2023-cü ilin ilk 2 ayının yekunları üzrə Azərbaycanın bank sektorunun vəziyyəti açıqlanıb.
Bank sektorunda çalışanların sayı - 23 MİN NƏFƏRİ KEÇDİ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən bank sektorunun əsas göstəricilərini təqdim edir.
490 filial, 23 min əməkdaş
28 fevral 2023-cü il tarixinə fəaliyyət göstərən 25 bankın filiallarının sayı 490, şöbələrinin sayı 94, ATM-lərin sayı 3,003 olub. Fevral ayında bank sektorunda çalışanların sayı 0,7% və ya 170 nəfər artaraq 23,040 nəfər təşkil edib. Ümumilikdə son bir ildə bankda işləyənlərin sayı 2200 nəfər artıb.
Bankların aktivləri 19%, öhdəlikləri 19,6% artıb
Fəaliyyətdə olan bankların cəmi aktivləri 45 milyard 708,6 mln. manat, cəmi öhdəlikləri 39 milyard 972,5 mln. manat, balans kapitalı 5 milyard 736,1 mln. manat olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə bankların cəmi aktivləri 18,8%, öhdəlikləri 19,6%, balans kapitalı 13,3% artıb.
Kredit portfeli 15% böyüyüb
Fevral ayında bankların kredit portfeli 87,4 mln. manat artaraq 0,4% artaraq 19 milyard 757,4 mln. manat olub. 2022-ci ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 2,6 milyard manat və ya 15% artıb.
Kredit portfelində biznes kreditlərinin payı azalır
Mərkəzi Bankın məlumatına görə, 2023-cü ilin ilk iki ayının yekununa ölkə banklarının kredit portfelində biznes kreditlərinin payı azalıb. Belə ki, hazırda kredit portfelində biznes kreditləri – 54,8% (10,835.6 mln. manat), istehlak kreditləri – 29.7% (5,863.6 mln. manat), ipoteka kreditləri – 15.5% (3,058.2 mln. manat) təşkil edir. 2022-ci ildə isə biznes kreitlərinin payı 58%-dən artıq idi.
Probleimli kreditlər 3% təşkil edib.
Cəmi kredit portfelində (BOKT-lər və kredit ittifaqları daxil olmaqla) vaxtı keçmiş kreditlərin payı əvvəlki ilin müvafiq dövrünə nəzərən 0.9 faiz bəndi azalaraq 3% təşkil etmişdir.
Öhdəliklərin 81%-m depozitlərdir
Öhdəliklərin strukturunda depozit portfeli üstünlük təşkil edir (cəmi öhdəliklərin 81.5%-i və ya 32,560.8 mln. manat). Depozit portfelinin 64.2%-ni (20,906.9 mln. manat) hüquqi şəxslərin depozitləri, 35.8%-ni (11,653.9 mln. manat) fiziki şəxslərin depozitləri (əmanət portfeli) təşkil edir.
Əmanətlər 1 milyard dollar ekvivalentində artıb
Fevral ayında bankların əmanət portfeli (sahibkarlıqla məşğul olan fiziki şəxslər istisna olmaqla) əvvəlki ilin müvafiq dövrünə nəzərən 18.1% və ya 1,784.2 mln. manat artaraq 11,653.9 mln. manat olmuşdur. Əmanət portfelinin 54.4%-i (6,336.1 mln. manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 18,062.2 mln. manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 86.4%-ni təşkil etmişdir.
Dollar əmanətlərinin payı bir qədər də azalıb
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması fevral ayında ilin əvvəlinə nəzərən 0.5 faiz bəndi, əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 1.7 faiz bəndi azalaraq 38.7% təşkil etmişdir.
Banklar 2 ayda 155 milyon manat qazanıblar
2023-cü ilin yanvar-fevral aylarında banklar 155.7 mln. manat xalis mənfəət, 250.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 45% və 55% artmışdır.