Azərbaycanın aparıcı banklarından olan «Yelo Bank»da yeni menecment işə başlayandan keçən bir il ərzində 67-70 milyon manatlıq problemli borcun geri qaytarılmasına nail olunub.
Eləcə də bax: Bank sədrləri Şuşaya səfər edəcəklər - KONFRANS KEÇİRİLƏCƏK
Bu barədə FED.az-a «Yelo Bank»ın idarə heyətinin sədri Anar Həsənov bildirib. Onun sözlərinə görə, yeni menecmient işə başlayanda bank böyük məbləğdə problemli kreditlə təhvil alıb: «Gəlib işə başlayanda gördük ki, burada böyük bir problemli kredit portfeli var, hansı ki, demək olar işlənilməyib və bu işlə ciddi məşqğul olmağa başladıq».
Problemli kreditlərin yığılmasına ciddi diqqət yetirilib: «Biz problemli kreditlərin yığımını təkmilləşdirdik, yığım prosesini sistemə saldıq. Problemli kreditləri qruplaşdırdıq, korporativ kreditlər, kiçik kreditlər və sair. Müştəriərlə əlaqələr və keyslərin araşdırılmasına başlandı, hər problemli kredit keysi təhlil edildi. Paralel olaraq müştərilərə fərdi yanaşma tətbiq edildi. Kreditlərin bəzi hissəsi restrukturizasiya edildi».
Araşdırma göstərib ki, bəzi müştərilər kredit qaytarmaq imkanı olsa da, müxtəlif bəhanələrdə bundan yayınıblar: «Məlum oldu ki, bəzi müştərilər hətta imkanları olduğu halda belə müxtəlif bəhanələrdən, məsələn pandemiyadan istifadə edərək kredit ödəmirdilər».
Nəticədə elə ilk aydan problemli kreditlərin sürətli qaytarılması prosesi başlayıb: «2021-ci ilin ilk ayında 4 milyon manat qaytardıq, ən az kredit qaytarılan ay 3,5 milyon manat olub. Təkcə sentyabr ayında 11 milyon manat problemli kredit qaytarıldı».
Nəticədə ümumilikdə 2021-ci ildə 70 milyon manata yaxın problemli sayılan kredit qaytarılıb. «Həmin vəsaitlərin qaytarılması banka çox ciddi müsbət təsir göstərdi. Bununla həm yeni kreditlər verildi, həm də ehtiyatlardan ayırmalar azaldı və bankın mənfəəti bərpa olundu».