Atabank” ASC-nin aktivlərinin həcmi isə 2019-cu ilin 3-cü rübünün sonuna 532,1 milyon manat olub və ilin sonuna daha da azalıb. Beləliklə, bankların açıqladıqları məlumatlara görə, 4 bankın aktivləri 2019-cu ilin sonuna ən çoxu 1,5 milyard manat olub və şübhə yoxdur ki, lisenziyanın geri alınması tarixinə qədər azalıb.[2]
Cədvəl 1. Bankların kapitalına dair məlumatlar
Bankların adı | Bankların məlumatları (milyon manat) |
Mərkəzi Bankın məlumatları (milyon manat)) |
||
Məcmu kapitalın həcmi | Kapital mövqeyinin bərpası üçün tələb olunan vəsaitin həcmi | Məcmu kapitalın həcmi | Kapital mövqeyinin bərpası üçün tələb olunan vəsaitin həcmi | |
“Amrahbank” ASC | 8,9 | 41,1 | (-) 77 | 127 |
“NBCBank” ASC | 58,6 | Tələb olunmur | (-) 24 | 74 |
“AGBank” ASC | 49,2 | 0,8 | (-) 167 | 212 |
“Atabank” ASC* | 142,6 | Tələb olunmur | (-) 214 | 264 |
Kapital mövqeyinin bərpası üçün cəmi tələb olunan məbləğ | – | 41,9 | – | 677 |
* – 2019-cu il oktyabrın 1-i tarixinə
Mənbə: AMB və Azərbaycan Banklar Assosiasiyası
Mərkəzi Bankın yanaşmasına əsaslansaq (Cədvəl 1) bankların aktivlərinin real həcminin əhəmiyyətli dərəcədə az olduğunu görmək olar. Bu yerdə bankların öhdəliklərini icra etməsinin mümkünsüzlüyü açıq-aşkar görünür. Ümumilikdə 428 milyon manat həcmində mənfi kapital olan aktivlərin 686 milyon manatı qorunan əmanətçilər üçün ƏSF-ə yönəldiləcəksə, ödəniş növbəliliyində sona qalan sahibkara və ya hüquqi şəxsə vəsaitlərini geri almaq şansı böyük bir sual altına düşür. Çünki Fond öz pulunu götürdükdən sonra növbədə digər kreditorlar – müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəflər və xərclər, iş vaxtı baş vermiş bədən xəsarəti və ya ölüm halları ilə əlaqədar bank işçilərinin tələbləri, dövlət büdcəsinə məcburi ödənişlər (vergilər, məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları) gəlir. Bu siyahıdan sonra bank müştəriləri olan sahibkarlara və hüquqi şəxslərə, o cümlədən qorunmayan əmanətçilərə pul çatması çətin görünür.
Digər problem əsas kreditor olan Fondun prosesdə ləğvedici qismində iştirakıdır. Bakı Apellyasiya Məhkəməsinin müvafiq qərarları ilə ƏSF “Amrahbank” ASC, “Atabank” ASC, “NBCBank” ASC və “AGBank” ASC-yə ləğvedici müəyyən olunub. Fond ləğvedici olmaqla yanaşı, həm də bağlanan bankların əsas kreditorudur. Fondun əsas işi əmanətçilərin pulunu verdikdən sonra öz vəsaitini geri qaytarmaqdır. Belə bir vəziyyətdə Fond maraqlı tərəf olur. Çünki öhdəliklərin yerinə yetirilməsi üçün daşınar və daşınmaz əmlakların satışında real bazar dəyərini təmin etməkdən çox, öz vəsaitlərini xilas etməyə yönəlik ucuz və sürətli satışa üstünlük verəcək.
Bankların iri kreditorlardan asılılığı artır. Əmanətlərin tam sığortalanması mexanizmi əmanətlərin müxtəlif banklar üzrə paylanmasını yox, onların bir bankda toplanmasını təmin edir və bununla da bankların iri əmanətçilərdən asılılığı artır. Müxtəlif səbəblərdən iri əmanətçilər vəsaitlərini bankdan geri çəkəndə böyük məbləğdə vəsaitin bir anlığa çıxarılması bank üçün likvidlik problemi yaradır.
