"Azərbaycan bankları otellərin, sanatoriya-kurort mərkəzlərinin inşasında investor kimi iştirak edə bilər".
Eləcə də bax: Rusiyada ilk dəfə video bağlantılı - BANKOMATLAR QURAŞDIRILIB
FED.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev deyib.
Onun sözlərinə görə, bu məsələ bir qədər əvvəl iş adamlarının Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovla keçirdiyi görüşdə də müzakirə olunub.
"E.Rüstəmova bununla bağlı sual verdim. Hesab edirəm ki, yerli banklar turizm layihələrinin payçıları ola bilərlər. Amma bu, çox ciddi məsələdir. Həmçinin xarici investorları da həmin layihələrə cəlb etmək imkanımız var. Hazırda ölkədə biznes mühiti ilə bağlı vəziyyət müsbət istiqamətdə dəyişir. Azərbaycanda Dünya Bankının "Doing Business" hesabatının göstəriciləri əsasında islahatlar aparılır. Əvvəllər, bəlkə də, investorları nəyəsə inandıra bilməzdik, amma indi bu, asandır. Bir sıra sahələrdə, o cümlədən rəqabətlilikdə irəliləyişlərin olduğu görünür”, - o qeyd edib.
R.Quliyev həmçinin deyib ki, Azərbaycanın "Açıq səma” konsepsiyasına qoşulması turizmin inkişafına müsbət təsir edəcək: "Bir sıra xarici aviaşirkətlər Azərbaycandakı biznes qurumları ilə əməkdaşlığa can atacaqlar. Bunun üçün bank sektoru çevik olmalı, sistemdə islahatlar aparılmalıdır. Xüsusilə də zəmanət məktublarının verilməsində yerli banklarla əməkdaşlığa ehtiyac ola bilər. Bəzən görürsən ki, Beynəlxalq Hava Nəqliyyatı Agentliyinə vermək üçün zəmanət məktubu almağa görə bir bankla uzun müddət işləyirsən, amma bu sənədi verə bilmirsən. Məcbur olub başqa banka müraciət edirsən".