Uzun fasilədən sonra daha bir böyük beynəlxalq maliyyə təşkilatı Azərbaycan maliyyə bazarına Bank Respublika ilə qayıtdı! Bank Respublika Beynəlxalq Maliyyə Korporasiyası (IFC) ilə valyuta üzrə svop-sazişi imzalayıb.
FED.az xəbər verir ki, bu saziş, banka müştərilərini valyuta risklərindən sığortalamağa və yerli valyutada maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırmağa şərait yaradacaq.
Müqaviləyə əsasən, Bank Respublika və IFC, valyuta svopu üzrə əməliyyatları Beynəlxalq Svop və Derivativlər Assosiasiyasının (ISDA) Təməl Müqaviləsinin şərtlərinə uyğun olaraq həyata keçirəcəklər. Bu, banka ABŞ dolları ilə denominasiya edilmiş vəsaitlərinin hedcinqini, bununla da aktivlərin və öhdəliklərin daha yaxşı idarə edilməsini mümkün edəcək. Valyuta svopu əməliyyatları həyata keçirərək, Bank Respublika müştəriləri üçün uzunmüddətli maliyyə resurslarına çıxışı yaxşılaşdıracaq, yerli müəssisələrə böyüməyə və iş yerləri açmağa kömək edəcək.
““Mikro, kiçik və orta sahibkarlıq seqmentlərində Azərbaycan maliyyə bazarının liderlərindən biri olan Bank Respublika, öz müştərilərini dəstəkləyərək, onları ölkə iqtisadiyyatının inkişafına töhvə verməsinə təşviq edir. IFC ilə imzalanmış saziş bankımıza müştərilərimizi yerli valyutada sərfəli şərtlərlə maliyyələşdirilməsini genişləndirməyə imkan verəcəkdir”, – deyə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qeyd edib.
“Biz bundan sonra da Azərbaycana özəl sektorun imkanlarından istifadə etməkdə köməklik göstərməyə davam edəcəyik və bizim çoxdankı tərəfdaşımız olan Bank Respublika ilə bağlanmış müqavilə bu strategiyanın tərkib hissəsidir. Bu strategiya eyni zamanda qeyri-neft sektorunun artımını təmin etmək üçün Azərbaycanın ölkə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş səyləri ilə üst-ustə düşür”, – deyə IFC-nin iqtisadiyyat və özəl sektorun inkişafı üzrə vitse-prezidenti Hans Piter Lankes vurğulayıb.