Əmanət bazarında təmərküzləşmə dərinləşir. Bankların bağlanması və cəmiyyətdə bu prosesin davam edəcəyi ilə bağlı gözləntinin olması əhalini vəsaitlərini iri banklara qoymağa sövq edir. Nəticədə vəsaitlər ən böyük banklarda toplanaraq onların bazar payını daha da artırır, kiçik banklar isə resurs cəlb etməkdə çətinlik çəkərək bazarı tərk etmək təhlükəsi ilə üzləşirlər.
Qanunvericilikdə kompensasiyaların verilməsinə başlanma tarixi dəqiq göstərilməyib. “Əmanətlərin sığortalanması haqqında” qanunun 28-ci maddəsinə görə, ƏSF sığorta hadisəsinin baş verməsi barədə Mərkəzi Bankdan bildiriş aldıqdan sonra 7 təqvim günü ərzində kütləvi informasiya vasitələrində kompensasiyaların ödənilməsi yeri və vaxtı haqqında elan verir və bildiriş dərc etdirir. Burada qanunvericilik konkret olaraq kompensasiyaların verilməsi tarixini yox, kompensasiyanın verilməsi ilə bağlı elan verilməsinə münasibətdə reqlamenti müəyyənləşdirib. Qanunda yeganə olaraq Fond üzərinə kompensasiyanın verilməsinin son tarixini (əmanətçinin ərizəsini qəbul etdiyi gündən ən geci 90 təqvim günü ərzində) öhdəlik olaraq qoyub. Elə bunun nəticəsidir ki, son 10 ildə bağlanmış banklarda kompensasiyaların ödənilməsi prosesinin xeyli zaman tələb etməsi nümunələri mövcuddur. Məsələn, sığorta hadisəsi baş verdikdən 40 gün sonra “Dəmirbank” ASC-də, 35 gün sonra “Yunayted Kredit Bank” ASC-də, 18 gün sonra “Royalbank” ASC-də kompensasiyaların verilməsinə başlanıb. “Atabank” ASC və “Amrahbank” ASC-də sığorta hadisəsi 28 aprel 2020-ci il tarixində baş versə də, kompensasiyaların verilməsinə iyun ayının 1-dən – 33 gün sonra başlanacaq. Bu tarixdən etibarən kompensasiyalar 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə veriləcək. Yalnız iyulun 1-dən etibarən digər əmanətlər qaytarılacaq. Lisenziyası geri alınan sonuncu banklar “NBC Bank” ASC və “AG Bank” ASC üzrə sığorta hadisəsi 14 may 2020-ci il tarixdə baş verib. Bu banklar üzrə kompensasiyaların verilməsinə iyun ayının 16-dan – 32 gün sonra başlanacaq. Bu tarixdən etibarən kompensasiyalar 30 min manat ekvivalentinədək olan əmanətlər üzrə veriləcək. Digər əmanətlərin qaytarılmasına isə iyulun 1-dən etibarən başlanacaq.
Başqa ölkələrdə əmanətlər necə qorunur?
Əmanətlərin sığortalanması sistemi dünyanın 146 ölkəsində tətbiq edilir. Avropada 1994-cü ildə Avropa Parlamentinin və Şurasının “Depozitlərin zəmanəti sistemləri haqqında” Direktivi qüvvəyə minib. Sənədə görə, Avropa Birliyinin hər üzv dövləti ən azı bir depozit zəmanəti sistemi yaratmalıdır. Bank fəaliyyəti göstərmək üçün icazə almış maliyyə-kredit təşkilatlarının bu sistemlərdən birinin üzvü olmadan depozit qəbul etməsi və müştəri hesabı açması qadağandır. “Depozitlərin zəmanəti sistemləri haqqında” Direktivin 2014-cü ildə qəbul edilmiş yeni redaksiyasında zəmanət verilmiş depozitlərin həcmi 100 min avro ekvivalentində müəyyənləşdirilib. Kompensasiya məbləği bununla məhdudlaşmır. Bəzi depozitlər var ki, onlar ən azı 3 ay, ən çoxu 12 ay müddətinə sığortalanmaqla 100 min avrodan çox kompensasiya nəzərdə tutulub. Bu depozitlərə şəxsi evlərin satışından daxil olan vəsaitlər, əmanətçinin həyatına bağlı sosial məqsədli (əlillik, işsizlik, ölüm, pensiya, boşanma və s.) vəsaitlər, kriminal travmalara görə kompensasiyalar və ya sığorta ödənişləri daxildir.
Kompensasiyanın məbləğinə münasibətdə limitli və limitsiz olan ölkələr var. Böyük əksəriyyət limit tətbiq etdiyi halda, limit tətbiq etməyən ölkələrə də rast gəlmək olar. Limitsiz kompensasiya mexanizmi bir qayda olaraq böhran illərində müvəqqəti tətbiq edilir. Məsələn, 2007–2009-cu illərdə Avstraliya, Malayziya, Tayland, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, Avstriya və Sinqapur müvəqqəti limitsiz kompensasiya mexanizmi tətbiq edən ölkələr olublar. Hazırda Azərbaycan və Belarusda limitsiz kompensasiya mexanizmi qüvvədədir. Differensial limit tətbiq edən ölkələr də var. ABŞ və Kanadada limitlər müxtəlif hesablara, o cümlədən fərdi, birgə, pensiya, trast hesablara şamil edilir. Ancaq bank müştərilərinə başqa alətlərə vəsaitləri yerləşdirməklə standart limiti (ABŞ-da 250 min USD, Kanadada 100 min CAD) aşan kompensasiya ödənilə bilər.
Əksər ölkələrdə sığorta ancaq bank hesablarına və fiziki şəxslərin əmanətlərinə tətbiq edilir. Bu, xüsusilə də son dövlər yaradılmış sığorta sisteminə xasdır. Bununla yanaşı, sığorta müdafiəsinin tədricən kiçik və orta biznes müəssisələrinin hesablarına şamil edilməsi təcrübəsi artır. Hətta bəzi ölkələrdə bank olmayan kredit təşkilatlarında (kredit ittifaqları və kooperativlər), investisiya hesablarında olan vəsaitlər, əmanətlər və sığorta polisləri sığortanın əhatə dairəsinə aiddir.
Bəzi ölkələrdə (Azərbaycan, Argentina, İndoneziya, Qazaxıstan) yüksək faizli əmanətlər də sığortanın təsir dairəsinə düşür. Kanada, Yaponiya, Avstraliya, Braziliya və Sinqapur kimi ölkələrdə xarici valyutada olan əmanətlər və hesablar qorunmur. Almaniyada Avropa Birliyinə, Fransada isə Avropa İqtisadi Şurasına daxil olmayan ölkələrin valyutasında olan əmanətlər və hesablar qorunmur.
Diqqətçəkən məqamlardan biri də sığorta hadisəsinin baş verməsi tarixi ilə bağlıdır. Çünki kompensasiyanın verilməsi tarixi məhz həmin qərardan sonra təyin edilir. Sığorta hadisəsinin baş verməsini təsdiq edən qərarın tez verilməsi kompensasiyaya çıxış imkanını da tezləşdirir. Avropa Birliyi ölkələrində sığorta hadisəsi səlahiyyətli qurum tərəfindən kredit təşkilatının əmanətçilər qarşısısında öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmamasının tanındığı andan baş vermiş hesab olunur. Belə qərar səlahiyyətli qurum tərəfindən kredit təşkilatının öhdəlikləri icra edə bilməməsi ilə bağlı təsdiq aldıqdan ən geci 5 gün ərzində qəbul olunmalıdır. Braziliya və ABŞ-da sığorta hadisəsi bankın tənzimləyici qurum tərəfindən bağlandığı andan, Kanadada səlahiyyətli qurum tərəfindən nəzarət tədbirlərinin və ya qərarların bankın fəaliyyətini bərpa etməyə kifayət etmədiyi açıqlandığı andan baş vermiş hesab olunur. Argentina, Belarus, Hindistan, İndoneziya, Qazaxıstan, Filippin, Rusiya kimi dövlətlərdə kredit təşkilatından bank əməliyyatlarının aparılmasına verilən lisenziyanın geri alınması sığorta hadisəsi sayılır. Bəzi ölkələrdə, o cümlədən Azərbaycan, Ermənistan, Qırğızıstanda sığorta hadisəsinin baş verməsi üçün məhkəmə qərarı tələb olunur.
Kompensasiyaların ödənilməsinə başlanması müddəti də əmanətçinin öz vəsaitlərinə tez bir zamanda çıxış imkanı verən vacib məsələlərdən hesab olunur. Avropa Birliyi ölkələri üçün qüvvədə olan “Depozitlərin effektiv sığortalanması sisteminin əsas prinsipləri” adlı sənədə görə, sığorta hadisəsi baş verəndən 7 iş günü müddətində kompensasiyaların verilməsinə başlanmalıdır. Əmanətçilərin öz vəsaitlərinə çıxışının bərpası üçün ABŞ və Kanadada 1 iş günü, Braziliyada 3 iş günü, Argentinada 5 iş günü, Avstraliya, Honq-Konq, Cənubi Koreya və Sinqapurda 7 iş günü müddəti müəyyənləşdirilib. Bir sıra ölkələrdə ödənişlər sığorta qurumunun təşəbbüsü ilə yox, əmanətçinin müraciəti əsasında reallaşır. Eyni zamanda, ödənişin başlanma və bitmə tarixinə münasibətdə məhdudiyyətlər tətbiq edilir. Məsələn, Türkiyədə 20 iş günündən gec olmayaraq başlanır, əmanətçilər isə sığorta hadisəsi baş verəndən 1 il ərzində müraciət edə bilərlər. İndoneziyada ödənişlər 5 iş gününə başlayır və 3 aya bitir.
İndi isə ayrı-ayrı ölkələr üzrə təcrübələrə nəzər salaq. Rusiyada əmanətlərin sığortalanması Əmanətlərin Sığortalanması Agentliyi tərəfindən həyata keçirilir. Kompensasiya milli valyuta olan rublda verilir. Xarici valyutada olan əmanətlər Rusiya Mərkəzi Bankının kredit təşkilatının bağlandığı günə olan məzənnəsi ilə qaytarılır. Rusiyada 2014-cü ildən fərdi sahibkarların, 2019-cu ildən kiçik müəssisələr olan hüquqi şəxslərin hesabları qorunur. Hazırda parlamentdə ikinci oxunuşdan keçən yeni qanun layihəsinə görə, sığortalanmış əmanətlər üzrə kompensasiya məbləği 230 min manata (10 milyon rubla) qaldırılır. Qanuna edilmiş yeni düzəlişdə sığortanın əhatə dairəsi bir az da genişlənib. Əgər mövcud qanunvericilikdə yalnız daşınmaz əmlak alqı-satqısı üçün açılmış eskrou (ing. Escrow) hesablar və tikintidə iştirak payı müqaviləsi əsasında açılmış hesablar sığorta dairəsinə daxil idisə, yeni dəyişiklikdən sonra siyahı daha da artacaq. Qanun layihəsi qəbul olunduqdan sonra ev satışından, mirasdan, həyat və əmlak sığortası üzrə daxil olmuş vəsaitlər, sosial ödənişlər və ya subsidiyalar, məhkəmə qərarları üzrə ödənişlər də sığortalı əmanət kimi tanınacaq. Eyni zamanda, çoxmənzilli evlərin kapital təmiri üçün açılmış hesablar və depozitlər üzrə də 10 milyon rubla qədər kompensasiya almaq mümkün olacaq.
Albaniyada kompensasiya məbləği kredit institutu üzrə fərqlənir. Banklarda kompensasiya məbləği 2,5 milyon LEK (22 min USD), Əmanət-Kredit Assosiasiyalarında (Saving/Crediting Association – SCA) 2 milyon LEK (17,5 min USD) təşkil edir. Bütün əmanətlər bankın bağlandığı günə Mərkəzi Bankın rəsmi məzənnəsi əsasında milli valyutaya konvertasiya olunur. Qazaxıstanda fiziki şəxslərin depozitləri və fərdi sahibkarların depozitləri qorunur. Qazaxıstan Əmanətlərin Sığortalanması Fondu milli və xarici valyutalarda olan bütün növ depozitləri (bank hesablarında və ödəniş kartlarında olan bütün vəsaitlər) sığortalayır. Kompensasiya məbləği əmanətin növündən və valyutasından asılı olaraq dəyişir. Xarici valyutada olan istənilən depozitlər üçün 5 milyon təngə (11,9 min USD), milli valyutada olan depozitlər (əmanətlər, ödəniş kartları, bank hesabları) üçün 10 milyon təngə, milli valyutada olan yığım əmanətləri üçün 15 milyon təngə məbləğində kompensasiya ödənilir. Xarici valyutada olan əmanətlər üçün ödəniş milli vayutada lisenziyanın ləğv edildiyi tarixə olan məzənnə əsasında verilir. Ukraynada fiziki şəxslərin əmanətləri və fərdi sahibkarların vəsaitləri Depozit Zəmanəti Fondu tərəfindən sığortalanır və maksimum kompensasiya məbləği 200 min qrivna (7,5 min USD) təşkil edir. Britaniyada Maliyyə Xidmətlərinin Kompensasiyası Sxemi tərəfindən banklarda, tikinti kassalarında və ya kredit birliklərində yerləşdirilən əmanətlərə görə 85 min funt sterlinq məbləğində kompensasiya verilir. ABŞ-da əmanətlər Federal Depozit Sığortası Korporasiyası tərəfindən sığortalanır və depozitlər üçün 250 min dollar məbləğində kompensasiya verilir. Fərdi və birgə əmanətlər, pensiya yığımları, muzdlulara edilən ödənişlər, hökumət hesabları, korporasiyaların, assosiasiyaların, o cümlədən mənfəət güdən və güdməyən assosiasiyaların depozitləri də sığorta altına düşür.
Nə etməli?
Xarici təcrübələr ölkələr üzrə fərqli mexanizmlərin mövcudluğunu göstərir. Həmin ölkələrdə sığorta şərtləri bir sıra amillər əsasında müəyyənləşir: əhali gəlirlərinin səviyyəsi, bank sektorunda təmərküzləşmə səviyyəsi, ölkə iqtisadiyyatının və bank sektorunun vəziyyəti, Əmanətlərin Sığortalanması Fondunda vəsaitlərin mövcudluğu, dövlət və ya mərkəzi banklar tərəfindən əmanətlərin sığortalanması mexanizminə dövlət dəstəyinin olması imkanı və s. Əmanətlərin sığortalanması mexanizmi heç bir ölkədə təkmil deyil və proses daim inkişafdadır. Hazırda əsas tendensiya sığortanın əhatə dairəsinə düşən kontingentin genişləndirilməsi, kompensasiya məbləğinin artırılması və onun verilməsi müddətinin qısaldılması istiqamətindədir.
Azərbaycanda əmanətlərin sığortalanması mexanizminin 14 illik tarixi var. Bu müddətdə mexanizm əksər əmanətçilərin vəsaitlərini sahibinə qaytara bilib və son 4 ildə qorunan əmanətçilər vəsaitlərini tam olaraq geri ala bilir. Ancaq bütün bunlara rəğmən bank sektorunda qorunan əmanətçilərə limitsiz üstünlüyün verilməsi bankların digər müştərilərinin hüquqlarını məhdudlaşdırır və onların bağlanmış banklarda yerləşdirdikləri vəsaitlərinin xilası şansını əhəmiyyəti dərəcədə aşağı salır. Ona görə də əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsinə ehtiyac var.
Əmanətlərin sığortalanması mexanizminin təkmilləşdirilməsi üçün aşağıdakı təklifləri nəzərdən keçirmək olar:
1.Əmanətlərin tam sığortalanması mexanizmindən imtina etmək və kompensasiya məbləğinə limitin tətbiqi. Bunun üçün 2020-ci il dekabrın 4-də qüvvədən düşəcək “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddətini uzatmamaq kifayət edir.
2. Qorunan əmanətlər üçün kompensasiya məbləğinin artırılması. Kompensasiya məbləğinin həcmi hazırkı 30 min manat səviyyəsindən ən azı 70 min manat səviyyəsinə qaldırıla bilər.
3. Qorunan əmanətlərin əhatə dairəsinin genişləndirilməsi. Xarici ölkələrdə olduğu kimi, fərdi sahibkarların cari hesablarının, mənzil-kommunal xidməti göstərən şirkətlərin depozitlərinin sığortalanması təmin edilə bilər. Eyni zamanda, nağdsız ödənişləri stimullaşdırmaq üçün ödəniş kartlarında (əməkhaqqı, sosial müavinətlər, sahibkarların cari hesabları) olan bütün vəsaitlər sığortalanır.
4. Əksdollarlaşma siyasətinin davam etdirilməsi. Əhalini milli valyutada olan əmanətlərə təşviq etmək üçün xarici valyutada olan əmanətlərin sığortalanması üçün illik faiz dərəcəsi 1%-ə endirilə bilər. Digər addım kimi xarici valyutada olan əmanətlərin kompensasiya məbləğini azaltmaq olar.
5. Kompensasiya verilməsi müddətinin dəqiqləşdirilməsi və qısaldılması. Qanunvericilikdə kompensasiyanın verilməsinə başlanması müddəti konkret göstərilməlidir. Eyni zamanda, bu müddət 5 təqvim gününə kimi qısaldıla bilər.
6. Ləğvetmə prosesində şəffaflığın təmin edilməsi. Ləğvetmə komissiyasının tərkibinə ictimaiyyət nümayəndələrinin, ekspertlərin daxil edilməsi, hərracların keçirilməsi prosedurlarının şəffaflaşdırılması vacibdir. Məlumatlar Fondun saytında detallı yerləşdirilməlidir.
7. Əmanətlərin Sığortalanması Fondunun işində şəffaflığın təmin edilməsi. Fond öz fəaliyyəti barədə detallı proqram və audit hesabatlarını açıqlamalıdır. Eyni zamanda, qorunan və qorunmayan əmanətlərin həcmi, valyuta strukturu, əmanət hesabları üzrə bölgüsü və s. meyarlar üzrə statistik məlumat bazası açıqlanmalıdır.
[1] Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, 1 iyun 2020-ci il tarixindən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 10%-dən 12%-dək qaldırılıb.
[2] Banklar bağlandıqdan sonra müzakirə mövzularından biri də onların kapital çatışmazlığına dair məlumatlarının qeyri-dəqiq olması barədə idi. Banklar açıqlamalarında kapital həcmi ilə bağlı ciddi problem olmadığını göstərsələr də, Mərkəzi Bank tamam fərqli rəqəmlərə istinad edərək adıçəkilən bankların kapitallarının mənfi səviyyəyə düşdüyünü bəyan edib. Bununla da aktivlərin real həcmi barədə iki fərqli nəticə ortaya çıxıb. Bu nəticələr aktivlərin hesablanması metodologiyasına münasibətdə Mərkəzi Bankla bankların fərqli yanaşmasından qaynaqlanır.
Mənbə: Bakuresearchinstitute.org